Aygün Əliyeva: “Xankəndi-Laçın yolundakı aksiya dövlət-qht həmrəyliyinin mükəmməl nümunəsidir” - MÜSAHİBƏ

17 Yanvar 2023 19:18 (UTC+04:00)

QHT Agentliyi 2022-ci ildə 515 layihəni maliyyələşdirib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərtac-a müsahibəsində rəhbərlik etdiyi qurumun 2022-ci il fəaliyyəti və 2023-cü ilə ilə bağlı hədəfləri açıqlayıb. Aznews.az A.Əliyeva ilə müsahibəni təqdim edir:

Artıq 2022-ci il yekunlaşıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olundu?

Bildiyiniz kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən 2021-ci ilin 19 aprel tarixində yaradılıb. Qurumun strukturlaşma məsələləri nəzərə alınaraq, de-fakto fəaliyyət 2021-ci ilin oktyabr ayından başlayıb. Ümumilikdə 2022-ci ili qurumun fəaliyyətinin ilk ili kimi xarakterizə edə bilərik.

Ötən il ərzində Agentliyin Müşahidə Şurasının 15 iclası keçirilib, konseptual sənədlərin hazırlanması ilə bağlı təkliflər verilib, qrant müsabiqələrinin nəticələri ilə bağlı qərarlar qəbul edilib, Nizamnamə məqsədlərinə uyğun olaraq çoxsaylı tədbirlər, görüşlər təşkil olunub, vətəndaş cəmiyyətinin inkişafına yönələn çoxsaylı məsələlər müzakirə olunub,

Bundan başqa, beynəlxalq tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, anlaşma memorandumlarının imzalanması, işğaldan azad olunmuş ərazilərə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səfərlərinin təşkili, ictimai iştirakçılığın təşviqi məqsədilə ölkənin 75 rayon və şəhərini əhatə edən zona toplantılarının keçirilməsi, qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili və s. bu il görülən işlərin bir hissəsidir.

Ötən il Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən “Şuşa ili” kimi tarixə düşdü. Agentlik fəaliyyətində bu istiqamətdə hansı işləri görüb?

Agentlik müvafiq tədbirlər planına uyğun olaraq 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan etdi. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatının layihə müraciəti daxil oldu, Agentliyin Müşahidə Şurasının qərarı ilə 22 layihəyə maliyyə yardımı ayrıldı.

Layihələr çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində (ABŞ, Cənubi Korea, Fransa, Norveç və s.) fərqli formatlarda tədbirlər təşkil edildi-dünyanın müxtəlif ölkələrindən olan alimlərin, blogerlərin, influnserlərin Azərbaycana, Şuşaya səfəri təşkil edildi, sənədli filmlər, saytlar, vikipediyada 9 dildə 240 yeni məqalə hazırlandı, Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr etdirildi, Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlandı, Google maps və Yandex maps platformalarında Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib. Layihələr çərçivəsində çəkilən qısa video bloqlar milyonlarla insan tərəfindən izlənilib və dünya trendinə düşüb. Hazırda layihələrin nəticələri ilə bağlı ictimaiyyət və mətbuat nümayəndələri üçün hesabat hazırlanır.

Bununla yanaşı Agentlik “Şuşa İli” çərçivəsində müxtəlif xarakterli beynəlxalq tədbirlər, forumlar təşkil etdi. “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi, 2022-ci il ərzində 1000-ə yaxın QHT nümayəndəsi və blogerin Şuşaya səfərini təşkil etdi, “Şuşa İli” ilə əlaqədar olaraq müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim təşkil olundu.

Agentlik 2022-ci ildə hansı istiqamətdə qrant müsabiqələri həyata keçirib və müsabiqələrin keçirilməsi ilə bağlı hər hansı yeniliklər gözlənilirmi?

Ötən il ərzində 2022-ci il kiçik qrant müsabiqəsi, qeyd etdiyim kimi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilmişdir.

Kiçik qrant müsabiqələri üçün əsas prioritet istiqamətlər isə “Ailə, qadın və uşaq məsələləri”, “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi”, “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri”, “insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri”, “Elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri”, “Sosial və iqtisadi məsələlər”, “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” mövzuları olub.

Layihələrin mövzusundan və formatından asılı olmayaraq əsas məqsədimiz müsabiqələrin həyata keçirilməsində şəffaflıq, hesabatlılıq prinsiplərinə riayət olunmasıdır. Təssüflə qeyd etməliyəm ki, əvvəlcədən təlimatların və normativ sənədlərin təqdim edilməsinə baxmayaraq bəzi qeyri-hökumət təşkilatları layihələrin hesabatı zamanı qüsurlara yol verdilər. Lakin 2021 və 2022-ci il müsabiqələrinin nəticələrini təhlil edəndə maliyyə pozuntusu ilə bağlı dinamikanın aşağı düşməsi bizi çox sevindirir.

Növbəti illərdə layihələrin qəbulunun, monitorinqinin və hesabatların yeni elektron resurslar vasitəsilə həyata keçirilməsi, layihə təklifi formasının təkmilləşməsi və layihələrin qəbulu və idarə edilməsi üçün beynəlxalq standartlarda qəbul edilən müəyyən elementlərindən istifadə olunması planlaşdırılır.

“Böyük Qayıdış” prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının nə kimi töhvəsi ola bilər?

