Güləş qaydalarındakı dəyişikliklərlə bağlı seminarlar keçiriləcək

18 İyul 2013 15:25 (UTC+04:00)
Güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri müfəssəl məlumatlandırmaq məqsədilə Azərbaycan Güləş Federasiyası (AGF) Hakimlər Kollegiyası tərəfindən həm paytaxtda, həm də bölgələrdə seminarlar təşkil olunacaq.

AGF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminar zamanı məşqçi müəllimlərə yeni qaydalarla bağlı məlumat veriləcək, son keçirilən yarışlardan videogörüntülər izlədiləcək, yeniyetmə güləşçilərin hazırlığı üçün müasir məşq metodları barədə nəzəri və praktiki biliklər paylaşılacaq, həmçinin seminar iştirakçılarını maraqlandıran suallar AGF Hakimlər Kollegiyasının üzvləri və Federasiya rəsmiləri tərəfindən cavablandırılacaq.

İlk seminar paytaxt Bakıda təşkil olunacaq. Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət gösətərən həm sərbəst, həm də yunan-Roma güləşi üzrə məşqçi müəllimlərin iştirak edəcəyi seminar iyulun 19-da, Olimpiya Güləş Mərkəzində baş tutacaq.

İyulun 22-də İsmayıllı Olimpiya Kompleksində keçiriləcək seminarda Azərbaycan Güləş Federasiyasının 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində fəaliyyət göstərən məşqçi müəllimlər iştirak edəcək.

AGF-nin 4 saylı nümayəndəliyində fəaliyyət göstərən məşqçi müəllimlər üçün təşkil olunacaq seminar isə iyulun 23-də Sabirabad Olimpiya İdman Kompleksində baş tutacaq.

Seminarlar Bakıda saat 11.00-da, İsmayıllı və Sabirabadda isə saat 12.00-da başlayacaq.

Qeyd edək ki, Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş qaydalarına yeni dəyişikliklər və əlavələr edilib. Bu günlərdə Rusiyanın Kazan şəhərində keçrilmiş Tələbələrin 27-ci Yay Universiadasında güləş yarışları, eləcə də yeniyetmələrin və gənclərin Avropa çempionatları məhz yeni qaydalarla keçirilib.

AzNews.az