Ölü uşaq 3 saat sonra dirildi

13 İyul 2013 14:57 (UTC+04:00)
Həkimlər uşağı morqa göndərməyə hazırlaşandada balaca Yasmin Qomes nəfəs almağa başlayıb.

Braziliyanın cənubundakı Londrina şəhərindəki "Lincoln Graca hospital"da uşağı tibb bacısı xilas edib.

Həmin qadın uşağı morqa yollamağa cəsarət etməyib və nəfəs almayan körpəni xəstəxana ərazisindəki balaca kilsəyə aparıb.

Üç saat sonra uşağın nənəsi Elza Silva hospitala gəlib və körpəni morqa aparmaq istəyib. O, kilsəyə girəndə qızı sağ görüb.

Balaca qız əl-ayaqlarını tərpədirdi.

"Bunun baş verdiyinə əvvəlcə inana bilmirdim. Sonra əmin olduq ki, uşaq nəfəs alır. Ətrafdakı insanlarla qucaqlaşdıq, "O sağdır, sağdır!" qışqırmağa başladıq", - Elza Silva deyib.

Balaca Yasmin Qomes normal doğulsa da, dünyaya gələndən az sonra onun tənəffüsü dayanıb. Həkimlərin bütün səylərinə rəğmən, tənəffüs bərpa olmayıb. Belədə uşağın valideynlərinə balacanın ölümü ilə bağlı arayış verilib.

22 yaşlı ana Cennifer da Silva Qomes deyir: "Həmin an dünya başıma fırlandı. Bütün arzularım puç olmuşdu".
Tibb bacısı Ana Klaudia Oliveyra isə and-aman edir ki, balaca Yasmin ölmüşdü.

"Göz bəbəkləri işığa reaksiya vermirdi. Bütün göstəricilər uşağın öldüyünü göstərirdi. Bədəni gömgöydü, nəfəs almırdı. And olsun Tanrıya ki, ölü idi. Hər şeyə rəğmən o, balaca mələyə oxşayırdı və buna görə də qızı morqdan əvvəl kilsəyə apardım", - Oliveyra deyib.


AzNews.az