İlham Mirzəyevi hansı məmur hədələyir?

15 İyul 2013 08:31 (UTC+04:00)
Keçən ay peşə fəaliyyətinə görə silahlı basqına məruz qalan məşhur teleaparıcı və psixoloq İlham Mirzəyev ailəsi ilə birlikdə qorxu və vahimə içində yaşayır.

Teleaparıcı ANS PRESS-ə açıqlamasında, ona təcavüz edərək ölümlə hədələyən şəxsin hələ də azadlıqda olduğundan narahatlığını bildirib: "Mənim ailəm, iki övladım, həyat yoldaşım, anam və özüm bu dəqiqə stress, qorxu və həyəcan içində yaşayırıq. Anam şəkər xəstəsi olduğundan bu yaşananlar üzündən bir neçə dəfə komaya düşüb. Çünki bu insan azadlıqdadır. Qorxmadan 3 nəfərlə maskalanıb silahla mənə təcavüz edən bir insandan hər şey gözləmək olar. Mən prezidentimin, dövlətimin , xalqımın, vətənimin yolunda şəhid olmağa belə hazıram. Və özümü xoşbəxt sayaram. Amma hansısa nadanın bıçağının və yaxud da başqa silahının qurbanı olsam mənim qəbrim də od tutub yanar".

Hadisə ilə bağlı Yasamal Rayon Baş Polis İdarəsində cinayət işi açılıb. İlham Mirzəyevin şikayəti əsasında qarşı tərəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluq və ölümə qəsd maddələri ilə iş açılıb. Teleaparıcının sözlərinə görə təqsirləndirilən şəxs hədələrlə, şantajla ondan şikayətini geri götürməsini tələb edir.

"Hadisədən əvvəl hər gün zəng vurub məni təhqir edib, hədələyirdi. Bu hadisə baş verdikdə mən hüquq-mühafizə orqanlarına şikayət etdiyim üçün bir neçə gün ondan səs-soraq çıxmadı. Amma yenə də məni narahat etməyə başlayıb. Məndən şikayətimi geri götürməyimi istəyir. Şikayətimi geri götürməyəcəyim təqdirdə məni şərləyəcəyini deyir. Evimə narkotik və ya silah atmaqla hədələyir", - deyən İlham Mirzəyev nə edəcəyini bilmir.

Çarəsiz halda olan tanınmış teleaparıcı gecə-gündüz xof içində yaşadığını deyir: "Başa düşə bilmirəm nəyi gözləyirlər. Mən öləndən və övladlarıma bir şey olduqdan sonra polislər onu həbs edəcəklər? Tibbi ekspert öz rəyini verib, şahidlər dindirilib və mən zərərkçəkmiş kimi tanındım. Cinayət işi açılmağına baxmayaraq, o təqsirkar, mən zərərçəkmiş kimi tanınmağıma baxmayaraq bu adam hələ də azadlıqdadır. Deyir ki, onsuz da mən Rusiyada işlərimi düzüb qoşmuşam. Səni və ya ailəndən birini öldürüb qaçıb gedəcəm ora. Mən biznesmenəm, yetərincə pulum var. Pulum varsa istədiyimi ede bilərəm.

O, Azərbaycanda mötəbər bir şəxsin adından istifadə edir. Amma mən istəmərəm ki, hansısa məmurun adından istifadə edib haqsızlıq törətsinlər. Bəlkə də o məmurun heç baş verənlərdən xəbəri yoxdur. Bir az gözləyəcəm, vəziyyətin gedişatı məni qane etməsə həmin məmurun adını mətbuata açıqlayacam. Qoy, xəbəri olsun ki, onun adı ilə nə işlər görülür.

Mən dövlətimizə, qanunlarımıza, ən başlıcası da ölkə başçımıza inanıram. Xalqımı sevirəm, 22 ildir bu xalqa xidmət edirəm. İnanıram ki, prezidentim və dövlətim məni bu nadanın əlində qoymayacaq".

İlham Mirzəyev mediaya müraciət edərək, köməyə ehtiyacı olduğunu bildirib: "Media 4-cü hakimiyyətdir. Əgər siz bu məsələni nəzarətdə saxlasanız, inanıram ki, haqq-ədalət yerini tutacaq. Ey 4-cü hakimiyyət, mən sizdən kömək gözləyirəm və üzümü tuturam bütün Azərbaycan mediasına, mənə dəstək olun, mən sizə güvənirəm. Əgər bu gün belə bir iş mənim başıma gəlibsə, deməli heç bir jurnalist bundan sığortalanmayıb."

Teleaparıcı hüquq-mühafizə orqanlarına da üz tutaraq sözünü deyib: "İndi sözüm sizədir, cənab orqan işçiləri, hansınızınsa övladı mənimki kimi sui-qəsdə məruz qalsaydı, mənim kimi təhqirə və təzyiqə məruz qalsaydınız, artıq həmin şəxsi həbs etmişdiz. Məni də bir ana dünyaya gətirib, mən də insanam, mən də atayam. Bu yaşımda iki övlad tapmışam, onları əzab-əziyyətlə böyütmüşəm. Sizdən artıq dərəcədə rica edirəm, məni hansısa bir nadanın badına verməyin..."

AzNews.az