"Avropa İttifaqı Zəngəzur münaqişəsinin mövcudluğunu etiraf edir" - Tofiq Zülfüqarovla MÜSAHİBƏ

25 Yanvar 2023 17:44 (UTC+04:00)

- Cənab Zülfüqarov, Xankəndi yolunda xeyli vaxtdır ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ekoloji tələblərlə aksiya keçirirlər. Sizcə, bu aksiya vasitəsi ilə vətəndaş cəmiyyətimiz nəyə nail olub?

- Bir növ nəzarət tətbiq olunub, hələlik bu nəzarət ictimai xarakter daşıyır. Prosesin məntiqi davamı olaraq heç şübhəsiz yola dövlət qurumlarının nəzarəti bərpa olmalıdır. Biz görürük ki, erməni əhalisi yavaş-yavaş bu şəraitə öyrəşir. Bəlkə də təxribatçılar olmasaydı, daha çox öyrəşərdi. Amma proses davam edir və əminəm ki, yekunda tələb olunan şərait yaradılacaqdır.

- Bu aksiya Xankəndidəki seperatçı rejimə necə təsir göstərir? Qondarma rejim daxilində hansı proseslər gedir?

- Qondarma rejim yaxşı başa düşür ki, siyasi oyunlarının, şoularının sonu yaxınlaşır. Ona görə də artıq hərbi silahlı müqavimətin təşkil olunması barədə şüarlar səsləndirirlər. Bu çağırışlar cavabsız qalır. Çünki artıq birinci “layihə”də nəzərdə tutulmuşdu ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Nəticəsinin nə olduğunu gördük. İndi ikinci dəfə bu yolla getmək istəyənlər azdır. Ona görə də, təkcə “rəhbərlik” deyil, orada qalmış ermənilər də panika və təşviş içərisindədir.

- Ruben Vardanyan faktiki olaraq Araik Arutunyanı kölgədə qoyaraq Xankəndidə separatçıların rəhbərliyini ələ alıb, bu orada səssiz bir çevrilişin baş tutması anlamına gəlmirmi?

- Biz başa düşməliyik ki, həmin simalar bu və ya digər kriminal qurumların rəhbərləridirlər. Onların öz aralarında müxtəlif kriminal maraqlarının toqquşması heç də təəccüblü deyil. Ümumiyyətlə qanuna zidd olan qurumda ciddi maliyyə maraqları da var, biz bunu görürük. Azərbaycan da bu maraqlara zərbə vurmaqda davam edir. Bir sıra məsələlər var ki, onların maraqları toqquşur və bu toqquşmaların nəticəsini biz görürük. Təbii ki, bu toqquşmalara siyasi don geyindirmək istəyirlər.

- BBC və digər beynəlxalq KİV-lərdə Ruben Vardanyanın çıxışlarına geniş yer verilir. Bu işdə Vardanyanın çirkli pullarının rolu nə qədərdir?

- Təkcə BBC yox, digər nüfuzlu qərb mənbələrində də Vardanyan üçün imkan yaradılır. Görünür ki, Kreml və bəzi qərb dairələrinin maraqları üst-üstə düşür.

- Bəs, maraqlar nədən ibarətdir?

- Maraqlar bu bölgədə münaqişə ocağı saxlamaq və bu münaqişə vasitəsilə bölgəni idarə etməkdən ibarətdir. Bu yalnız Rusiyanın strategiyası deyil, Qərb də bu məsələdə iştirak edir. Vəziyyəti təhrif olunmuş formada göstərmək, həqiqətə uyğun olmayan bəyanatlar vermək və s.

- Rusiya sülhməramlı kontingentinin proseslərə münasibəti və müdaxiləsi hansı səviyyədədir?

