DİN yol qəzalarını gizlədir – Nazirlik rəsmisindən şok açıqlama

15 İyul 2013 10:27 (UTC+04:00)
Hər gün ölkədə bir neçə qəza hadisəsi qeydə alınır. Qəza xəbərlərinin gündəlik həyatımızda kifayət qədər çox və sarsıdıcı olmasına baxmayaraq, sanki qəza xəbərlərinin baş vermə sürəti ilə Baş Dövlət Yol Polisi İdarəsinin dyp.gov.az ünvanlı rəsmi saytının operativliyi tərs-mütənasiblik təşkil edir. Belə ki, qurumun rəsmi saytına əsaslansaq, ölkədə sonuncu yol nəqliyyat hadisəsi iyulun 1-də baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev qurumun rəsmi saytına biganə münasibəti maraqlı arqumentlə əsaslandırıb. O, AzNews.az-a açıqlamasında sayta yalnız ağır yol nəqliyyat hadisələrinin yerləşdirildiyini söyləyib: "Rəsmi saytımıza 2 və daha artıq insanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisələrini yerləşdiririk. Bir ölüm və xəsarətlərlə müşahidə olunan qəza xəbərlərini saytda yerləşdirməyə ehtiyac görmürük. Qəzalar olur ki, orada xəsarət alanların xəstəxanaya getməsinə ehtiyac olmur. Ya da xəsarət alanlar qəzadan bir müddət sonra dünyasını dəyişir. Bu proseslərin hamısını ardıcıllıqla sayta yerləşdirməyə lüzum görmürük".

Kamran Əliyev faktiki ölüm hallarının sayının saytda verilən statistikadan fərqləndiyini də etiraf edib: "Hesabat dövrü ümumi verilir. Ona görə də, bəzən həmin statistikada göstərilən 20 ölüm - faktiki 80 olur".

Amma qeyd edək ki, bir neçə gün öncə, Bakıdan o qədər də uzaqda olmayan və 3 nəfərin ölümü ilə nəticələnən yol hadisəsi baş verib. Hadisə iyulun 10-da saat 8:00 radələrində aeroport şosesində qeydə alınıb. Sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ancaq bu ağır yol nəqliyyat hadisəsi də saytda yerləşdirilməyib.

Bütün bunlar deməyə əsas verir ki, internet əsri, elektron hökumətin formalaşması prosesi hələ daxili işlər orqanlarına gəlib çatmayıb.

Xatırladaq ki, ölkədə baş verən cinayət və qəza hadisələri barədə məlumatların ötürülməsində Daxili İşlər Nazirliyinin din.gov.az ünvanlı rəsmi saytı da geri qalır. Bu saytda axırıncı press-reliz iyulun 8-də, kriminal xronika isə 12-də qoyulub.

Son olaraq onu da qeyd edək ki, hətta yuvarlaqlaşdırılmış statistika da baş vermiş yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olanların sayında artım olduğunu göstərir. Belə ki, bu il yol nəqliyyat hadisəsinin sayı 2 fakt (0,1faiz) və həlak olanların sayı 152 nəfər (15 faiz) ötən ilkindən çoxdur.

Ruhiyyə
AzNews.az