“Lotu Quli” Gürcüstana verilir – Razılıq - Eksklüziv

20 İyul 2013 08:16 (UTC+04:00)
Kriminal aləm nümayəndəsinin yaxın vaxtlarda vətəndaşı olduğu Gürcüstana ekstradisiyası ilə bağlı razılıq əldə edilib

Kriminal aləm nüfuzlu nümayəndələrindən olan "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın vaxtlarda vətəndaşı olduğu Gürcüstana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, artıq məsələ ilə bağlı "Lotu Quli"nin yaxınları ilə Azərbaycan tərəfi arasında qarşılıqlı razılaşma olub.

Qeyd edək ki, bu ilin may ayında N.Səlifovun vətəndaşı olduğu Gürcüstana ekstradisiya edilməsi ilə bağlı onun qohumları adı çəkilən ölkənin parlamentinə müraciət göndərmişdi. Bu barədə məlumatı "Lotu Quli"nin vəkili Kamandar Nəsibov da təsdiqləmişdi.

Məlumatda bildirilirdi ki, Gürcüstan parlamenti yaxın zamanlarda bu məsələyə baxacaq və vətəndaşının ölkəyə ekstradisiyası üçün əməli addımlar atacaq.

Bu məsələ ilə bağlı yayılan digər məlumatlarda isə deyilirdi ki, N.Səlifovun Gürcüstana ekstradisiya olunmaq istəyini reallaşdırmaq arzusu Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə onun arasının dəyməsinə səbəb olub. Qeyd edilirdi ki, "Lotu Quli"nin qohumlarının Gürcüstan parlamentinə müraciət ünvanlanmasından sonra Bakıda həbsxanada ona yaradılan münbit şərait əlindən alınıb, onun özünü və ona yaxın adamları həbsxanalarda sıxmağa başlayıblar. Bunun ardınca isə kriminal aləmin üzvü ilə M.Quliyev arasında iplər tamamilə gərilmişdi.

Daxil olan yeni məlumatda isə bildirilir ki, artıq məsələ ilə bağlı bütün problemlər aradan qaldırılıb və N.Səlifov yaxın zamanlarda Gürcüstana təhvil veriləcək və cəzasının qalan hissəsini bu ölkədə çəkməyə davam edəcək.

Bildirilir ki, "Lotu Quli"nin vətəndaşı olduğu Gürcüstana ekstradisiyasını təmin etmək üçün xeyli sayda nüfuzlu qeyri-rəsmi şəxs işə qarışmalı olub və bunun ardınca, Azərbaycan tərəfindən razılıq almaq mümkün olub.

Qeyd edək ki, Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə AzNews.az-a açıqlamasında bildirmişdi ki, əgər belə bir şey olarsa və N.Səlifovun Gürcütana ekstradisiya edilməsi rəsmiləşərsə, Penitensiar Xidmət bu proseduru həyata keçirəcək. O bildirmişdi ki, dövlətlər arasında ekstradisiya məsələləri ilə Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrlə bağlı şöbəsi baxır.

Azər
AzNews.az