Türkmənçay anlaşmasını lənətləməyə bilmirəm

17 Yanvar 2023 23:00 (UTC+04:00)

Türkmənçay anlaşmasının adı gələndə mən o sənədi də, imzalandığ günü də lənətləməyə bilmirəm. Təkcə ona görə yox ki, Türkmənçay anlaşmasıyla Rusiya imperiyasına qarşı ən çox dirəniş gösətərən iki xanlığımızın, qadınlarımızın da kişilərlə çiyin-çiyinə vuruşduğu İrəvanla Naxçıvanın işğalı rəsmiləşdirilərək Azərbaycan iki yerə bölündü. Həm də ona görə ki, Qərbi Azərbaycanın azərbaycanlılarsızlaşdırılmasının himi də əslində o sənədlə qoyuldu.

Gəlin, hər şeyi öz adıyla çağıraq, bizim sözü gedən torpaqlarımızın azərbaycanlılarsızlaşdırılması, türksüzləşdirilməsi, haylarlıq məsələ deyil. Bu, hayları öncə həmən torpaqlara yerləşdirməklə, sonra da onların əli ilə edilən 160 illik bir prosesdir. Və bu prosesi reallşadıran Rusiyadı. İndi həmən Rusiyanın MDB, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlq üzrə dövlət agentliyi(Rossotrudniçestvo) fevralın 20-də İrəvanda lənətə gəlmiş Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı konfransa hazırlaşır. Konfrans “Şərqi Ermənistan”ın Rusiya imperiyasının tərkibinə qatılması adı altında keçiriləcək. "Şərqi Ermənistan'ın ha. O, necə "Şərqi Ermənistan" idi ki, hay tarixçisi Corc Burnutyan belə 1828-ci ildə orada yaşayanların cəmisi 20 faizinin soydaşları, daha dəqiqi dindaşları olduğunu bildirir. Onu da yazır ki, İrəvanla Naxçıvan xanlıqlarının işğalından cəmsi 4 il sonra I Nikolayın artıq "erməni vilayəti" adlandırdığı həmən torpaqlarda türklərlə dindaşlarının sayı bərabərləşib. Və qeyd edir ki, bu, türklərin üçdən birinin öz yurdlarını tərk etməsi və hayların İrandan ora kütləvi köçürülmələri nəticəsində baş vermişdi.

Orasını da deyək ki, işğaldan öncə İrəvan və Naxçıvanda yaşayan xristianların çoxu hay deyildi, ərmənlər, yəni xristian qıpçaqlar idi. İndinin özündə belə Ermənistan adlanan yerdə kəndlər var ki, əhalisi hay yox, qıpçaq olduqlarını bildirirlər.

Yəni deməyim budur ki, 195 il öncə Qərbi Azərbaycanın Azərbaycansızlaşdırılması və azərbaycanlılarsızlaşdırılması prosesini başladanlar keçirməyə hazırlaşdıqları konfransla hayları o torpaqların avtoxton əhalisi kimi sırımağa çalışırlar. Özü də elə bir vaxtda ki, həmən "Şərqi Ermənistan"da Rusiya hərbçiləri işğalçı adlandırılaraq oradan rədd olub getmələri tələb edilir.
Çox ehtimal ki, İranda da Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı hansısa təxribatlar olacaq. Ona görə də, çox yaxşı olardı ki, bizdə də o lənətə gəlmiş sənədlə bağlı əsl həqiqətin açıqlanacağı beynəlxalq konfrans təşkil edilsin. Və hər kəs görsün ki, Türkmənçay anlaşması ikiyə bölünmüş Azərbaycan və Qərbi Azərbaycan məsələsidir.

Sahib ALIYEV