Antarktidada nələr olur

16 İyul 2013 12:54 (UTC+04:00)
"Turan" İnformasiya Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin keçən ilki gəlirləri üzrə araşdırma aparıb, ortaya qəribə mənzərə çıxıb.

Təsəvvür edin, ötən il neft çıxarılması azalıb (bu problem hətta prezident İlham Əliyev və bp şirkəti arasında qalmaqala səbəb olmuşdu), dünya bazarında neftin qiyməti də sabit qalıb, ancaq ARDNŞ-nin gəlirləri artıb. Bəs bu necə olub? Molla Nəsrəddin demişkən, bu ətdirsə, pişik hanı, pişikdirsə ət hanı?

Agentlik bu qəribə artımın səbəblərini izah eləməyə çalışıb. Həqiqətən müəmmalı və böyük artımdır: 2012-ci ildə şirkətin gəlirləri 2,7 milyard manatdan 10,1 milyard manata qalxıb. Araşdırmaya görə bu artım "SOCAR Trading"in gəlirlərini də balansa daxil etməklə bağlıdır. İsveçrə hökuməti dünya xammal satıcılarını buna məcbur edib. Gəlirlər gizli qalmasın, korrupsiya, gizli iqtisadiyyat olmasın deyə.

Əslində bu saat bizim ARDNŞ adıyla tanıdığımız dövlət şirkətindən əsər-əlamət qalmayıb, hakimiyyətdəkilər bunu "SOCAR" adına çeviriblər və bir gün "lələ köçüb yurdu qalanda" heyrətlənməyin. Büdcəsində milyardlar fırlanan, rəhbəri gülməli və anonim fiqur olan Valeri Qolovuşkin qoyulan "SOCAR Trading" məhz belə oğurluq mexanizmlərinin nəticəsidir.

Primitiv mexanizmdir: ARDNŞ neft hasilatı rəqəmlərini gizli saxlayır, camaatda elə rəy yaradır ki, guya neft satışı ilə məşğul deyil, bu işə "SOCAR Trading" cavabdehdir. Bu "SOCAR Trading"in təsisçilərindən isə yalnız biri ARDNŞ-dir, qalanları ofşor şirkətləridir, onların da kimə məxsus olması guya bilinmir və sairə.

Klassik transmilli fırıldaqdır. Bu üsuldan dünyada çox istifadə edilib. Məsələn, indinin özündə də bir çox transmilli şirkətlər öz mallarını üçüncü dünya ölkələrindəki podratçılarına, icarəçilərinə istehsal etdirirlər, cavabdehlik də o podratçılar üzərində qalır. Sən Çində "İPhone" yığan zavodda günü 1 dollara it zülmü ilə çalışa bilərsən, ancaq yeri gələndə, şikayət eləsən "Apple" şirkəti deyər ki, heç bu zavod mənim deyil, podratçının subpodratçıya icarə verdiyi yeddinci törəmə şirkətə məxsusdur.

"Turan" agentliyi bu sensasion artımın diqqətdən kənarda qalmasından bir növ gileylənmişdi. Ancaq kimin diqqətini çəkəcəkdi ki? Xalq ümumən öz sərvətlərinin talanmasına biganədir, neft pulları hansı ofşor şirkətinə, hansı ailə üzvünün adına keçir-keçsin, bizim vecimizə deyil. Müxalifətin yaratdığı Milli Şura reaksiya verməlidir, ancaq onun tərkibində vaxtilə elə bu cür neft maxinasiyaları ilə varlanmış adam var. Deyərlər "Brut, sən də?".

Mətbuat araşdırmalı, daim gündəmdə saxlamalıdır, ancaq hansı mətbuat? 5 milyonluq bina tikilib, jurnalistlərin başı ordan mənzil qapmağa qarışıbsa, sən onlara 7 milyardlıq qəribə artımdan bəhs edə bilərsənmi? Gülməli olar. Təxminən ortancıl qardaşımın söhbəti kimi.

Uşaq vaxtımızda kənd uşaqlarıyla müxtəlif təsərrüfat işləri görərdik, çöldə, tarlada-filanda dincələrdik. Bir dəfə yenə dincəlmə zamanı tonqal qalamışdıq, hərə ordan-burdan danışırdı. Kənd uşağı nədən danışacaq? Təbii ki, söhbət Məmməd dayının təzə atından, nə bilim, Səmədağanın məftil arabasından-filandan gedirdi. Mənim qardaşımla söhbətlərim isə bir az fərqlənərdi, həm o, həm mən coğrafiya aşiqləriydik, o səbəbdən müxtəlif qitə və materiklərdən, Yerin flora və faunasından danışardıq.

Ancaq yenə qeyd edirəm, öz aramızda. Bu dəfə qardaşım da tonqal qırağında idi, özündən böyüklərin söhbətinə qoşulmaq üçün dedi: "Antarktidada bilirsiniz nə var?". Söhbət anidən kəsildi, hamı bir-birinin üzünə baxdı. Sonra zarafata salıb mövzunu dəyişdik deyəsən.
Xatırlamıram. Ancaq balaca qardaşımın o məsum Antarktida söhbətini heç vaxt unutmuram.

İndi azərbaycanlılara "SOCAR Trading" haqda, ofşorlarda gizlədilən neft gəlirləri haqda danışmaq da eynilə Antarktida söhbətidir.

AzNews.az