“Bizim nazirlikdə özlərini ev sahibi kimi apara bilməzlər”
16 İyul 2013 13:54 (UTC+04:00)
İlham Məmmədov:"Jurnalistdən çox məmur olmaq məcburiyyətində qalıram"
AzNews.az-ın "Onlar belə danışmır" layihəsinin növbəti qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovdur. İlham Məmmədovu müsahibəyə razı salmaq çətin oldu. Amma bir çoxları kimi o bunu vaxtının azlığı ilə yox, sadəcə qısa müddət işlədiyi bir vəzifədə hələ deməyə çox sözünün olmamasıyla əlaqələndirdi. .. Sonunda onu razı sala bildik və mətbuatdan məmurluğa addım atmış daha bir mətbuat xidməti rəhbəri ilə danışdıq.
- İlham bəy, günə hansı xəbərlərlə başlayırsız?
- İlk olaraq hər səhər ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı baş vermiş bütün xəbərləri izləyirəm. Həm bir vətəndaş olaraq, həm də keçmiş jurnalist və hazırkı dövlət məmuru olaraq. Sırf öz sahəmi izləyib ictimai-siyasi həyatdan uzaq qala bilmərəm. Birmənalı olaraq deyə bilərəm ki, bütün sahələrdə xəbərlərlə maraqlanıram. Ancaq öz nazirliyimizlə bağlı xəbərləri izləyib digər məlumatlardan xəbərsiz ola bilmərəm. Bu gün istənilən Azərbaycan vətəndaşı kimi bu hadisələrin içindəyik. Bu baxımdan da xəbərləri izləmək məcburiyyətindəyəm.
- Ümumiyyətlə kabinet həyatı yaşayırsız?
- Günümün bir qismi kabinetdə keçsə də, digər bir qismi tədbirlərdə keçir. Konfranslar, seminarlar, tədbirlər, nazir və digər rəhbər şəxslərin bölgələrdə vətəndaş qəbullarında iştirak edirik.
- Xəbərdə sizi daha çox nə maraqlandırır? Məsələn, yazının başlığı sizi həmin xəbəri oxumağa sövq edə bilərmi?
- Xəbərin əhəmiyyəti, xəbər dərəcəsi və hansı qurum tərəfindən yayılması əsasdır. Bu gün mən bilirəm ki, hansı portalda və ya yazılı mətbuatda yayılan xəbərin içi başlığı ilə uyğunluq təşkil etməyəcək və hətta tamamilə ayrı-ayrı şeylər olacaq. Bilirəm ki, hansı saytlarda səs-küylü başlıqla verilən yazı əslində o deyil. Bu qənaət artıq yaranıb. Kifayət qədər ciddi, tanınmış mətbuat orqanları var ki, orda xəbərlə başlıq bir-birini tamamlayır.
-Mətbuat xidməti rəhbərləri bu vəzifəyə əsasən mətbuatdan gəlib. Ancaq nədənsə vəzifəyə gələn kimi yazmağı yaddan çıxarıblar. Siz son olaraq nə yazmısız?
- İndiyə kimi xatırlayıram. Son olaraq fəaliyyət göstərdiyim sahəyə uyğun olaraq iqtisadi xəbər - Bakı-Novorosiyysk neft kəməri ilə ötürülən neftin həcmindən yazmışdım. 2010-cu ilin may-iyun aylarında.
- Yəni bu vəzifəyə təyin olunandan sonra mətbuatla və ictimaiyyətlə təmasınız yalnız şöbə müdiri kimi olub.
- Konkret olaraq hansısa məqalə ilə mətbuatda çıxış etməmişəm. Ancaq mətbuat üçün açıqlamalar hazırlayırıq. Yazılar korrektə edirik. Hər gün mətbuatla işləyirik, sorğuları cavablandırırıq.
- Demək olar ki, yaradıcılığınız bununla məhdudlaşır. Bəs darıxmırsız?
