"Aksiya humanitar fəlakətin qarşısını alır" - Azər Allahverənovla MÜSAHİBƏ

23 Yanvar 2023 19:09 (UTC+04:00)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovun AzNews.az-a müsahibəsi:

- Bu günlərdə Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu qətnamələrdə deyilir ki, Azərbaycan Ermənistana qarşı işğalçılıq siyasəti yeridir. Eyni zamanda sənəddə Laçın yolunda keçirilən aksiya vasitəsi ilə Xankəndinin blokadaya alınması qeyd olunur. Bu iddialara münasibətiniz necədir?

- Növbəti cəfəngiyyatdır. Ona görə ki, həmin qətnamədə istifadə olunan ifadələr ümümiyyətlə reallıqdan çox uzaqdır. Həmin qətnamədə “işğal”, “blokada”, “humanitar böhran” və s. kimi ifadələrdən istifadə olunub. Bəlli məsələdir ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə birbaşa erməni lobbisinin təsiri altında yazılıb. Hətta mən deyərdim ki, birbaşa ermənipərəst qruplar tərəfindən, Avropa Parlamentində Ermənistanın maraqlarını təmin edən şəxslər tərəfindən hazırlanmış bir sənəddir. Elə təəssürat yaranır ki, bu sənəd sanki Ermənistan parlamenti tərəfindən qəbul edilib. Çünki sənədi diqqətlə oxuyanda görürük ki, açıq-aşkar qərəzdir. Reallıqdan çox-çox uzaq fikirlər səsləndirilir. Avropa ictimaiyyətinin gözündə sanki Azərbaycanı ən pis formada qələmə verməyə cəhd edilir. Amma necə deyərlər dünyanın gözü kor deyil. İlk olaraq qeyd etdiyimiz ifadələr öz təsdiqini reallıqda tapmır. Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır, aksiyalar dəhlizin bir hissəsində təşkil olunub. Aksiyalarda ekofəallar, ekoloji sahədə ixtisaslaşan QHT-lər, vətəndaş cəmiyyəti institutları iştiak edirlər.

- Nədən qətnamə müəllifləri həmin aksiyaların keçirilməsinə zəmin yaradan amilləri nəzərə almırlar?

- Haqlı sualdır. Azərbaycanın təbii sərvətləri Qarabağda vəhşicəsinə talanıb və talanır. “Qızılbulaq” və “Dəmirli” mədənlərində qeyri-qanuni sahibkarlıq fəaliyyəti təşkil olunub. Qızılbulaqda qızıl, Dəmirlidə mis-molibden çıxarılır. Talançılıq və qeyri-qanuni fəaliyyət hazırda keçmiş Rusiya vətəndaşı Ruben Vardanyanın adı ilə bağlıdır. Talançılıq nəticəsində ekoloji problemlər yaranır. Bu da Azərbaycanın eko-fəallarını hərəkətə keçirdi. Ekoloji siyasətə cavabdeh dövlət qurumlarımız monitorinq aparmaq istədilər, imkan verilmədi. Təbii sərvətlərimizi daşıyan yük maşınları Laçın dəhlizində sərbəst hərəkət edirdi.Qarabağın Azərbaycan ərazisi olmasına Avropa parlamenti şübhə etmir. Öz sənədlərində bu faktı təsbit edib. Nə üçün elə özlərinin qəbul etdiyi qətnamələrə zidd şəkildə Azərbaycan sərvətlərinin talanmasına Avropa parlamenti göz yumur? Nədən bölgədə yaşanan ekoloji fəlakətdən bəhs etmir?

- Doğurdanmı Xankəndi blokadaya alınıb?

- Birmənalı demək olar: eko fəallar Xankəndini və ya hansısa bir məntəqəni mühasirəyə almayıblar. Azərbaycan dövlətinə və təbiətinə vurulan ziyan milyardlarla ölçülür. Nə üçün bu məsələ diqqətdən kənarda qalır? Digər tərəfdən, Azərbaycan tərəfi monitorinq keçirmək, fəlakətin miqyasını, vurulan zərərin həcmini müəyyənləşdirmək istəyir. Əvvəl Rusiyanın sülhməramlı kontingenti buna razılıq vermişdi. Sonrakı mərhələdə oradakı kifayət qədər aqressiv olan təxribatçı qruplar tərəfindən bu missiyanın normal fəaliyyətinin qarşısı alındı. Faktiki olaraq Avropa Parlamenti o qətnaməyə imza atanda çox gözəl bilir ki, monitorinq qrupununn fəaliiyyətinin qarşısı alınmışdı. Buna müxtəlif donlar geyindirməyə çalışırlar. Aksiyaların birinci tələbi bununla bağlıdır. "Humanitar fəlakətlə üzləşənlər" niyə bu tələbi yerinə yetirmirlər? Bu tələblər kifayət qədər dinc tələbdir. Silahdan, zorakılıqdan söz açılmır, sadəcə, deyilir ki, mədənlər Azərbaycanın rəsmi şəxsləri tərəfindən yoxlanılsın.

- Xankəndiyə humanitar yardımlar rahatlıqla daxil olur, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti əraziyə ərzaq və tibbi ləvazimatlar çatdırır, xəstələr təxliyə olunur. Hətta keçmiş Dağlıq Qarabağ ərazisindən çıxış üçün Laçın dəhlizinə birləşən alternativ yollar da mövcuddur. Belə bir şəraitdə Avropa parlamentinin qərəzli eməni kampaniyasına qoşulmaqda məqsədi nədir?

- Rusiya sülhməramlı kontingentinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan 500-ə yaxın və daha çox avtomobil aksiyalar başlayandan həmin ərazidən keçib. Onların hərəkəti məhdudlaşmayıb. Bundan başqa, yaxınlarda avtobusların da keçidi təmin olunub. Bir neçə ailənin, xəstə insanların İrəvan istiqamətində ərazidən çıxarılması təmin olunub. Mən özüm də orada olanda keçid prosesini izləyirdim. Yolun humanitar məqsədlər üçün istifadəsi üçün tam şərait yaradılıb. Ancaq aksiya ilə Azərbaycanın təbii sərvətlərinin Ermənistana daşınmasının qarşısının alınıb. Geniş kontekstdə baxdıqda bu yoldan humanitar məqsədlər üçün istifadə oluna bilər. Digər məqsədlər üçün istifadə oluna bilməz. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanat var. Ermənistanın baş naziri də həmin bəyanata imza atıb. Orada konkret olaraq yoldan humanitar məqsədlər üçün istifadə olunması və kommunikasiyaların açılması nəzərdə tutulur. Daha sonra istər Moskva, istər Brüssel görüşlərində qəbul olunan bütün bəyanatlarda “humanitar məqsədlər üçün istifadə” elementi öz əksini tapıb.

- Bəs, reallıq nədən ibarət idi?

- Laçın dəhlizi həm də hərbi məqsədlər üçün istifadə olunurdu. Yolla minalar, silah-sursat, canlı qüvvə daşınırdı. Bugünkü aksiyalar əslində humanitar fəlakətin qarşısını almaq məqsədilə təşkil olunur. Mina terroru faktiki olaraq bəşəriyyət əleyhinə olan hərbi cinayətlərdən biridir. Bu gün həmin aksiyalar Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə silahlı qrupların bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə təşkil olunur. Nə üçün Avropa Parlamentində yüksək dəyərlərdən, demokratiyadan, insan hüquqlarından dəm vuranlar bunu görməzdən gəlirlər? Bu səpkidə məsələyə münasibət bəsləməklə özlərinin sırf Azərbaycana qarşı qərəzli mövqeyinin olmasını nümayiş etdirmiş olurlar. Halbuki bizim ekofəallar bəşəriyyətin əleyhinə olan cinayətin qarşısını alırlar.

- Rus sülhməramlılarının aksiyaya münasibətdə reaksiyasında dəyişiklik varmı? Sülhməramlıların komandanı Volkov hələ də aksiyaçılarla görüşməyib. Sizcə, nədən?

- Volkovun gəlməsi və aksiyaçılarla görüşməsi tələb olunur. Mən belə düşünürəm ki, Volkovun üzərindəki missiya atəşkəsin təmin olunması ilə yanaşı, həm də onların nəzarəti altında olan ərazilərdə humanitar layihələrin, monitorinqlərin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Bilavasitə kontingentin həm də bu funksiyası var. Rusiya sülhməramlı kontingenti bunu yaratmaqda maraqlı deyil. Çünki onların özlərinin də müəyyən maraqları var. Onlar bilirlər ki, monitorinq zamanı talançılıq faktları üzə çıxacaq və ondan sonra Azərbaycan buna bais olanların məsuliyyətə cəlb edilməsi ilə bağlı zəruri addımlar atacaq. Nəticədə onların da bu məsələdəki rolları bəlli olacaq. Digər bir tərəfdən, Ruben Vardanyanın Moskva ilə əlaqələri var. Ayrı-ayrı siyasi dairələrinin sülhməramlı kontingentinin nəzarətində olan zonada proseslərə təsir etmək imkanları olduğunu nəzərə alaraq hesab edə bilərik ki, sülhməramlılara monitorinqə şərait yaradılması ilə bağlı əmr verilmir. Monitorinqlərin keçirilməsi, dəhlizin humanitar məqsədlər üçün istifadə olunması, dəhliz üzərində nəzarətin tətbiq edilməsi Azərbaycan tərəfinin tələbləri arasındadır.

- Ümumiyyətlə, bu cür qətnamələrin Azərbaycan dövlətinə və xalqına siyasi, hüquqi təsiri nədən ibarətdir? Bu cür qətnamələr bizi haqlı tələblərimizdən çəkindirəcəkmi? Ümumiyyətlə, aksiya nə zamana qədər davam edəcək?

- Cənab Prezidentin istər dünya mediasına olan çıxışları, istər dünyanın aparıcı dövlətlərinin rəsmiləri ilə görüşləri, Davosda keçirilən görüşlər də göstərir ki, Azərbaycan çox ciddi şəkildə resurslarından istifadə edərək özünün haqlı olduğunu nümayiş etdirir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə sadəcə bir vərəqdir, hərhansı çəkisi yoxdur. Ən azından biz bilirik ki, zamanında BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi, hansı ki Ermənistan otuz il ərzində icra etməmişdi. Sonda Azərbaycan hərbi yolla qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni Azərbaycan torpaqlarını işğaldan azad etməklə təmin etmiş oldu. Aksiyalar torpaqlarımızın işğaldan azad olunması prosesinin dinc yolla davamıdır.

- Erməni mediası davamlı olaraq belə bir təbliğat aparır ki, aksiyada iştirak edənlər ekoloji yönümlü QHT-lər deyil, guya Azərbaycan hökumətinin agentləridirlər. Ermənilərin bu cür ittihamına sizin münasibətiniz necədir?

- Həmişəki kimi absurd ittihamlardır. Ən azından konkret bir fakt ortaya çıxarılmır. Mən orada olduğum zaman diqqət yetirdim ki, Rusiya sülhməramlı kontingentinin əsgərləri aksiyalarda səslənən şüarları çəkirlər. Biz bilirik ki, bu videolar müəyyən məqsədlər üçün çəkilir. Üz tanınması və digər vasitələrlə onlar çalışırlar ki, bir neçə insan tapıb aksiyanı gözdən salsınlar, qaralasınlar, fəalları müəyyən qurumlara, xüsusi xidmət orqanlarına bağlasınlar. Təbii ki, bunlar hamısı absurddur. Adları dilə gətirilən, şəkilləri, "Facebook" profilləri yayılan şəxslər QHT sektorunun fəal üzvləridir, QHT sədrləridir. Bu gün rəsmi olaraq əmək müqaviləsi ilə çalışan həmin bu şəxslərdən kimsə keçmişdə hərbçi ola bilər, dövlət qulluğunda işləmiş ola bilər, amma zaman dəyişir. Azərbaycanın kifayət qədər güclü, potensialı olan QHT sektoru var. Azərbaycanın böyük gücə malik olan gəncləri var. Bu gün aksiyalarda 200-300 adam ora çıxır. Sabah 2000, 3000, 5000 nəfər çıxa bilər. Bu gün sadəcə olaraq buna ehtiyac yoxdur.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Azərbaycan rəsmi şəxsləri ilə Qarabağdakı erməni icmasının nümayəndələri arasında danışıq baş tutub. Sizcə, separatçılar Azərbaycanın şərtlərini yerinə yetirəcəklər, yoxsa hərbi güc tətbiqinə ehtiyac yaranacaq?

- Bizim şərtlər qəbul ediləcək. Rusiya sülhməramlı kontingenti rəhbərliyi vasitəsilə müəyyən müzakirələr aparılır və təxmin edirəm ki, güc tətbiq olunmadan monitorinqlərin keçirilməsinə şərait yaradılacaq. Heç kim hərbi eskalasiyada maraqlı deyil. Sırf Rusiya sülhməramlı kontingenti özünün orada varlığını təmin etmək məqsədilə vəziyyətin gərgin şəkildə saxlanmasına maraqlı ola bilər. Hərbi əməliyyatların aparılmasında isə maraqlı deyillər. Çünki hərbi əməliyyatlar başlayan zaman Rusiya sülhməramlı kontingentinə heç bir ehtiyac qalmayacaq. Təbii ki, bunu Moskvada da, Ermənistanda da başa düşürlər . İrəvan çalışır ki, bizi Rusiya ilə üz-üzə qoysun. İstənilən halda belə düşünürəm ki, müqavimətə baxmayaraq Rusiya sülhməramlı kontingenti həmin iki mədəndə monitorinqin keçirilməsi üçün şəraitin yaradılmasına nail olacaq. Təxmin edirəm ki, monitorinq məsələsi ilə yanaşı, digər məsələlər ətrafında da müəyyən danışıqlar gedir. Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə yaşayan erməni icmasının Azərbaycana inteqrasiyası mexaniki bir proses deyil. Bu prosesin çoxlu komponentləri var. İnfrastruktur layihələri işlənməlidir. Humanitar xarakterli məsələlər və digər elementlər var. Bunlar ətrafında müzakirələr zaman-zaman aparılacaq. Biz indi yolun başlanğıcındayıq. Monitorinq üçün zəruri şəraitin yaradılması bu yolda ilk uğurlu addım olacaq.

Rəşid QARAYEV,

AzNews.az

QEYD: Müsahibə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.