Davos Forumunda Azərbaycana xüsusi diqqət İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisidir- Vüqar Rəhimzadə

21 Yanvar 2023 18:52 (UTC+04:00)

Ölkəmizin beynəlxalq arenada tərəfdaşlarının sayının günbəgün artması Davos Forumunda bir daha əyani təsdiqini tapdı

“Azərbaycanın nüfuzunun, iqtisadi gücünün təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısı başa çatdı. Hər bir tədbirini dövrün reallıqlarına, çağırışlarına həsr edən Forumun builki mövzusu "Parçalanmış dünyada əməkdaşlıq" oldu. Adından da göründüyü kimi, hazırkı dövrdə, yəni, beynəlxalq münasibətlərdə yeniliklərin baş verdiyi, qütbləşmə prosesinin dərinləşdiyi bir zamanda yeni əməkdaşlıq formatlarının yaradılmasına, dünyada, o cümlədən regionda sülhün, təhlükəsizliyin, sabitliyin daha da möhkəmləndirilməsinə böyük zərurət duyulduğu özünü aydın şəkildə büruzə verir. Dünyanın 130-dan artıq ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxsin, o cümlədən 52 dövlət və hökumət başçısının Forumda iştirakı da özündə bir çox məqamları ehtiva edir.

Məlumdur ki, hər bir beynəlxalq tədbirin əhəmiyyətini şərtləndirən amillər sırasında onun keçirildiyi məkanla yanaşı, eyni zamanda, əhatə etdiyi mövzu və iştirakçıların say tərkibi də xüsusi yer tutur. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması və burada keçirdiyi biri-birindən əhəmiyyətli görüşlər dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Bunu Azərbaycanın dövlət başçısının Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, eyni zamanda, “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı, Ona ünvanlanan sualları tam dolğunluğu ilə cavablandırması, Çinin CGTN televiziya kanalına müsahibəsi və sair kimi biri-birindən mühüm məqamlar bir daha təsdiqləyir.”

Aznews.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, sadalanan mühüm hadisələr bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə dərin hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu fonunda əməkdaşlığın inkişafı üçün geniş imkanların təqdimatıdır: “Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi. Azərbaycanın beynəlxalq arenada tərəfdaşlarının sayının günbəgün artması Davos İqtisadi Forumunda bir daha özünü əyani şəkildə göstərdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi mövqeyinin möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Forumda daha çox diqqət göstərilən məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Hazırkı dövrün əsas hədəflərindən birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev Azərbaycanın bu sahədə mövcud imkanları barədə məlumatları tədbir iştirakçılarına, onların vasitəsilə ayrı-ayrı ölkələrin ictimaiyyətinə çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında ətraflı məlumat verdi: “Xüsusilə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə işğalçı dövlətin destruktiv mövqeyi, ölkəmizlə sülh müqaviləsini imzalamamaq üçün müxtəlif əsassız bəhanələr gətirməsi, danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Dövlət başçısı İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın-Xankəndi yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı azərbaycanlı ekofəalların burada davam edən etiraz aksiyasından geniş bəhs etdi. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulandı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi əsaslı şəkildə diqqətə çatdırıldı.”

Diqqəti dövlət başçısı İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsinə yönəldən Vüqar Rəhimzadə onu da bildirib ki, ölkə Prezidenti hazırkı dövrdə dünyada əməkdaşlığı çətinləşdirən məqamları qeyd etdi: “Bildirildi ki, bəzi dövlətlərin ambisiyaları, dünyada, o cümlədən regionda liderlik uğrunda aparılan mübarizə beynəlxalq münasibətlərdə etimadsızlığa, gərginliyə və hətta ayrı-ayrı ölkələr arasında müharibələrə gətirib çıxarır. Azərbaycanın siyasəti hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb. Çünki yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik. Əsas çağırış məhz müxtəlif qütblər arasında əməkdaşlığın, birliyin, həmrəyliyin yaradılmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri Forumla bağlı belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın dünyanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri, balanslaşdırılmış xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə söz sahibi olmasında özünün aydın ifadəsini tapır: “Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biridir. Bu, öz növbəsində ölkəmizin beynəlxalq tranzit imkanlarının təqdimatıdır. Şübhə yoxdur ki, yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı aparılan müzakirələrin real nəticələrdə öz təsdiqini tapması Azərbaycanın bu sahədə rolunu daha da artıracaq.”