- Darıxıram.
- Səmimisiz?
- Doğrudan darıxıram.
- Mətbuatın ən çox nəyi üçün darıxırsız?
- Jurnalistlərlə hansısa tədbirdə bir arada olanda onlarla oturub söhbətləşirik. Özümü bir anlıq jurnalist hesab edirəm. Ancaq elə anlar olur ki, orda artıq mən jurnalistdən çox məmur olmaq məcburiyyətində qalıram. Bununla yanaşı, jurnalistlərə qarşı kifayət qədər diqqətli olmağa çalışıram, bütün sorğuların vaxtında cavablandırılmasını istəyirəm. Ola bilsin ki, kiminsə sorğusuna cavab bir az gec verilsin. Yaxud bizi axtarsın, tapmasın. Amma bu, bizim mətbuata qarşı diqqətsizliyimizi göstərməz. Ümumilikdə götürdükdə fəaliyyətimiz dövründə mətbuata açıq olmağa çalışırıq. "İnformaiyanın əldə edilməsi haqqında" qanuna əsasən və hətta bəlkə daha da operativ olaraq mətbuatın sorğularını cavablandırmağa çalışırıq.
- Mətbuatda kifayət qədər dostlarınız var. İnformasiya yayıldığınız zaman dostlarla qeyri-dostar arasında bölgünü necə tənzimləyirsiz?
- Bizdə belə bölgü yoxdu. Mən belə bir bölgünün əleyhinəyəm, çünki özüm mətbuatda çalışanda belə bölgüyə qarşı mübarizə aparmışam. Məlumat hazırlanır və eyni zamanda hamıya paylanır. Artıq bu xəbəri kim daha tez əldə edirsə, kim daha tez yayırsa, bu mətbuatdakı dostlarımızın öz operativliyindən asılıdır.
- Bəzən normal mətbuatın aça bilmədiyi qapını "reket jurnaistlər" çox asanlıqla açır. Ancaq dövlət qurumlarını mətbuat xidmətlərin ciddi-cəhdlə bu problemi həll etdiklərini bildirirlər.
- Biz də Mətbuat Şurasının "qara siyahı"sında adı olanlarla tez-tez rastlaşırıq.
- Onlara qarşı mübarizədə özünəməxsus üsullarınız var, yoxsa? Onlar açdıqları qapılarda bəzən özlərini hətta ev sahibi kimi aparırlar...
- Yox, onlar bizim nazirlikdə və ya struktur bölmələrimizdə özlərini ev sahibi kimi apara bilməzlər. Hətta Mətbuat Şurasının siyahısına adı salınan mətbuat orqanlarından gələn sorğuları belə cavablandırırıq. Hər bir müraciətə hörmətlə yanaşırıq. Amma bəzən əsassız, heç bir faktlara söykənməyən məlumatlar yayılır.
- O zaman nazirlikdə əhval-ruhiyyə necə olur? Belə bir xəbər nazirliyi bütün gün ərzində gərginlikdə saxlamağa kifayət edir, yoxsa?
- Yox. Artıq hansı kütləvi informasiya vasitəsinin kimin olması, nəyə xidmət etdiyi bəllidir. 1 təsisçi 5 mətbuat orqanı təsis edir. Bir adı "qara siyahıya" salınanda digərini yaradır. Bir adam bir neçə adamın adı ilə danışa bilir. Eyni adamdır, ayrı-ayrı nömrələrdən zəng edib müxtəlif adlarla özünü təqdim edir. Yəqin ki, normal mətbuat qurumu olsaydılar, adları qara siyahıya salınmazdı. O ki qaldı reaksiyaya, o yazıya baxır. Yazını içində fakt, vətəndaş müraciəti yoxdursa, o zaman məqsəd bəllidir. Bəzən elə olur ki, eyni mətn saxlanılır, sadəcə nazirliyin qurumlarının və rəhbər şəxslərin adı dəyişdirilir. Bu gün Neftçaladan yazırlarsa, sabah Lənkərandan yazırlar, dəyişən rayon və şəhərin adları və qurumların adlarıdır, mətn isə eyni saxlanılır.
