Hicab məhbuslarının məhkəməsi başladı

18 İyul 2013 16:16 (UTC+04:00)
Bakı Apelyasiya Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə tutulan Ruhid Abbasov, Ülfət Qasımlı, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə başlayıb.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayətlərini müdafiə etdiklərinin bildiriblər.

Daha sonra dövlət ittihamçısı Rizvan Şammədov apelyasiya şikayətinə baxılması üzrə məhkəmə baxışının təyin edilməsini istəyib. Müdafiə tərəfi apelyasiya şikayətinin məhkəmə baxışına təyin edilmə ilə bağlı dövlət ittihamçısının təklifi ilə razı olublar. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər apelyasiya şikayəti üzrə məhkəmə istintaqı aparılmadan avqustun 1-nə təyin edilməsi barədə qərar açıqlayıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin məhkəməsi qruplarla aparılıb, bir neçə qrupda 35 nəfər azadlıqdan məhrum edilib. Hazırda digər qruplar üzrə də məhkəmə hökmündən apelyasiya şikayətləri verilib.

İttihama görə, təqsirləndirilən şəxslər ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasında iştirakına görə tutulublar. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 2 il 3 ay, Elçin Quliyev, Elşən Haşımov, Bayrəməli Vəlişov, Ruhid Abbasov, Dadaş Vəliyev, Səxavət Quliyev , Sahil Rzayev 2 il, Rauf Qarayev və Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.//musavat.com/

AzNews.az