Türkiyədə seçkilər - ŞƏRH

20 Yanvar 2023 22:41 (UTC+04:00)

Rəsmi olmasa da, tarix bəllidir: Türkiyə mayın 14-də seçkilərə gedəcək.

Türkiyə mediası və siyasi qüvvələri artıq ölkənin seçki prosesinə daxil olduğunu vurğulayırlar.

Qardaş ölkənin Ana Yasasına görə, Türkiyədə parlament və prezident seçkiləri eyni gündə keçirilməlidir.

Beləliklə, mayın 14-də Türkiyə seçiciləri sandıq başında 100 ilini arxada qoyan cümhuriyyətin yeni siyasi vitrinini müəyyən edəcək.

Heç şübhəsiz, rəqabətin əsas tərəfi Rəcəb Tayyib Ərdoğan və onun liderlik etdiyi AK partiya olacaq.

Türkiyə Ana Yasasına görə, bir kəs iki dəfədəna artıq prezident seçilə bilməz.

Odur ki, Ərdoğanın yenidən namizəd olub-olmamasının hüquqi baxımdan yolverilənliyi artıq müzakirə mövzudur.

Türkiyənin bir sıra hüquqşünasları hesab edirlər ki, yeni seçki qərarı TBMM tərəfindən çıxarılmazsa, Ərdoğan namizəd ola bilməz.

TBMM sədri Mustafa Şəntop isə, Ərdoğanın namizəd göstərilməsi üçün heç bir hüquqi mane olmadığını söyləyib. Onun fikrincə, bu tələb Konstitusiyaya yeni salındığından Ərdoğanın əvvəlki prezidentlik dövrünə şamil olunmur.

Türkiyə prezidenti R.T.Ərdoğanın 44 günlük müharibədə qələbə qazanmağımızda böyük rolu oldu. Özünün liderlik xarizması və xarakteri ilə yanaşı Türkiyənin dəyişmiş siyasi sistemi də Ərdoğana Qarabağ məsələsində qətiyyətli mövqe tutmaq üçün imkan yaratdı.

Odur ki, Ərdoğana bu seçkilərdə qalib gəlib-gəlməməsindən asılı olmayaraq bir xalq kimi vəfa borcumuz var. Bununla belə, gözlənilən seçki həm Ərdoğan, həm də partiyası üçün çox çətin olacaq. AK partiyanın bir çox qurucuları artıq müxalifət düşərgəsindədir və bu, mühafizakar seçki kütləsinin parçalanmasına rəvac verib. AK partiya iqtuidarını MHP-nin dəstəyi ilə saxlayır. Lakin Ülkü Ocaqlarının keçmiş başqanı, dosent Sinan Atəşin qətlinə Baxçalının münasibət bildirməməsi MHP-yə baha başa gələcək kimi görünür. MHP ciddi ölçüdə səs itirir. Sinan Atəşin qətli MHP-də Baxçalı sonrasına hazırlaşan tərəflərin silahlı çatışması kimi yozulur. AKP-nin seçkilərdə əldə etdiyi nəticədən asılı olmayaraq MHP-nin baraj altında qalması Baxçalının postu uğrunda şiddətli mübarizə başlayacağını göstərir.

AKP uzun illərdir iqtidardadır və dinamik Türkiyə cəmiyyətində yeni siyasi tələbat var. Məhz bu təlabatın nəticəsidir ki, Türkiyənin əsas iri şəhərlərində son bələdiyyə seçkilərini CXP qazanıb. Analitiklərin fikrincə, "6-lar" parlaq bir fiqur namizəd göstərə bilsələr, prezident seçkilərində qələbə qazanmağa şanslıdırlar. Yeni aparılmış sosioloji sorğular da bunu göstərir. Hətta ən "optimist" araşdırma şirkətləri belə, Ərdoğanın ilk turda qalib gəlməsini təxmin etmirlər.

Hər nə qədər qəribə olsa da, seçkinin taleyini iddiaçılar deyil, prezident kürsüsü uğrunda yarışmayacaq Meral Akşener həll edəcək. Siyasi dəngələrin formalaşmasında açar isim odur. Akşener İstanbul BŞBB Əkrəm İmamoğludan və ya Ankara BŞBB Mansur Yavaşın adaylığından yanadır, bununla belə, son anda Ərdoğanın da əlinə oynaya bilər. Belə ki, 1948-ci ildə doğulmuş CXP lideri Kamal Qılıncdaroğlu növbəti seçkilərə özünün son şansı kimi baxır. Akşener Qılıncdaroğlunun qələbə qazanacağına inanmır. Bu inamsızlığını dəfələrlə üstüörtülü şəkildə biruzə verib. Akşenerin "B" planına görə dəstəklədiyi namizəd- İstanbul BŞBB Əkrəm İmamoğlu isə yurd gəzintisinə çıxmaqla və görüşlər təşkil etməklə əslində çoxdan seçki meydana atılıb. Ancaq bu sıçrayıç sadəcə prezidentlik iddiası ilə bağlı deyil. Seçkilərdə namizəd olmayacağı, yaxud namizəd olub qələbə qazanmayacağı təsdirdə Kamal Qılıncdaroğlunun CXP başqanlığından getməsi gündəmə gələcək. CXP liderinin yerinə Özgür Özeli hazırladığı iddia olunur, ancaq İmamoğlu da İstanbul kimi meqapolisdə əldə etdiyi zəfəri partiya lideri statusuna çevirmək üçün çalışacaq.

Əgər, namizədinin kimliyindən asılı olmayaraq, Türkiyədə müxalifət qələbə qazanarsa, yeni cümhurbaşqanı "uzlaşma"ya əməl etməyə məcbur olacaq. Uzlaşma tərəfləri isə rəngarəng olduğundan yeni prezidentin Azərbaycan məsələsində Ərdoğan qədər qətiyyətli mövqe tutması çətindir.

Bütün hallarda, qarşıdakı seçki Türkiyə siyasi arenasını ciddi şəkildə dəyişdirəcək.

Taleh ŞAHSUVARLI