XİN: "Vətən Müharibəsindən sonra 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb"

24 Yanvar 2023 10:53 (UTC+04:00)

"Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır".

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

"Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub", - vurğulanıb.

Qeyd olunub ki, bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir:

"İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır".