Bir neçə gündür ki, həm İrəvandan, həm də Xankəndidən "fləş" xəbərlər gəlir.
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq açıq mətnlə ölkəsindəki Rusiya hərbi bazasının çıxarılmasından danışmağa başlayıb. Bu, nəinki gözlənilməz, hətta qaçılmaz idi. O sadə səbəbə görə ki, Nikol Paşinyanı iqtidara gətirən və Ermənistanın 44 günlük savaşdakı qəti yenilgisinə rəğmən postunda saxlayan beynəlxalq güclər onun qarşısında Rusiya hərbi bazası ilə bağlı qəti tələb qoyublar. 44 günlük müharibənin Ermənistan cəmiyyətində yaratdığı emosiyalar səngidikcə və Rusiyanın ağzı Ukraynada dalana dirəndikcə Nikol bu yöndə səylərini gücləndirir. Ermənistanın hakim dairələri onu da yaxşı bilir ki, ənənəvi rəqibləri- "Qarabağ klanı"nın odioz liderləri Köçəryan və Sarkisyan vasitəsi ilə Rusiya onlara qarşı daxildən real təhdid yarada bilməyəcək.
Bu vəziyyət qismən Arayik Arutyunyanın Ermənistanda hakimiyyət mübarizəsinə açıq şəkildə qoşulması ilə dəyişə bilərdi. Ancaq çətə başçısı riskə gedə, özünü "Qarabağ klanı"na lider kimi qəbul etdirə və 44 günlük müharibədən sonra dəfələrlə səfər etdiyi Moskvadan təminat ala bilmədi. Nəticədə Arayik başa düşdü ki, o, istənilən zaman terror ənənəsi olan Ermənistan tərəfindən qumbara ilə fiziki cəhətdən aradan götürülə bilər. Odur ki, Azərbaycan əleyhinə verdiyi bəyanatları "doza"sını azaltmaqla özü üçün çıxış yolu tapana qədər rəsmi Bakının qəzəbini üzərinə çəkmək istəmədi. Anti-Azərbaycan isterikası ilə açıqlamalar verməyi "dövlət naziri" Artaq Bəqləryana və "xarici işlər naziri" David Babayana həvalə etdi.
2022-ci ildə Azərbaycan bir sıra yüksəklikləri nəzarətə götürdü və Laçın dəhlizinə alternativ yolun çəkilişini başa çatdırmaqla Ermənistanı fakt qarşısında qoydu. Azərbaycanın təzyiqləri qarşısında davam gətirməyən Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingentinin nəzarətində qalmış Laçın şəhərini və ətraf kəndləri təhvil verməli oldu. Bu proses Ermənistanla sülh danışıqlarına müsbət təkan olmaqla yanaşı yeni bir tendensiya da üzə çıxardı. Rəsmi Bakı və Qarabağ erməniləri arasında kommunikasiya formalaşdırdı. Bütün bunlar Rusiyanı qane etmədiyindən Kremldəki bəzi dariələr erməni mənşəli Ruben Vardanyanı Xankəndiyə ezam etdilər. O, Bəqləryanın yerinə "dövlət naziri"- necə deyərlər, kasıbın öz itinin adını "Gümüş" qoyması çoxdanın məsələdir- "təyin olundu". Ancaq bu "təyinat" formal məsələ idi. Ruben faktiki olaraq çətənin liderliyinə gətirilmişdi və ona əslində Bidzina İvanaşvilinin Gürcüstanda oynadığı rol həvalə olunmuşdu. Hazırda İrəvanda hər kəs başa düşür ki, Ruben bir müddət sonra Ermənistanda iqtidarı götürmək üçün Xankəndidə sınaq keçir. Onun avantüraları rəsmi Bakını hövsələdən çıxardığı kimi, İrəvan üçün də qəbul olunacaq sinifdən deyil. Elə bu səbəbdən də Ermənistan baş nazirinin həyat yoldaşı Rubenin ilk növbədə Niko Paşinyana qarşı təşkil etdiyi "gövdə göstərisi"nə sərt reaksiya verdi və dolayısı yolla onu ucuz populizmdə suçladı.
