MSK-nın əvəzedici üzvü: “Referendumun keçirilməsi qərarı istənilən zaman verilə bilər”

18 Yanvar 2023 17:45 (UTC+04:00)

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına ayrılan 29 milyon 412 min 764 manat vəsaitin 7 milyon 262 min 44 manatı seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

Aznews.az-ın məlumatına görə, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçici siyahısının tərtib olunması prosesinə başlanılıb. Vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır.

Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. Bəs Mərkəzi Seçki Komissiyasının hazırlığına səbəb nə? Bu il referendum olacaq? Yoxsa seçici siyahılarının tərtib olunması hər il aparılan prosedur qaydadır?

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirib ki, bir necə gündür Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası üzrə vahid seçici siyahısının tərtib olunmasını başladıb. Vahid seçici siyahısının tərtib edilməsi sırf Seçki Məcəlləsinin tələbinə əsasən aparılır və bu hər il həyata keçirilən prosedurdur:

“Seçkilər keçirilməyən ildə də bu prosedur həyata keçirilir. İlkin olaraq prosesi məntəqə seçki komissiyası aparır və sonda MSK bütün respubıika üzrə siyahıyaalmanın nəticələrini təsdiq edir. Sonuncu seçici siyahılarına istinad etsək, ölkə üzrə 7 milyona yaxın seçici var. İndi aparılan siyahıyaalma dəqiq rəqəm ortaya çıxaracaq. O ki qaldı sıyahıyaalmanın məhz referendum keçiriləcəyinə görə aparıldığı barədə iddialara, bu, əsaslı yanaşma deyil. Qeyd etdiyim kimi, seçici siyahıları hər il həyata keçirilən prosedurdur. Referendumun olmayacağını isə mən birmənalı söyləyə bilmərəm. Referendumun keçirilməsi qərarı istənilən zaman verilə bilər. Referendum keçirilməsi qərarını isə Mərkəzi Seçki Komissiyası vermir. Qanuna görə, referendum qərarı ölkə rəhbəri tərəfindən verilir”.

N.Orduxanlı qeyd etdi ki, uzun müddətdir siyasətçilər, partiya sədrləri, deputatlar, ekspertlər ölkəmizdə referendumun keçirilməsinin zəruriliyindən danışırlar: "Yeni idarəçilik sisteminin tətbiqi və rayon icra hakimiyyətləri sisteminin yeni idarəetmə forması ilə əvəzlənməsi, proporsional seçki sisteminin tətbiqi, millət vəkillərinin sayının 151-ə çatdırılması və digər məsələlərin həyata keçirilməsi üçün konstitusiya dəyişikliklərinə ehtiyac yarandığı əsas göstərilir. Konstitusiya dəyişikliyi isə ancaq referendum yolu ilə həyata keçirilə bilər. Lakin bütün bunlar, iddialar rəsmi məlumatlar, rəsmi fikirlər deyil. Referendumun keçirilməsi üçün cənab Prezident İlham Əliyevin qərarı olmalıdır. Cənab Prezident belə bir qərar qəbul edəcəksə, bundan sonra Mərkəzi Seçki Komissiyası referendumu təşkil edib həyata keçirəcək”.