Azərbaycan ordusu Xankəndiyə niyə daxil olmadı?
Əgər xatırlayırsınızsa, 44 günlük müharibədən sonra ən çox səslənən sual bu idi.
Heç şübhəsiz bu sualın doğmasının səbəbləri, əsasları vardı.
“Dəmir yumruq” əməliyyatı Azərbaycan bayrağının Xankəndidə dalğalanmaması ilə bir növ yarımçıq qalmışdı.
Ancaq bütün obyektiv ekspertlər hesab edirdilər ki, hərbi əməliyyatları vaxtında dayandırmaqla Rusiyanın savaşa daxil olmasına imkan verməmək olduqca müdrik qərar idi.
Ancaq Azərbaycan müxalifəti hətta ermənilərdən də qabağa gedərək bu faktdan qələbənin gözdən salınması üçün istifadə edirdilər. Erməni cəmiyyətinin şokdan, depressiyadan çıxarılması, ölkəmizə qarşı revanşizmin yenidən baş qaldırması üçün Azərbaycandakı Milli Şura əlindən gələni əsirgəmirdi.
Sualı doğuran əsl səbəblər və amillər qıraqda qalmış, “Azərbaycan ordusu Xankəndiyə girmədi” cümləsi Qarabağı azad edən müzəffər sərkərdəyə qarşı yersiz tənəyə və absurd ittihama çevrilmişdi.
Hərçənd bu ittihamın müəlliflərinin anlamadıqları və ya anlamaq istəmədikləri bir gerçəklik vardı.
İndi nə orta çağlardır, nə də 20-ci əsrin əvvəlləri, ortaları və sonu.
Müharibələrin xarakteri dəyişib.
21-ci əsrin savaşları hibrid xarakter daşıyır və silahlı qüvvələr hesabına bu savaşın ancaq bir mərhələsində qələbə qazanmaq olar.
10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan diz çökdükdən sonra Azərbaycan prezidenti hibrid savaşı davam etdirdi.
İlk növbədə Azərbaycan ordusu Ermənistanla sovetlər dövründəki sərhəd zolağına daxil oldu. Hələ də bir sıra sərhədyanı ərazilərimiz Ermənistanın nəzarətində qalıb, ancaq proses bütövlükdə İrəvan üçün fiaskoya çevrilib.
İkincisi, Qarabağın dağlıq hissəsindəki bir sıra strateji yüksəkliklərdə Azərbaycan ordusunun postları qurulmaqla Rusiya Sülhməramlı Qüvvələrinin məsuliyyət zonasını atəş nəzarətində saxlayan həlqə birləşdirildi.
Üçüncüsü, Laçın şəhəri və bəzi ətraf kəndlər Azərbaycana təhvil verildi. Bu, Xankəndinin nəzarətə götürlməsi üçün kilidə açar salınması anlamına gəlirdi. Kəlbəcərdən sonra Laçın ərazisinin də tam nəzarətə götürülməsi keçmiş DQMV ilə Ermənistan arasında coğrafi əlaqəni tamamilə kəsir, gediş-gəlişi dar bir yola sıxışdırırdı.
İndi o dar yolun Şuşanın altındakı hissəsi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları tərəfindən kəsilib.
Hibrid müharibə, bax, belə olur!
Hibrid müharibədə, bax, belə qalib gəlirlər!
Bu gün Xankəndi yolundakı aksiyanın artıq bir ayı tamam olur.
Bu bir ayda Ermənistanın və Xankəndidəki irredant çətənin Azərbaycana qarşı bütün addımları iflasa uğrayıb. Nikol Paşinyandan tutmuş Ruben Vardanyana, Artak Bəqləryandan başlamış Emmanuel Makrona qədər bütün “armyanstvo” Azərbaycan prezidentinin iradəsi və proqnozlaşdıra bilmədikləri gedişləri qarşısında acizdirlər. Bu bir ayda qurduqları ağlaşmalar, zənglər, beynəlxalq qurumlara şikayətlər, hədələr vasitəsi ilə nəyə nail ola biliblər?
Bu aksiya ilə biz nəyə nail olmuşuq?
