İLİN ADAMLARINI AÇIQLAYIRAM

31 Dekabr 2022 13:24 (UTC+04:00)

Daha bir ili geridə qoyur, yeni sənəyə adlayırıq.

Hər birimizin yaxında, uzaqda təbrik edəcəyi, mesajını almaq istədiyi xeyli isim var.

Həyatı gözəlləşdirən qutlamalardır, gözləntilərdir, qayğlar, sevinclər, planlardır.

2022 millətimizin və dövlətimiz üçün gərgin il oldu.

Ermənistan irredant siyasətini davam etdirib Azərbaycanla sülh sazişi imzalamadı.

İrəvan Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliyə əməl edib Zəngəzur dəhlizini açmadı.

30 il boyunca torpaqlarımızı işğalda saxlayan qoşunların qalıqları Xankəndi və çevrəsindən çıxarılmadı.

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası sayılan ərazilərimiz Azərbaycanın nəzarətinə keçmədi.

Ermənistan havadarlarından aldığı dəstəklə Azərbaycana düşmənçiliyini davam etdirdi.

Əks halda, 2020-ci ildə silahlı qüvvələrinin, cəbbəxanasının yarıdan xeyli çoxu darmadağın olmuş zəif və kasib bir ölkə, dövlət ola bilməyən kilsə icması bütün bunları bacara bilməzdi.

Prezident Əliyev özünə, komandasına, xalqına, ordusuna, qardaş cümhuriyyətlərə güvənib bütün dünyanı qarşısına aldı.

"Dəmir yumruq" hər dəfə havaya qalxanda düşmənin başına sarsıdıcı zərbə endirildi.

Erməni diasporunun satın aldığı Qərb siyasətçiləri, beynəlxalq təşkilatlar, böyük tirajlı, yüksək reytinqli media quruluşları, Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş slühməramlı kontingenti, Ruben Vardanyan sayaq avantüristlər üzərindən oyun quran neo-imperalist dairələri heç bir məsələdə Azərbaycanı milli maraqlarından bir qarış sapdıra bilmədilər.

Dekabr ayının əvvəllərində dünya hərb tarixində görünməmiş bir hadisə baş verdi.

Xankəndi yolunda sülhməramlı qüvvələrin döyüş postu sivil toplum quruluşları tərəfindən nəzarətə götürüldü.

Azərbaycan vətəndaş cəmiyyətinin fəalları suveren ərazilərimizdə sərvətlərimizin talan edilməsinə, təbiətə, bəşərəiyyətə, dövlətimizə milyardlarla dollar məbləğində ziyan vurulmasına etiraz olaraq dinc aksiyaya başladılar.

Dünyaya əxlaqlı protestin yeni örnəyini bəxş etdik.

44 günlük savaş dünyanın aparıcı hərbi tədqiqat və təhsil müəssisələrində öyrənildiyi kimi, Xankəndi yolundakı aksiyamız da araşdırılacaq, dərsliklərə salınacaq.

Bu, sıradan bir piket deyil, Azərbaycan xalqının məşruyyət, haqqaniyyət, mədəniyyət göstərisidir.

Aksiya iştirakçılarının bir-bir adlarını çəkməyə imkan yoxdur!

Uzun bir siyahıdır.

İlin adamları məhz onlardır.

Məhz bu adamların fədakarlıqları sayəsində:

Nikol yenə telefonlardan asılı qalıb.

Köçəryanlar, Sərkisyanlar mat-mətəldir.

Arayik aradan çıxmadığına görə dizinə döyür.

Vardanyan aqoniya içindədir.

Kor Artak beynəlxalq təşkilatların İrəvandakı ofislərinin önündə büzüşüb.

"Humanitar fəlakət" ağlaşması quran Ermənistan mediası və diplomatiyası Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin maşınlarının təkərləri altında qalıb.

Eni təxminən 15, uzunu 50 metr olan bir sahədir.

Bu dar meydançadakı azərbaycanlıların iradəsi və tələbləri qarşısında bütün erməni sistemi aciz, sistemin mexanizmləri səmərəsizdir.

Azərbaycana qarşı irredant işğalçılıq siyasətini il ərzində davam etdirən Ermənistana nəyə ümid edirdi?

Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonasında yeni status-kvo yaratmaq idi ən böyük məqsədləri. Bu, özgə torpaqlarında dövlət elan etmiş ermənilərin bütün 20-ci əsr boyu yeni ərazilərə sahib olmaq üçün sınaqdan çıxmış strategiyasıdır.

Azərbaycan Xankəndiyə de-fakto sahib olmaq üçün 44 günlük müharibədən sonra erməni revanşistlərinin yeni status-kvo yaratmaq imkanları sıradan çıxarılmalı idi.

Bunu bacardıq! Bacardıqsa, deməli, 2023-cü ildə Xankəndidə şanlı Azərbaycan bayrağını da dalğalandıracağıq.

Bu gün yüzlərlə Azərbaycan gənci, aktivisti yeni ili Xankəndi yolundakı aksiyanın iştirakçısı olaraq qarşılayacaqlar.

Azərbaycana yeni ili Şaxta baba deyil, o baba igidlər gətirəcək.

Eşq olsun Xankəndini milada qovuşduranlara!

Taleh ŞAHSUVARLI