Azərbaycanlı fəallardan görünməmiş aksiya - ağızlarını tikəcəklər

19 İyul 2013 08:12 (UTC+04:00)
Yeni GAMOH başqanı və Mərkəzi Komitə üzvlərinin 13 iyuldan başladıqları aclıq aksiyasının qarşısını almaq üçün rejim müxtəlif üsullara əl atır.

Bütöv Azərbaycan Ocaqlarından AzNews.az-a verilən məlumata görə, iyulun 17-də prokuror aclıq edənlərin ailələrini çağıraraq onlardan aclıqı aksiyasını dayandırmaq üçün fəalları razı salmalarını istəyib. Əks təqdirdə siyasi fəalların Təbriz həbsxanasından çıxarılaraq başqa həbxanalara sürgün ediləcəyi bildirilib.

"Görüşdə Şəhram Radmehr və Behbud Quluzadənin ailə üzvləri iştirak edib. Ailələrin bildirdiyinə görə, aclıq edənlər xeyli çəki itirib, səhhətlərində problemlər yaranıb. Ailələr prokurorun sözlərini fəallara çatdırsalar da, onlar bu fikirlə razılaşmayıblar. Şəhram Radmehr ölümün ədalətsizliyə boyun əyməkdən daha şərəfli olduğunu deyib. Onun sözlərinə görə, bu ədalətsizlik təkcə onlara qarşı deyil, bütün Azərbaycan fəallarına qarşıdır və buna son qoyulmalıdır".

Aclığı dayandırmayacaqları təqdirdə sürgün ediləcəklərini eşidən fəallar belə olacağı halda ağızlarını tikəcəklərini və hətta su belə içməyəcəklərini deyiblər.

Fəalların sözləri prokuror və həbsxana rəhbərliyinə çatdırılıb. Maraqlıdır ki, hər iki şəxs buna olduqca laqeyd yanaşıb və hətta öləcəkləri təqdirdə bu ölümə intihar donu geyindirləcəyinə dair xəbərdarlıq edib.

Elnarə Əlosmanqızı
AzNews.az