44 günlük şanlı Vətən Müharibəsindən əldə olunan müzəffər zəfərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz qarşısında işğaldan azad olan torpaqların bərpası və vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması kimi vacib bir məqsəd durur. Bu baxımdan vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının qayıdış prosesinə dəstəyi təbii ki, vacibdir. Bir neçə istiqamət üzrə qeyri-hökumət təşkilatları bu prosesə dəstək ola bilərlər. Buraya məşğulluq və özünüməşğulluğun təmin edilməsinə dəstək, əhalinin təhlükəsiz şəraitdə geri qayıdışı ilə bağlı maarifləndirilmə, qayıdışa hazırlıq, psixoloji dəstək məqsədilə tədbirlərin, təlimlərin keçirilməsi, xüsusən işğal dövründə maddi-mədəni irsimizə, təbii sərvətlərimizə vurulmuş zərərin araşdırılması, bununla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, Ermənistanın maddi-mədəni irsimizlə yanaşı təbiətə, ekologiyaya vurduğu ziyanla bağlı tədbirlərin təşkili, dünya ictimaiyyətinin diqqətini mina probleminə yönəltmək üçün təşəbbüslər və s. aid oluna bilər.

Agentlik bir qayda olaraq qrant müsabiqələrinin elanı zamanı hər il aktual olan mövzuların müsabiqə mövzularına salınmasını təmin edir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatları hansı fəaliyyətləri icra edir? Səfər qrantları elanları bu prosesə dəktək üçündürmü?

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Agentliyin prioritet istiqamətlərindən biridir. Agentliyin keçirdiyi demək olar ki, bütün qrant müsabiqələrində bu istiqamət üzrə mövzular müəyyən edilir. “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqaməti üzrə həm 2021-ci il kiçik qrant müsabiqəsində, həm də 2022-ci il kiçik qrant müsabiqəsində layihələr dəstəklənib. Burada əsas məqsəd post-münaqişə dövründə Azərbaycan reallıqlarının beynəlxalq təşkilatlara çatdırılması, eləcə də Ermənistanın 30 illik işğal dövründə vandallığı, müharibə cinayətləri, təbiətə, bütünlüklə ekologiyaya vurduğu ziyanla bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsidir.

Qeyd etdiyiniz kimi Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantlarıdır”. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu aktiv olur. Bu müsabiqənin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirlərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının iştirakına dəstək olmaqdan ibarətdir. Bu il Agentlik tərəfindən bu qrant müsabiqəsinə müraciət üçün yeni meyarlar hazırlanır və yaxın günlərdə Agentliyin elektron resurslarında yerləşdiriləcək.

Qeyd olunan məsələlərlə yanaşı, Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Xüsusən qardaş Türkiyənin “STK Genel Müdürlüyü”, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq qurulub. BMT-nin və müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları, birgə əməkdaşlıqla bağlı razılaşmalar və s. əldə olunur. Agentlik olaraq qht-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.

Agentliyin ictimai iştirakçılığın təmini ilə bağlı fəaliyyəti varmı? Hansı işlər görülür?

Agentliyin nizamnaməsinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində təşəbbüslərinin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Kiçik qrant müsabiqəsinin əsas istiqamətlərindən biri də məhz - “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” dir.

Qeyd olunanlarla yanaşı, 2022-ci il ərzində 75 şəhər və rayonu əhatə edən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı zona toplantıları keçirilmişdir. Toplantılarda yerli icra hakimiyyətlərinin nümayəndələri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib. Bu tədbirlərin təşkilindən sonra ictimai şuraların üzvləri üçün bilik və bacarıqların artırılması istiqamətində tədbirlərin təşkilinə ciddi ehtiyac olduğu nəzərə alınaraq Bakı şəhəri ilə birgə 10 müxtəlif regionda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlər təşkil olundu. Ümumilikdə təlimlər 1500-dən artıq iştirakçını əhatə etmişdir.

Fikrimcə, ötən ilin dekabrında Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda Azərbaycanda fəaliyyət göstərən qhtlər, ekoloqlar tərəfindən başlanan etiraz aksiyası dövlət-vətəndaş münasibətlərində dialoqun,həmrəyliyin və ictimai iştirakçılığın ən mükəmməl nümunəsi idi. 36 gündür havanın şaxtalı və soyuq olmasına baxmayaraq vətəndaş cəmiyyəti nümayəndələri- qht-lər, gənclər, könüllülər, media nümayəndələri, blogerlər və s. hər kəs bir amal uğrunda yorulmadan mübarizə aparır.

Əminik ki, mübarizə dinc məqsədlər təmin olunana qədər əzmkarlıqla davam edəcək və bölgədə sülhün bərpasına dəstək olacaq.

2023-cü il üçün Agentliyin hədəfləri nədir?

Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və “Böyük qayıdış” prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və s. fəaliyyətlərin icrası hədəflənir. Yaxın günlərdə “Heydər Əliyev ili” ilə əlaqədar qrant müsabiqəsinin elanı nəzərdə tutulub.

Bundan başqa bu il qeyri-hökumət təşkilatları üçün göstərilən bütün xidmətlərin keyfiyyətinin daha da artırılması, eləcə də saytımızın və digər elektron xidmətlərin istifadəyə verilməsini planlaşdırırıq.

Sözsüz ki, qeyri-hökumət təşkilatlarının mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində proqramların həyata keçirilməsi də əsas hədəflərimizdəndir. Bu xüsusda həm Bakı şəhərində, həm də regionlarda QHT təmsilçiləri üçün professional təlimlərin keçirilməsi, onlara metodiki dəstəyin göstərilməsi, habelə ötən il olduğu kimi regionların birində QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur.