CƏMİL VƏ MƏMMƏD HƏSƏNÇİLİK- II MƏQALƏ

9 Yanvar 2023 15:00 (UTC+04:00)

Söhbəti uzatmaq bahasına olsa da, nədən Cəmil Həsənli ilə qiyabi polemikaya bu “filoloji təxəyyüldən” başladım? O sadə səbəbə görə ki, XC ilə bağlı aparılmış “tədqiqatlar”ın ən azı yarısı fiksiya, hətta bir qədər də irəli gedərək deyim, mistik-ezoterik səciyyə daşıyır və Azərbaycanın istiqlal məfkurəsini, respublika quruculuğunu bir nəfərin adına bağlamaq üçün Ağaoğlu, Topçubaşov, Xoyksi, Yusifbəyli, Xasmməmədov və digər nəhəng tarixi personaların rolunu arxa plana keçirməyə, suveren dövlətin təşəkkülünü ictimai fikir müəssisəsindən qoparmağa cəhd olunur. AXC və onun qurucularının ideallaşdırılmasının hansı sosial-psixoloji tələbatdan doğduğu, əlbəttə, anlaşılandır. Ancaq bu tendensiyanın pozitiv elmin, tarixi tədqiqatın prinsip və metodlarının önünə keçməsinə, istiqlal bayrağımızın dalğalandırıldığı kifayət qədər mürəkkəb bir dövrdə ayrı-ayrı şəxsiyyətlərin oynadığı rolun obyektiv təhlilinə linç hədələri ilə maneçilik törədilməsinə əsla haqq verilə bilməz.

“Ethos, Logos, Pathos” üçləməsini Aristotel hələ min illər öncə təqdim etmişdi. Soruşmaq eyib olmasın, “loqos”u işin içindən qətiyyən məharət sayılmayacaq bir şəkildə kənara itələyib əxlaq və əqidə müfəttişliyinə keçmək, Solmaz Tohidi sayaq duyğu istismarına başlamaq, “vicdan sızıltıları” nümayiş etdirmək, pafos və ümumi söz yığını ilə Məmməd Əmin Rəsulzadənin timsalında bütün ictimai-siyasi fəaliyyəti göz önündə olmuş bir siyasi xadimi az qala təriqət şeyxinə çevirmək nə zamandan elmdir, tarixdir?

Pozitiv tarix məktəbinin əleyhdarları olan subyektivistlər “qayçıla, yapışdır” deyirdilər. Bəs o hansı məktəbin hocalarıdır ki, “malala, yapışdır” deyiblər? Bu “malala, yapışdır” devizli “tarix məktəb”i üçün fakt yoxdur, mənbə söhbəti etmək lüzumsuzdur, ümumelmi və xüsusi elmi metodlar “tədqiqatçı”nın kütlə üçün keçmişdə “hüzurlu gerçəklik” yaratmaqla özünü əzizlətmək tələbatı qarşısında acizdir. Çox təəssüflər olsun ki, bu məktəb ayrı yerdə deyil, bizim ölkəmizdədir və Cəmil Həsənli də məhz bu məktəbin “professor”u kimi çıxış edir. Əlbəttə, o, “Sərdarabad” adı gələndə udqunan, Cənubi Qafqazın gələcəyini şəkilləndirən, Ermənistanın timsalında bölgədə süni bir dövlətin meydana çıxmasına hərbi baxımdan şərait yaratmış həlledici döyüşdən bixəbər Qubad İbadoğluya dərs keçə bilər, ancaq çar Rusiyasının siyasəti ilə Qafqazda demoqrafik göstəricilərin dəyişməsi arqumentinə sığınaraq heç bir halda İrəvanın güzəştə gedilməsinə bəraət qazandıra bilməz.

Bəli, prezident İlham Əliyev deyir və tamamilə düz deyir ki, İrəvanın AXC Milli Şurasının 29 may tarixli iclasında ermənilərə güzəştə gedilməsi xalqa qarşı cinayətdir. Cinayət hər hansı bir əməlllə fərdə, cəmiyyətə (cəmiyyətin bir hissəsinə və ya tamamına), dövlətə ziyan vurulmasıdır. “Cəmil Həsənli məktəbi”nin müəllimləri, məzunları və tələbələri, nəyi sübut etmək istəyirsiniz? Sübut etmək istəyirsiniz ki, İrəvanın verilməsi ilə Azərbaycan xalqına və dövlətinə ziyan dəyməyib, ərazi itirməmişik və ermənilər verilən paya şükür edərək dərhal və sonrakı 100 il ərzində yeni ərazi iddiaları ilə çıxış etməyiblər?

İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı iki mühüm sual var:

1) Azərbaycan Milli Şurasının tarixi torpaqlarımızı hər hansı bir digər millətə və ya dövlətə bağışlamaq, güzəştə getmək səlahiyyəti vardımı?

2) İrəvan şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyi altında idimi?

