TQDK- dan keçid balları ilə bağlı yaranan narahatlığa münasibət

17 İyul 2013 09:25 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra keçid balları ilə bağlı yaranan narahatlığa münasibət bildirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dünən 3-cü qrupda balların 200-ə enməsi ilə bağlı insanlar arasında müxtəlif məlumatlar yayılıb.

TQDK III ixtisas qrupu üzrə keçid ballarını yayaraq abituriyentlərdən diqqətlə oxumağı xahiş edib. Belə ki, III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Artıq TQDK III qrup üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait dərc edib. "Abituriyent"in bu xüsusi buraxılışında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı, onların imtahanda topladığı balların paylanmasına dair məlumatlar elan edilib. Bu da sizə ixtisas seçimində düzgün istiqamət götürməyə, ağıllı seçim etməyə yardımçı olacaq. İxtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq başqa bir vəsaitdə 2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar.

AzNews.az