- Bəlkə bu bir az da problemlərin hər yerdə eyni olmasından irəli gəlir?
- Faktdan yazmırlar. Əgər məqalədə hansısa fakt olsaydı, hətta "reket"
olsa belə araşdırılır.
- Neçə müddətdir bu vəzifədəsiz?
- Şöbə müdiri olaraq 8 aydır. Amma nazirlikdə çalışmağım artıq 4 ildir.
- Bu müddət ərzində rəhbərlik tərəfindən tənqidə məruz qaldığınız ən böyük səhvinizi xatırlayırsız?
- Yox, hələ ki buna imkan tapmamışam. Bundan əvvəl mən çalışdığım informasiya agentliyinin nüfuzunu, ciddiliyini nəzərə alaraq bir informasiyanı dəfələrlə dəqiqləşdirdikdən sonra yaymışam. Yəni işimə, qərarlarıma, atdığım addımlara məsuliyyətlə yanaşmışam. Eyni zamanda 1,5 milyon kontingeti olan bir nazirlikdə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmaq asan vəzifə deyil. Qərar verəndə təcrübədən istifadə kömək edir. Jurnalistika adama çox şey öyrədir. Gündəlik olaraq çox sayda materiallar hazırlayırıq. Məsələn, iyun ayında 19 iş günü olub və biz 19 press-reliz yaymışıq.
- Bunların hesabatını nazirə verirsizmi?
- Cənab nazir mətbuata qarşı çox diqqətlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin ictimaiyyətdə tanıdılması, vətəndaşların maarifləndirilməsi, mətbuatda işıqlandırılması birbaşa rəhbərliyin tapşırıqlarından biridir. Tədbirlərin təşkili, jurnalistlərə diqqət və qayğı, hansısa layihənin təqdimatı birbaşa rəhbərliyin nəzarətindədir.
- Hər bir mətbuat xidmətinin rəhbəri təmsil etdiyi orqanın üzüdür. Bu baxımdan İlham Məmmədovun üzü nə rəngdədır?
- Bu suala mətbuat nümayəndələri cavab verə bilərlər. Onların cavabı mənim üçün də maraqlıdır. Ancaq çalışıram ki, üzüm ağ olsun.
- Qeyri-rəsmi olsa da mətbuat xidməti rəhbərlərinin vəzifəsinə həm də təmsil etdiyi orqanın rəhbər şəxsləri üçün çıxışlar hazırlamaq daxildir. Heç nazir üçün çıxış yazmısınız?
- İctimaiyyətlə əlaqələr şöbəsi müəyyən çıxışlar, mətbuat üçün açıqlamalar hazırlayır. Müəyyən köməkliklər, istiqamət vermə ola bilər. Çıxışların yazılması işi ilə təkcə İlham Məmmədov olaraq mən yox, şöbənin başqa məsul şəxsləri də bununla məşğul ola bilir.
- O zaman niyə mətbuat xidmətlərinin rəhbərləri "Bizim nazir bunu çox yaxşı danışır" deyə bunu qətiyyətlə inkar edirlər? Əslində mətbuat xidməti rəhbərinin nazirin çıxışına göz gəzdirib hansısa səhvi düzəltməsi təbii qarşılanmalıdır.
- Əlbəttə təbiidir və bizim nazirlikdə belə də qarşılanır. Heç bir qısqanclıq yoxdur.
- İlham Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəyidir?
- Sadəcə Nazirlik ilə KİV arasında bir körpü rolunu oynayan, təmsil etdiyi dövlət orqanının fəaliyyətini ictimaiyyətə çatdıran və hər zaman vətəninə və dövlətinə sadiq olan bir dövlət məmuru.
Elnarə Əlosmanqızı
AzNews.az