9 şadlıq sarayı cərimələndi

15 İyul 2013 12:49 (UTC+04:00)
Bu ilin 6 ayı ərzində 9 şadlıq sarayının anbarında mənşəyi məlum olmayan üzərində istehsal tarixi, istifadə müddəti göstərilməyən kustar üsulla konservləşdirilmiş mürəbbələr, marinadlar, şampinyon göbələyi, turşular, həmçinin istehsalçı müəssisə və istehsal tarixi olmayan dondurmalar, biskvitli tortlar, mənşəyi məlum olmayan ət, balıq, toyuq məhsulları aşkar olunduğundan və işçilərin normativ sənəd üzrə müəyyən edilmiş müddətdə tibbi müayinədən keçməməsi kimi nöqsanlar aşkarlandığından bu obyektlər cərimələnib.

AzNews.az-ın modern.az-a istinadən xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O bildirib ki, standartlar tətbiq ediləndən bu günə kimi şadlıq sarayları arasında standartların tələblərinə riayət edınlər və pozanlar olub.

Komitə rəsmisinin sözlərinə görə, şadlıq saraylarının fəaliyyətinə, istehlakçılarla münasibətlərinə, ümumiyyətlə keyfiyyətli ərzaqla təminatına dair tələblər müəyyənləşib və bu tələblər standartlarda öz əksini tapıb: "Sağlamlıq, istirahətlə bağlı olan bəzi məsələləri akustika, oturacaqlardakı məsafə, sayı, rəqs maydançasının sahəsi standartlarda əks olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənziləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti standartlar tətbiq olunduqdan sonra bütün şadlıq saraylarına bildirişlər göndərib. Həmin bildirişlərdə həm standartın tələbləri, həm də sahibkarlardan həmin standartın tələblərinə uyğun fəaliyyətlərini tənzimləmələri tövsiyə olundu. Bildirişlər göndəriləndən bir müddət sonra monitorinqlərə başlanıldı. Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qanun pozuntuları aşkarlandı. Əvvəlcə, məqsədimiz aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı iradnamə və vaxt verərək bu iradların aradan qaldırılması istiqamətində tövsiyələr oldu. Bəzi sahibkarlar bu iradları aradan qaldırsalar da, bəziləri buna maraq göstərmədi. Monitorinqlər zamanı nöqsanları aradan qaldırmayanlar İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimələndi. Laborator müayinələrinə əsasən, mənfi çıxan məhsulların istehsalı həmin iaşə obyektlərində qadağan olundu. Monitorinqlər bu gün də davam edir".

Son illər şadlıq saraylarının standartlara uyğun tikildiyini deyən Fazil Talıblı onu da bildirdi ki, yanvar ayından 1 iyul tarixinə qədər olan yoxlamalarda 9 şadlıq sarayı standartın tələblərini pozduğuna görə cərimələniblər: "Əksər müəssisələrin anbarında mənşəyi məlum olmayan, üzərində istehsal tarixi, istifadə müddəti göstərilməyən məhsullarla yanaşı, saxlanma şəraiti standartlara uyğun olmayan bişmiş və çiy məhsulların, yuyucu vasitələrin bir yerdə saxlanılması, işçilərin normativ sənəd üzrə müəyyən edilmiş müddətdə tibbi müayinədən keçməməsi kimi nöqsanlar aşkarlanıb"

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını təsdiq edib.

Dövlət standartının tətbiq vaxtı 1 yanvar 2013-cü il tarixdən müəyyən edilib.

AzNews.az