Qoyunun hesabına adam olmaq

15 İyul 2013 08:37 (UTC+04:00)
Sovet hökuməti çalışırdı ki, hamının ali təhsili olsun.

Hətta kolxozçuları da gecə məktəblərinə cəlb edirdilər ki, yazıb-oxumağı öyrənsinlər. Fəhlə-kəndli hökumətində ən ağır vəziyyətdə yaşayanlar elə fəhlə və kəndlilər idi. Buna görə də hamı istəyirdi ki, əlində diplomu olsun...

Yadıma gəlir, bizim kənddə övladına ali təhsil verməyən valideynlərə pis gözlə baxırdılar. Sovet təhsil sistemi ədalətsiz olduğu üçün savadı olan da, olmayan da rüşvət verib, tələbə bileti ala bilirdi. Yay gələndə bizim kənddə mal-qaranın "soyqırımı" baş verirdi. Kəndlilər inəklərini satıb, övladlarını ali məktəbə düzəldirdilər. Bu prosesdə qoyunların rolu daha böyük idi. Yüz qoyunun kəsilən başı hesabına bir yekəbaş ali məktəb auditoriyasına daxil olmaq hüququ qazanırdı.

Sovet hökuməti çoxdan dağılsa da, biz hələ də o dövrün streotiplərindən xilas ola bilməmişik. Bəzi valideynlər övladlarının ali təhsil alması üçün yenə də min bir hiləyə əl atırlar. Savadı olmayan abituriyentlərin əksəriyyəti özəl universitetlərə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına üz tuturlar. Ötən il bir qohumum 71 balla İdman Akademiyasına qəbul olundu. Rüşvət hesabına İdman Akademiyasından məzun olan ən azı 10 nəfər tanıyıram. Bu adamların əksəriyyəti rüşvət verib sözügedən ali məktəbə qəbul olunduqları kimi, dörd il ərzində qiymətlərini də pulla yazdırıblar. Həmin 10 nəfərin heç biri öz ixtisasına uyğun işləmir. İdman müəllimi olan bu adamların çoxu indi Bakıda taksi sürür. Amma sürücülük kurslarında təhsil almadıqları üçün yol hərəkəti qaydalarını tez-tez pozur və aylıq qazanclarının yarısını cərimələri ödəməyə sərf edirlər. Halbuki vaxtında ataları onları sürücülük məktəblərinə düzəltsəydi, həm dörd il ali məktəb müəllimlərinə verdikləri pul ciblərində qalar, həm də yaxşı avtomobil idarə edərdilər.

Son günlər Bakı küçələrində ali məktəblərə qəbulla bağlı elanların sayı artıb. Bir şirkət Ukrayna universitetlərinə imtahansız qəbul həyata keçirir. Bu o deməkdir ki, ömründə bircə vərəq kitab oxumayan adam pul verib, universitet tələbəsi ola bilər. Dağıstan universitetlərindən məzun olan gənclər tanıyıram ki, rus dilində iki kəlmə danışa bilmirlər. O cümlədən, bircə dəfə Ukraynada olmayıb, amma cibində bu ölkənin ali məktəblərinin diplomunu gəzdirən adamlar var.

Atalarının bazara çıxardığı mal-qaranın, qoyun-quzunun hesabına universitetə daxil olan bu adamların hamısı potensial taksi sürücüləridir. Halbuki taksi sürmək üçün hansısa özəl universitetin diplomunu daşımağa ehtiyac yoxdur. Şəxsən mən taksiyə minəndə sürücünün diplomuna yox, qət edilən məsafəyə görə pul ödəyirəm...

Qafqazinfo.az