44 günlük Vətən müharibəsində düşmənin dağıdıcı məğlubiyyətə uğramasına rəğmən üçtərəfli bəyanatın imzalanmasından keçən 26 ay müddətində separatçı rejim və revanşist qüvvələr öz acınacaqlı durumlarını görməzdən gələrək sülhdən yayınmağa çalışdılar. Lakin Bakı diplomatik ustalıqla İrəvanın bu cəhdlərinə təkan verən bütün kartlarını yandırdı.
Birinci kart, kollektiv Qərb idi. ABŞ-dan Zəngəzur dəhlizinin icrası ilə bağlı əks mövqeyi tələb etdiyi vaxtda, ABŞ-da nəşr olunan “The National Interest” jurnalı Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Stiven Blankın “Ermənistan “Zəngəzur dəhlizi”ni tikməlidir” ("Armenia Must Build the Zangezur Corridor") adlı geniş məqaləsini dərc edib.
Məqalədə müəllif bildirir ki, Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda gündəmə gətirilən “Zəngəzur dəhlizi” təcili surətdə açılmalıdır.
Fransanı maksimum nizamlama prosesinə cəlb etməyə çalışan İrəvan Avropa ittifaqı moderatorluq missiyası adı altında Fransa hərbçilərini sərhəd bölgəsinə yerləşdirməyə nail oldu. Hətta Paris ilə Bakını üz-üzə qoyaraq diplomatik münasibətlərin kəskinləşməsi üçün də şərait yaratdı. Lakin bütün bunların nəticəsi yenə də İrəvanın maraqlarına xidmət etmədi. Bir neçə gün öncə Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana səfər edərək “Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir” bəyanatını verdi.
Digər vacib kozır KTMT ilə bağlı idi. Paşinyan bu kartdan həm də öz siyasi ritorikasına uyğun olaraq istifadə edirdi. 2018-ci ildə hakimiyyətə gəldiyi gündən Ermənistanda Qərb ab-havası yaşatmağa çalışan Nikol sponsoru Sorosun tələblərinə qarşılıq vermək üçün 44 günlük müharibə başladığı ilk gündən Rusiyadan dəstək istəməyə başladı. İlk növbədə buradakı məqsəd Moskva ilə Bakını üz-üzə qoymaq idisə, ikinci növbədə Putinin reaksiyasını çox yaxşı öngörən Paşinyan bu vəchlə Rusiyanın imicini ölkəsində pozmağa çalışırdı. Ermənistanda Rusiyanın dayaqlarının kəskin şəkildə mövcud olması, hərbi generalitetin rusmənşəli olması, infrastrukturun Rusiyadan aslı olması, üstəlik sərhədlərin şimal qonşusu tərəfindən qorunması İrəvan administrasiyasını Kremlə qarşı açıq bəyanatlara sövq edə bilmirdi. Müharibədə Rusiyadan dəstək və ondan təbii olaraq imtina cavabı almaq İrəvanda qərb küləyi əsdirmək üçün ən optimal variant idi. Lakin gözlənildiyi kimi, Moskva nəinki İrəvanın tələblərinə diqqət etmədi, dolayı ilə ölkəsinin KTMT-dən çıxmasının hansı nəticələr doğuracağını xüsusi diplomatiya ilə izah etdi. Həmçinin, Ermənistanı vasitə olaraq istifadə edib onu Rusiyaya qarşı “qışqırdanlar” da Paşinyandan üz döndərdi.
Məhv olan digər kart beynəlxalq təşkilatlardır. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiyasını xüsusi həyasızlıqla humanitar böhran donu geyindirən ermənilər BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirələrə nail olsa da, daha irəliyə gedə bilmədi.
Beləcə, Ermənistanın bəyanatın şərtlərindən sabotaj etmək üçün üz tutduqları bütün qapılar bağlandı. Tək açılacaq qapı isə Azərbaycan və Türkiyə ilə sərhədlərdir. Əgər Paşinyanın cüzi də olsa optimal düşünmə qabiliyyəti varsa, bu qapıları anti-terror əməliyyatları işə düşmədən açacaqdır. İstənilən halda bu ölkənin prosesləri hərbi eskalasiya mərhələsinə gətirib çıxarmaq üçün artıq heç bir resursu mövcud deyil. Elə ona görə də, prezident İlham Əliyevin də yerli media nümayəndələrinə verdiyi müsahibəsində vurğuladığı kimi, 2023-cü il sülh ili olacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi