Rəsul Quliyev Eldar Namazovla görüşündən danışdı

16 İyul 2013 09:34 (UTC+04:00)




Milli Məclisin sabiq sədri, hazırda Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla yaxın günlərdə görüşəcəyini bildirib.

Eks-spiker Modern.az saytına açıqlamasında qeyd edib ki, Eldar Namazovla görüşsə də bu, onun üçün tarixi hadisə deyil. "Eldar Namazovla çox ehtimal ki, görüşəcəyik. Ancaq Eldar Namazovla görüş elə bir tarixi hadisə deyil. Mən zaman-zaman seçkilərin keçirilməsi ərəfələrində Etibar Məmmədov, Əli Kərimli, İsa Qəmbər, Rüstəm İbrahimbəyov və bir çox adları çəkilməyən insanlarla görüşmüşəm və bunu gündəlik bir iş prosesindən başqa cür qiymətləndirmirəm. Bu görüş də mənim üçün adi bir görüşdür. Elə də ciddi, tarixi görüş kimi sayılmamalıdır"-deyə eks-spiker vurğulayıb.

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iyulun 14-də ABŞ-a səfər edib. Səfər çərçivəsində E.Namazov ABŞ Konqresində keçiriləcək dinləmələrdə iştirak edəcək.

AzNews.az