“Microsoft“ ABŞ-ın casusu imiş

12 İyul 2013 18:50 (UTC+04:00)
Halbuki kampaniyanın yeni şüarı belə idi: "Sizin gizliliyiniz bizim üçün vacibdir"

Microsoft öz istifadəçilərinin izlənməsinə və Milli Təhlükəsizlik Agentliyinə (MTA) öz şifrə kodlarından keçməyə imkan yaratmaqla Amerika xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir. FaktXəbər-in verdiyi məlumata görə, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden bununla əlaqədar olaraq sübut kimi sənədlər də göstərib.

Bu materiallarda Silikon vadi ilə xüsusi xidmət orqanlarının əməkdaşlarının son üç illik əməkdaşlıqları geniş təsvir olunub. Sənəddə çox məxfi PRİSM proqramının işinə də müəyyən aydınlıq gətirilib. Qeyd edək ki, bu proqram iri saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

Sənədlərə əsasən, Microsoft Outlook.com portalının çatına və məktublarına giriş üçün MTA-ya öz kriptoqrafik müdafiəsindən keçməyə imkan yaradıb. Bundan əlavə, bütün dünyada 250 milyon istifadəçiyə sahib olan SkyDrive servisinin gizli fayl anbarına birbaşa giriş üçün xüsusi xidmət orqanlarına izn verib.

The Guardian ABŞ Baş prokurorluğunun Microsoft kompaniyasına əməkdaşlıq barədə direktiv təqdim etdiyini bildirib.

May ayında Snoudenin PRİSM proqramı barədə məlumatları dərc edərkən Microsoftun da adı hallanmışdı. O zaman kampaniya ancaq müəyyən müştərilər barədə və hökumətin sorğusu əsasında məlumatlar verdiyini, xüsusi xidmət orqanların onların servisinə birbaşa girişi olmadığını demişdi.

Qeyd edək ki, istifadəçilərin dinlənilməsi və izlənilməsi qalmaqalı ən çox Microsoft-a təsir edib. Çünki kompaniyanın aprel ayında başlayan yeni kampaniyasının şüarı belə idi: "Sizin gizliliyiniz bizim üçün vacibdir".

AzNews.az