Partiya sədrindən şok ittiham: “İbrahimbəyovu erməni lobbisi maliyyələşdirir”

18 İyul 2013 10:38 (UTC+04:00)
"Rüstəm İbrahimbəyov prezident olsa, Qarabağı Ermənistana verəcək"


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının AzNews.az-a müsahibəsi:

- Fəzail müəllim, seçkilərə iki aydan bir qədər çox qalıb. Ölkədəki ictimai-siyasi vəziyyəti seçki ilinə adekvat hesab edirsinizmi?

- Seçki ərəfəsində Azərbaycan cəmiyyətində diqqəti cəlb edən ciddi bir məqam var. Bu da Milli Şura adı altında birləşən siyasi ambisiyalarını cilovlaya bilməyən antimilli fəaliyyət göstərən qüvvələrin Azərbaycanın dövlət maraqlarına qarşı bütün silahlardan istifadə edərək, ölkəni nüfuzdan salmaq cəhdləridir. Milli Şurada Rüstəm İbrahimbəyov və Eldar Namazovla bərabər bir-iki nəfər fəaliyyətlərini ancaq Azərbaycanı qaralamaq üzərində qurublar və ölkəni ən müxtəlif ittihamlarla gözdən salmaq istəyirlər.

Bildiyiniz kimi, artıq Yeni Azərbaycan Partiyasının namizədi də bəllidir, bu, prezident İlham Əliyevdir. Partiya artıq seçki vaxtını gözləyir ki, prosedur qaydalarını həyata keçirsin. Digər partiyalar da hazırlıq işlərini aparırlar. Yəqin ki, onlar da seçkilərdə iştirak etmək iradələrini ortaya qoyacaqlar. Düşünürəm ki, seçki öncəsi ölkədə narahatedici situasiya mövcud deyil.

- Siz hakimiyyətə yaxın siyasətçisiniz. Necə düşünürsünüz, ölkədəki ictimai-siyasi vəziyyət hakimiyyəti narahat etmir ki?

- Ölkə prezidentinin həyata keçirdiyi siyasət bütövlükdə Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Bu, seçki üçün həyata keçirilən, seçkiyə görə xalqın rəğbətini qazanmaq siyasəti deyil. Bu, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bir siyasətdir. Ona görə də Azərbaycan prezidentinin qarşıdan gələn seçkilərdə xüsusi bir narahatlıq keçirməsi üçün heç bir əsas yoxdur. Xalq ötən 5 ildə həyata keçirilən siyasətin bəhrələrini görür və həmin siyasi kursun dəstəkçisidir.

- Siz necə düşünürsünüz, Milli Şura prezident seçkilərində hakimiyyətin namizədinə hər hansı bir problem yarada bilərmi?

- Əgər Milli Şura demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək yolunu tutar və öz namizədi ilə seçkilərdə iştirak edərsə, Azərbaycan hakimiyyətinin namizədinə heç bir problem yarada bilməz. Yox, əgər Milli Şura 12-ci Qızıl ordu ilə Azərbaycana daxil olmaq niyyətində olarsa, bu, Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Lakin düşünürəm ki, Azərbaycan kifayət qədər güclü dövlətdir, dünyada təklənmiş dövlət deyil və özünü qorumaq iqtidarındadır. Seçkilərdə də yeganə söz sahibi Azərbaycan xalqı və onun iradəsidir. Bu iradə də onu deməyə əsas verir ki, qarşıdan gələn seçkilərdə Milli Şura biabırçı məğlubiyyətə uğrayacaq.

