Müsavatdan Milli Şuraya xəbərdarlıq: “Əxlaqsız açıqlamalara son qoyulmaldır”

13 İyul 2013 11:23 (UTC+04:00)
"Partiya tərəfindən mənim namizədliyim irəli sürülüb. Seçki qərargahı yaradılıb, seçki işinin təşkili yüksək səviyyədə aparılır. Bu gün Milli Şura mövcuddursa, buna səbəb Müsavat Partiyasının dəstəyidir. Milli Şuranın bəyannaməsi qəbul edilərkən, biz Müsavat olaraq bildirdik ki, bəyannamədə qurumun hədəfləri açıq-aşkar göstərilməlidir. Milli Şuranın tərkibi ilə bağlı fərqli yanaşmalar var idi. Burada biz həmkarlarımız və müttəfiqlərimizin mövqeyini nəzərə alaraq, böyük bir birliyin yaradılmasına razılıq verdik. Amma bundan əvvəl biz Milli Şurada real müxalifətin təmsil olunmasını istəyirdik".

AzNews.az-ın musavat.com-a istinadən xəbərinə görə, bu sözləri Müsavat Partiyasının Məclisinin bu gün keçirilən iclasında İsa Qəmbər deyib. O bildirib ki, MŞ-in vahid namizədi olan Rüstəm İbrahimbəyovun dəstəklənməsini açıq şəkildə bəyan ediblər: "İndi vahid namizədin qeydə alınmaması baş verə bilər və real müxalifət seçkidən kənarda qala bilər. Boykota meylli qüvvələr isə hələ də mövcuddur. Seçki üçün demokratik mühit lazımdır və bu bizim fəaliyyətimizdən, seçki kampaniyamızdan keçir. İndi bəzi qüvvələr açıq şəkildə təbliğat apararaq bildirdilər ki, guya Müsavat Partiyası Milli Şuranın namizədinin qeydə alınmaması üçün çalışır. Seçkiyə getmədən cəmiyyətin fəallığına nail olmaq olmaz. Bizim üçün həlledici məqam vahid namizədin qeydə alınmasıdır".

İsa Qəmbər bildirib ki, Rüstəm İbrahimbəyovun namizdəliyinin qeydə alınması üçün Müsavat Partiyası əlindən gələni edəcək: "Hər kəs məsuliyyətini bilməlidir. Partiya ilə bağlı səsləndirilən əxlaqsız açıqlamalara son qoyulmalıdır. Azərbaycan xalqının xoşbəxtliyi üçün həqiqətə, haqqa və xalq xidmətdən başqa bir yol yoxdur".

Çıxış edən Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, bəzi qüvvələr bir tərəfdən hakimiyyətə, digər tərəfdən isə İsa Qəmbərə qarşı mübarizə aparırlar: "Biz heç vaxt seçkiləri boykot edərkən uğurlara nail olmamışıq. Bunu bir neçə dəfə etmişik və seçkidən kənarda qalmışıq. Müsavat Partiyası bu seçkidə iştirak etməkdə maraqlıdır. Bizim taktikamız seçkilərdə iştirakdır və bu yöndə fəaliyyətimiz tam sürətlə davam edir. Biz Rüstəm İbrahimbəyovun Azərbaycana gələrək, vahid namizəd kimi seçki kampaniyası keçirməsində maraqlıyıq".

Anar
AzNews.az