Partiya sədrindən təklif: Əsgər ailələrinə maaş verilsin

17 İyul 2013 08:15 (UTC+04:00)
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa maraqlı təkliflə çıxış edib.

AzNews.az-ın məlumatına görə, deputat əsgər gedən şəxslərin ailələrinə aylıq müavinət verilməsini təklif edib.

Türkiyə hökumətinin analoji addım atdığını atdığını bildirən F.Mustafanın sözlərinə görə, azərbaycanlı əsgərlərin ailələrinə ayda 150 manat maaş vermək mümkündür: "Bizdə son vaxtlar bir neçə dəfə Milli Məclisdə qaldırdığımız vacib məsələlərdən biri tək uşaqlı ailələrin övladının hərbi xidmətdən azad edilməsi olub. Əslində prinsip olaraq müharibə təhlükəsi yaşayan bir ölkədə hamının, hətta zəruri olarsa, qadınların da könüllü hərbi xidmət keçməsinin tərəfdarı olsam da, bir gerçəyi də görməzdən gəlmək olmur.

Bu da ailənin tək çörək qazananı olan gəncin hərbi xidmətə getməsi ilə həmin ailənin acınacaqlı vəziyyətə düşməsidir. Bəzən əlil ana və ya təqaüdçü ata ailənin yükünü çəkə bilmir. Niyə bu ailələrə bizdə də xüsusi yardım göstərilməsin?

Əsgər psixologiyasını az-çox bildiyimizdən, bu addımın xidmət zamanın əsgərin sıxıntılarını xeyli azaldacağını və enerjisini daha çox təlimə yönəldəcəyini proqnozlaşdırmaq olar.

Bu qərarın mahiyyəti budur ki, ailə vətənə xidmət üçün övladını göndərir, özü isə bir il və ya il yarım müddətində az gəlirlilik və ya işsizlik ucbatından ağır maddi şərtlər içində yaşayır. Hökumət xüsusi komissiya yaradaraq bu durumda olan ailələrə ən azı 150 manat məbləğındə ayrıca müddətli yardım nəzərdə tuta bilər. Əlbəttə, azacıq da olsa, ölkəmizdə vətəndaşın mənafeyi düşünülürsə, bu barədə qərar verilməlidir".

Qeyd edək ki, Türkiyə hökumətinin qərarına görə, əsgər gedən şəxslərin ailələrinə aylıq 250 lirə (135 dollar) maaş veriləcək.

AzNews.az