Rüstəm İbrahimbəyov hər yerdə həmişə özünü təmsil edib. Onun Azərbaycan xalqına aidliyi yoxdur. Heç vaxt Azərbaycan xalqı ilə bərabər olmayıb. Mətbuatı vərəqləyin, Azərbaycanın girmiş olduğu ən ağır tarixi məqamlara diqqət yetirin, orada Rüstəm İbrahimbəyovun imzası yoxdur. Azərbaycan torpaqlarının işğalı zamanı, xalq hərəkatının qaynar vaxtlarında və s. heç vaxt Rüstəm İbrahimbəyov Azərbaycan xalqı ilə bərabər olub, onun səsini beynəlxalq aləmə çıxarmayıb. Halbuki onun həmişə buna imkanı olub. İndi də Azərbaycan dövlətinə qarşı narazılığını artıq nifrət həddinə gətirib çıxarıb. Hansısa məmurdan narazılığı, onu dövlətə qarşı çirkin piar aparmaq səviyyəsinə gətirib. Dəfələrlə söyləmişəm, o tanınmış ssenarist, rejissor ola bilər, dünyada bu sahədə kifayət qədər tanına bilər. Lakin o, bir jurnalistin bildiyindən daha az siyasi biliyə malikdir. Onun bu günə qədər siyasətdə yeri olmayıb. 75 yaşında siyasətlə məşğul olmağa başlayıb, Azərbaycan kimi bir neçə dövlətin maraqlarının kəsişdiyi dövləti idarə etmək onun özünə, Azərbaycan xalqına və dövlətinə böyük fəlakətlər vəd edir. Ona görə də Rüstəm İbrahimbəyovun Azərbaycan dövlətin rəhbərlik etmək istəməsi xəyal və romantikadan başqa bir şey deyil. Azərbaycan xalqı artıq romantik xalq deyil. Bu romantika ilə xalq 90-cı illərin əvvəllərində vidalaşıb.

Ataların bir məsəli var, deyir, qırxında öyrənən gorunda çalar. Rüstəm İbrahimbəyov əgər 75 yaşında siyasətə gəlirsə, siyasəti nə vaxt öyrənəcək? 90 yaşında? 90 yaşında görək bu adam yeriyə biləcək, ağlı işləyəcək? Rüstəm İbrahimbəyov bilərəkdən və ya bilməyərəkdən çox çirkin siyasi oyunların içərisindədir. Və bu çirkin siyasi oyunlar onun tərcümeyi-halına qara ləkələr yaxmaqdadır.

- Gəlin etiraf edək ki, Milli Şuranın yaranması və İbrahimbəyovun vahid namizəd olması, cəmiyyətdə müxalifətin nələrəsə nail ola bilməsi fikrini yaratmağa bağladı. Dünya mətbuatı da bu məsələyə diqqət çəkdi. Vahid namizədin bir-birinin ardınca verdiyi müsahibələri xatırlamaq, fikirlərimizə sübut ola bilər...

- Mən onun bir dənə də ciddi müsahibəsinə, arqumentləşdirilmiş fikirlərinə rast gəlməmişəm. Səs-küy salan bir müsahibəsini oxumuşam, orada da Qarabağ məsələsindən danışaraq, ermənilərin dəyirmanına su tökən fikirlər səsləndirir. Mən sizi əmin edirəm ki, əgər yerlə göy birləşsə və Rüstəm İbrahimbəyov gəlib Azərbaycan prezidenti olsa, dərhal Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı ermənilərlə müqavilə imzalayacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki bu gün onu maliyyələşdirən həm də erməni lobbisidir. Ermənilər də bilirlər ki, Rüstəm İbrahimyov heç zaman Azərbaycan xalqının iradəsindən keçib prezident ola bilməyəcək, lakin onlar Azərbaycan xalqı və dövlətinə qarşı oyuna gedirlər və Rüstəm İbrahimbəyovu da oynada bilirlər. Rüstəm İbrahimbəyov ermənilərin və Azərbaycan xalqını istəməyən digər qüvvələrin qurmuş olduğu oyunda öz rolunu oynamaqdadır.

- Fəzail müəllim, seçkilərlə bağlı sizin partiyanın mövqeyi necə olacaq? Öz namizədinizlə iştirak etmək niyyətindəsinizmi?

- Bu barədə yekun qərarı partiyanın qurultayı verəcək. Qurultayın gələn ayın əvvəllərində keçirilməsi nəzərdə tutulub. Bütün bu məsələlər qurultay nümayəndələrinin qərarı ilə öz həllini tapacaq. Mən indidən seçkidə iştirak edib-etməyəcəyimizlə bağlı danışıb, qurultayın səlahiyyətlərinə müdaxilə etmək istəmirəm.


Elnur
AzNews.az