Hər iki sualın cavabı 28 may 1918-ci ildə qəbul olunmuş “Əqdnamə”də- AXC-nin Konstitusiya Aktı hesab olunan sənəddədir. Həmin sənədə əsasən, AXC Zaqafqaziyanın Cənub və Şərqində yaradılmışdı, dövlət suverenliyinin ərazi aliliyi prinsipi bu coğrafiyaya şamil olunurdu. Nadir şah dönəmində mövcud olmuş Azərbaycan bəylərbəyliyinin şimal hissəsində təşəkkül tapan xanlıqların ərazisi qeyd-şərtsiz xalqımıza məxsus olmaqla həm mədəniyyət, həm də mülkiyyət baxımından AXC-ni ərsəyə gətirən tarixi mirasın parçası idi. Bu ərazi mirasının hər hansı hissəsində ermənilərin və ya başqa bir millətin nümayəndələrinin qismən və ya tamamilə demoqrafik üstünlüyə malik olması onlara torpaq özününküləşdirmək, AXC qurucularına isə özgəninkiləşdirmək hüququ vermirdi. Batum danışıqlarında Məmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının adından danışmağa heç bir yetkisi yox idi. O, Batuma Zaqafqaziya Seyminin üzvü kimi göndərilmişdi. Seymə və onun dağılmasından sonra elan olunan Milli Şuraya birbaşa seçkilər keçirilməmişdi. Rəsulzadə “fevral inqilabı”ndan sonra Rusiyada formalaşmış Müvəqqəti Hökumətin keçirdiyi seçkidə mandat qazanmış 10 deputatdan biri idi. Bu nümayəndələrindən hər hansı birinə, o cümlədən kooptasiya yolu ilə sonradan Milli Şuraya düşəcək isimlərə “ərazi güzəşti etmək” mandatı verilməmişdi. Dövrün adət hüququna görə, İrəvanla bağlı istənilən məsələ İrəvandakı Müsəlman Milli Şurasının təklifi və ya razılığı ilə çözülməli idi. Lakin rəsmi sənədlərdən onu görürük ki, bu yöndə İrəvandakı Müsəlman Milli Şurasının nəinki razılığı alınmış, hətta təmsilçisi Mir Hidayət Seyidov AXC Müvəqqəti Milli Şurasının qərarını protest etmişdi.

Hər dəfə bu məsələ barədə söhbət düşəndə bəzi psevdo-tarixçilər söhbəti onunla bağlamağa çalışırlar ki, guya İrəvanın ermənilərə verilməsi və bununla Ermənistan dövlətinin yaradılmasına şərait yaradılması Osmanlı hökumətinin təşəbbüsü olub. Tam tərsinə, Osmanlının “İttihad və Tərəqqi” hökuməti “çibanı kökündən təmizləməyin” tərəfdarı idilər. “İttihad”çılar hesab edirdilər ki, ən kiçik formada olsa belə, erməni dövlətinin yaranması onların iştahını qabardaraq yeni ərazi iddialarına yol açacaq. Budur, Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil Menteşeyə göndərdiyi 24 may 1918-ci il tarixli teleqramında yazırdı:

“...Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir...”

Azərbaycanın Batumdakı nümayəndələri Brest-Litovsk müqaviləsi ilə Cənubi Qafqazı nüfuz dairəsinə salmış Osmanlı hökumətinin bu doğru və dolğun mövqeyini dəyərləndirib demoqrafik üstünlükdən yararlanmaq, savaş meydanına dönmüş bir dünyada leqal və qeyri-leqal yollarla neft ölkəsində xalqı silahlandırmaq və partizan müharibəsi təşkil etmək, milli hərəkat formalaşdırmaq yerinə Batumdan Ənvər paşaya kollektiv müraciət göndərir və ondan erməni dövlətinin yaranmasına razılıq verilməsini təvəqqe edirdilər. Qoşunları Sərdərabad döyüşündə yenildikdən sonra Osmanlı hökuməti də bu təklifə isti baxmağa başladı və çanaq İrəvanın başında çatladı. Qoca imperiya “qılınc haqqı” olan Gümrüdən vaz keçməyi ağlının ucundan da keçirməyərək bədəli erməni dövləti qurulması üçün minnətçi düşənlərin boynuna qoydu. Zaqafqaziya Seyminin müsəlman nümayəndələri Osmanlı ilə münasibətləri korlamaqdan haqlı olaraq çəkinirdilər. Ancaq ondan daha çox silahlı ermənilərin Azərbaycanın bölgələrinə axın edərək vəziyyəti daha çox kontroldan çıxaracaqlarından əndişələnirdilər. Bu ehtimalı puça çıxarmaq, şərtləri millətimizin lehinə çevirmək üçün isə bütün amillər vardı: ərazi haqqaniyyəti, savaşçı xalq, ideoloji əsaslar, siyasi təşkilatlar, daşnak tör-töküntülərinin başını əzməyə silah alınması üçün pul əsirgəməyəcək torpaq və mədən sahibləri. Çatışmayan bircə həlledici anda məsuliyyəti öz üzərinə götürərək istiqlal və ərazi bütövlüyü uğrunda xalq savaşı açacaq lider idi.

(MƏQALƏNİN ARDI BU GÜN 18:00-DA YAYIMLANACAQ)

Taleh ŞAHSUVARLI,

AzNews.az portalının Baş redaktoru