İcra başçısı tərəfindən satıldığını iddia edən qız İNTİHARA ƏL ATDI

18 İyul 2013 12:01 (UTC+04:00)
"Əmisi, Azərbaycanın Milli Qəhrəmanı, Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Maşallah Abdullayevi onu satmaqda ittiham edən Vüsalə Abdullayevanın psixoloji vəziyyəti olduqca gərgindir. Xeyli müddətdir ki, onunla psixoloqların işləməsinə baxmayaraq intihar edəcəyi ilə bağlı fikirlər səsləndirir. Bu isə Vüsalənin taleyi ilə bağlı bizi olduqca narahat edir. Əgər ona bir şey olsa, intihar etsə buna kim cavab verəcək? Ancaq hələ də müvafiq qurumlar məsələnin araşdırılması ilə bağlı ciddi hərəkət nümayiş etdirmirlər".

Bunu AzNews.az-a V.Abdullayevanın yerləşdiyi sığınacağın və "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib. M.Zeynalovanın sözlərinə görə, 8 ay müddətində məsələnin araşdırılması üçün heç bir ciddi addım atılmadığından V.Abdullayeva intihar həddinə çatıb: "Onu axşamlar sığınacaqda qoyub evə rahat gedə bilmirik. Artıq burda qalmayıb Goranboya getmək istəyir. Amma orda qalmağa evi, yaxud torpaq sahəsi yoxdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərdiyimiz müraciətə belə cavab verib".

V.Abdullayeva özü isə AzNews.az-a açıqlamasında düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyini və buna görə də hər şeyə hazır olduğunu bildirib: "Bundan sonra nə olar, olar. Məndə nə analıq qoyublar, nə də insan kimi yaşamağa bir yerim var. Atamın torpağına gedəcəyəm. Belə yaşamaq nəyə lazımdır? 8 aydır ki, məsələnin araşdırıldığını deyirlər. Ancaq indiyə qədər heç bir cavab yoxdur".

Qeyd edək ki, V.Avdullayeva və onun hüquqlarını müdafiə edən şəxslər Bakı Şəhər Prokurorluğuna müraciət edərək qəbula yazılıb. İyunun 17-də Bakı Şəhər Prokurorluğunda onların qəbul ediləcəyi bildirilsə də, daha sonra qəbul təxirə salınıb.

Xatırladaq ki, bu ilin aprelində əmisini onu satmaqda ittiham edən Vüsalə Abdullayevanın Baş Prokurorluğa müraciət etmişdi. Müraciətdən sonra Baş Prokurorluq ittihamlarla bağlı cinayət işinin açılmasının rədd olunması barədə müstəntiqin bundan əvvəl verdiyi qərarı ləğv edib. Beləliklə də iş yenidən baxılmaq üçün Goranboy Rayon Prokurorluğuna göndərilib. Ancaq aradan keçən 3 ay ərzində Goranboy Rayon Prokurorluğu işə yenidən baxılması ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, Vüsalə Abdullayeva Milli qəhrəman olan əmisini onu Türkmənistana satmaqda ittiham edir: "Əmim Milli Qəhrəman olduğu üçün bu məsələyə ciddi yanaşmırlar. Mən isə əmimin etdiyi hərəkətlərə görə layiqli cəzasını almasını istəyirəm".

M.Abdullayev isə qardaşı qızının narkoman olduğunu bildirərək, onu hətta oğurluq etməkdə günahlandırır.

Elnarə Əlosmanqızı
AzNews.az