Xankəndiyə xüsusi ezam olunmuş avantürüstlə bağlı yayılan son xəbərlərə ilk növbədə bu proses çərçivəsində baxmaq lazımdır. Onun Arayik Arutyunyan tərəfindən "dövlət naziri" postundan istefaya səslənməsi Paşinyan hökuməti ilə ziddiyyətlərinin latent fazadan çıxaraq açıq qarşıdurma mərhələsinə keçməsi deməkdir. Fəqət Vardanyan dərhal açıq mətnlə istefa vermək fikrində olmadığını car çəkərək topu Arayikin qapısına atdı: "Bacarırsansa, çıxart"! Bütün bunlardan sonra dünən axşam "Artsax" Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantı barədə geniş məlumat olmasa da, müzakirə mövzusunun, İrəvan mediasının təbirincə desək, Xakəndidəki siyasi böhran olduğu bəllidir. Bu böhran eyni zamanda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Xankəndi yolunda keçirdiyi fasiləsiz aksiyanın nəticəsidir. Bu aksiyaya Ruben Vardanyanın Ağdərə mədənlərində Azərbaycan ekoloqlarının monitorinq aparmasını əngəlləmək üçün təşkil etdiyi avantüra rəvac verib. Yaranmış situasiyanın əsas ştrixlərinə baxaq:
1) Xankəndi yolunda aksiyanın dayanmasının şərtləri bəllidir: Azərbaycan ETSN nümayəndələrinin Ağdərə mədənlərində monitorinq aparması, yataqların qanunsuz istismarına son qoyulması və Azərbaycanın nəzarətinə keçməsi.
2) Bunun üçün ilk növbədə Xankəndiyə xüsusi təlimatla göndərilmiş, Ermənistanla danışıqları və Xankəndi ilə təmasları pozmuş, əsas planı Ermənistanda hakimiyyəti ələ keçirmək olan Ruben Vardanyan Qarabağdan dəf olmalıdır.
3) Yuxarıda da qeyd etdiyimiz kimi, Ruben Xankəndidəki çətənin liderliyini faktiki olaraq ələ alıb. Arayik onun kölgəsində qalıb. Vardanyan "istefa vermirəm" deməklə Arayikə meydan oxuyub. Bu gücü haradan alır, bəllidir. Ancaq o da bəllidir ki, Arayikin Vardanyanı "vəzifəsindən azad etməyə" cürəti çatmayacaq. Güman etmək çətin deyil ki, Arayik Vardanyanın kəlləsinə qarşılıq olaraq, rəsmi Bakıya Qarabağ iqtisadi rayonunun RSK-nın müvəqqəti məsuliyyət zonası sayılan hissəsində seçki keçirməyə mane olmamağı təklif edir və ondan sonra bölgəni tərk etmək üçün təminat istəyir. Seçki məsələsi rəsmi Bakı üçün qəbuledilməzdir.
4) Ermənistan iqtidarı da Vardanyana söz keçirə bilmir, üstəlik, ona nə isə deməklə öz əleyhinə komrpamat yaratmaq da istəmir.
5) Azərbaycanın Xankəndi yolundakı aksiyanı davam etdirmək üçün kifayət qədər resursları var. Ermənistanın aksiyanı dayandırmaq üçün Azərbaycana göstəridyi bütün diplomatik təzyiqlər iflasa uğrayıb. Bununla belə, aksiyanın davam etməsi sülh danışıqlarını tormozlayır. Danışıqların bərpa olunması üçün aksiya dayanmalı, bunun üçün də daha öncə vurğuladığımız şərtlər yerinə yetirilməlidir.
6) Əgər bu həftə ərzində Nikol və Arayk Vardanyanı paketləyə bilməsələr, Azərbaycan silaha əl atmalı olacaq.
7) Rubenin Kremlin layihəsi olması şübhə doğurmasa da, Rusiya prezidenti Vladimir Putin rəsmən ondan imtina edib, vətəndaşlıqdan da çıxarıb. Başqa sözlə, Rubenin zərərsizləşdirilməsi üçün Azərbaycanın silaha əl atmasına Moskva göz yummalı olacaq.
8) Ancaq bu halda, yəni Azərbaycanın hərbi güc tətbiq etməsi və nəticədə Ağdərə mədənlərinin işğaldan azad olunması Nikolun Ermənistandakı mövqelərini zəiflədəcək və revanşıist qüvvələri gücləndirəcək.
9) Əgər Ruben hər hansı yolla Qarabağdan qaçmağı bacarsa,- məsələn, RSK-nın təcili yardım maşınlarında- Ermənistanda anti-Nikol hərəkatının liderinə çevriləcək.
10) Köçəryandan və Sərkisyandan fərqli olaraq, Vardanyan qarabağlı deyil, amma Rusiyanın vasitəsi ilə "Qarabağ klanı"nın da dəstəyini alaraq Nikolu devirə bilər.
Odur ki, Nikol Paşinyan tərəddüd etməməli, prosesi uzatmamalı, Vardanyanı bu həftə ərzində Qarabağdan çıxarmalıdır. Əks halda, Vardanyan onsuz da Qarabağda qalmayacaq. Ermənistanda kimin iqtidarda olması isə, Azərbaycan üçün prinsipial məsələ deyil. Xüsusən də İrəvanda hakimiyyətin sahibini ciddi vətəndaş qarşıdurması müəyyən edəcəksə. Sülh prosesini məqsədli şəkildə uzadan Nikol Paşinyandansa, Ruben Vardanyan Ermənistanın baş naziri postunda Azərbaycan üçün strateji baxımdan daha məqbul fiqurdur.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru