“Polis məni sürüdü, vurdu, üzümə tüpürdü“ - 210 milyon dollarlıq iddia

12 İyul 2013 18:10 (UTC+04:00)
ABŞ-da keçirilmiş gözəllik müsabiqələrindən birində qalib gəlmiş qız polisi məhkəməyə verərək milyonlarla dollarlıq təzminat istəyir.

Milli.Az CBS-yə istinadən bildirir ki, Nyu-York ştatındakı Vestçester şəhərində keçirilmiş "Miss Westchester" gözəllik yarışının qalibi, 19 yaşlı Kristi Ebrunun dediyinə görə, kiçik bir yol-nəqliyyat qəzasından sonra polis onu istintaq təcridxanasına salıb.

Kristinin söhlərinə görə, polis onunla yanaşı, 38 yaşlı anası Kendi Paradeslə də çox pis davranıb.

"Bizi qatı cinayətkarların yanına saldılar, heyvan kimi davrandılar. Sonra kameranı bağlayıb kiçik pəncərədən baxıb hırıldadılar", - Kristi deyib.

Onun sözlərinə görə, anası ilə maşında olarkən polis onların avtomobilini saxlayıb. Polis əməkdaşları kompüter-axtarış sistemindəki yanlış məlumata əsaslanaraq, Kristinin oğurlanmış maşın sürdüyünü düşünüblər.

"Bizi 20 polis saxlamışdı. Maşından sürüyüb düşürdülər, vurdular, üzümə tüpürdülər. Sonra 32-ci polis idarəsinə apardılar", - deyə Kristi söyləyib.

Gözəllik kraliçası Nyu-York Polis Departamentindən mənəvi təzminat qismində 210 milyon dollar tələb edir.

AzNews.az