Ən böyük uğurumuz erməni revnşizmini bəsləyən kanalları tıxamaq və bununla ermənilərin 100 ildən çox bir müddətdə torpaqlarımızı ələ keçirmək üçün uğurla istifadə etdikləri “status-kvo” yaratmaq strategiyasını çökdürməkdir.
Aksiyanın başladığı ilk günlərdə Şuşada idim.
Gecənin sazağını tonqalın istisi ilə canımızdan qova-qova həmkarlarımızla söhbət edirdik.
“Bu aksiya çox yox, onca gün davam etsə, Xankəndi məsələsini çözülmüş bilək” dedim. Dərhal əlavə etdim:
İlham Əliyev bu günə qədər heç bir addımı ölçüb-biçmədən atmayıb, əgər yol qapanıbsa, təzyiqlər, təhdidlər olacaq, ancaq Azərbaycan geri çəkilməyəcək.
Şuşanı hərbi əməliyyatla, Ağdamı, Kəlbəcəri, Laçını- şəhər də daxil olmaqla- diplomatiya ilə geri aldıq. İndi söz və rol vətəndaş cəmiyyətinindir!
Rusiyanın Qafqazdan çıxıb-çıxmamasını Ukrayna savaşından asılıdır.
Kreml Ukraynada dalana dirəndikcə, Nikol Paşinyanın dili açılır.
Nikolu iqtidara gətirən və 44 günlük savaşda Ermənistanın qəti məğlubiyyətinə rəğmən görəvdə saxlayan qüvvələr ondan rus qoşunlarını ölkəsindən çıxarmağı tələb edirlər.
Bu, proses bizim lehimizədir. Çünki Ermənistan fiziki coğrafiya baxımdan Qərbə ancaq Türkiyə üzərindən çıxa bilər. Ancaq açıq görünür ki, İrəvan Kremli “ya baza, ya da hərbi dəstək” seçimi qarşısında qoymaq istəyir. Bu, rəsmi Bakı üçün müəyyən risklər doğurur. Bu riskləri dəf etməyin ən kəsə yolu Ağdərədəki mədənlərdən keçir. Odur ki, Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin iqlim və digər şərtlər imkan verən kimi həmin mədənlərə daxil olması qaçılmaz zərurətdir. Ümumiyyətlə isə, Xankəndi Azərbaycanın nəzarətinə keçməsi üçün bəzi “politoloq”ların iddia etdiyi sayaq RSK-nin Azərbaycanı tərk etməsini gözləmək əbəsdir və yanlışdır. Xankəndi məsələsi Üçtərəfli Bəyanatda RSK-nin Qarabağda qalma müddəti ilə bağlı göstərilən vaxtdan öncə- bu il çözülməlidir.
Xankəndi hərbi və lojistik baxımdan Azərbaycanın artıq tam ovcunun içindədir. Ermənistanla və Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ayrı-ayrı hissələri ilə əlaqəsi tam kəsilib. Ermənistanın ikinci Qarabağ savaşında yarıdan çoxu sıradan çıxarılmış ordusu ilə Qarabağda qalmış işğalçı hissəsinin birləşməsi üçün Laçın və Kəlbəcər dağları, Azərbaycan Silahlı Qüvvələrinin o dağlardakı bölmələri keçilməz səddir. Xankəndidəki cinayətkar rejimin təslim olması üçün bir neçə erməni dviziyasının “Bayraq”darın hədəfinə tuş gəlməsi yetərli olacaq. Bu məsələdə Rusiyanın əleyhimizə tuta biləcəyi mövqedən daşındırmaq üçün əlimizdən kifayət qədər ciddi rıçaqlar var. Xankəndi Azərbaycanın nəzarətinə keçməyəcəksə, RSK-nın mandatı da uzadılmayacaq!
Bu gün Rusiyanın təlimatı və dəstəyi ilə Xankəndidə çətə liderliyini ələ keçirən Ruben Vardanyan bəyan edib ki, RSK on illər uzunu bölgədə qalmalıdır. Rubenlər, Arayiklər, Robertlər, Nikollar küpə minib göyə çıxsalar da, xeyri yoxdur: Qarabağ da Azərbaycandır, RSK-nın Qarabağda qalıb-qalmamasına qərar verən də!
Taleh ŞAHSUVARLI