- Adlarını sülhməramlı qoyan qurumlar yuxarıda qeyd etdiyim maraqlara xidmət edirlər. 90-cı illərdə biz illuziyada yaşayırdıq və bizə elə gəlirdi ki, beynəlxalq qurumlar ədalətli mövqe göstərəcəklər. Amma bu baş vermədi. Azərbaycan artıq istəyir ki, ümumiyyətlə xarici müdaxiləyə son qoysun. Ona görə də qərbin cəhdlərinə imkan vermir, Rusiya sülhməramlılarının da vaxtı bitəndən sonra hesab edirəm ki, onları da çıxarmaq bizim üçün strateji məqsəd olmalıdır.

- Vaxt daralır, 2025-ci ilə qədər Xankəndi məsələsi həllini tapmalıdır. Ermənistan vaxt udmağa, prosesi uzatmağa çalışır. Sizcə, planı nədir?

- Ermənistanın bizə qarşı potensial imkanları məhz xaricdən gələn dəstək vasitəsilə həyata keçirilir. Otuz il ərzində biz işğalın davam etdiyini görürdük. Bu, Rusiyanın dəstəyi ilə baş verən bir proses idi. Ona görə Ermənistan istəyir ki, bu və ya digər şəkildə Qarabağ mövzusuna müxtəlif xarici oyunçuları daxil etsin və onların rolunu təmin etsin. Bu strategiya bizə bəllidir. Bizim strategiyamız isə xarici amilləri münaqişədən tam şəkildə aralamaqdır. Bəzən belə fikirlər səsləndirilir ki, dekabr ayınadək sülhməramlılara aid qərar bildiriləcək. Lakin missiyanı bitirmək və ya uzatmaq qərarı 2025-ci ilin may ayında, yəni altı ay öncədən verilməlidir.

- Avropa Parlamenti Ermənistan-Azərbaycan sərhədi yaxınlığına xüsusi missiya göndərmək barədə qərar qəbul edib. Azərbaycanın isə buna razılığı yoxdur. Ermənistan öz dəqiqləşməmiş sərhədinə Avropadan mülki geyimli hərbiçilər yığmaqla Rusiyaya dirsək göstərmirmi?

- Azərbaycanın buna razılığının olmaması əsas şərt deyil, çünki onların fəaliyyəti Ermənistan ərazisində nəzərdə tutulub. Amma mən bu qərarda bəzi müsbət elementlər də görürəm. Hər halda artıq Avropa İttifaqı da bu bölgəyə missiya göndərməklə Zəngəzur münaqişəsinin mövcudluğunu praktiki şəkildə öz qərarı ilə etiraf etdi İndi necə bəyanatlar verirlər, bu, ayrı bir mövzudur. Amma münaqişənin olmasının beynəlxalq səviyyədə Avropa İttifaqı tərəfindən tanınması faktdır. Azərbaycan bu çərçivədə vaxtilə Göyçə və Zəngəzurdan qovulmuş Azərbaycan əhalisi barəsində məsələni qaldıra bilər. Bu mövzuya aid tədbirlər keçirilir, ictimai qurumlar fəaliyyət göstərir, statistika işləri aparılır. Oraya Aİ tərəfindən missiya göndərilməsi o deməkdir ki, diqqət cəlb etmişik.

- Türkiyədəki seçkilər Azərbaycanı qətiyyətli addımlar atmaqdan çəkindirə bilərmi? Ermənistan bu vəziyyətdən istifadə edib yeni hərbi təxribatlar törədə bilərmi?

- Təxribat törədə bilərlər, amma güc nisbəti tam şəkildə Azərbaycanın xeyrinədir. Bu, hamıya bəlli olan bir məsələdir. Türkiyədəki seçkilərin güc nisbətinə təsir göstərməsinə inanmıram. Biz bilirik ki, Ərdoğanın tənqidçiləri tez-tez Qərb KİV-lərində suyu bulandırırlar. Amma onların hansısa nəticələr əldə etməsinə mən inanmıram. Söhbət yalnız ermənilərdən getmir, ümumi olaraq Türkiyəyə qarşı çıxanların istəyi həyata keçməyəcək.

- Türkiyədəki seçkilərdə Rəcəb Tayyib Ərdoğan qalib gəlməzsə, yeni formalaşacaq hökumətin Qarabağla bağlı siyasəti barədə gözləntilər nədən ibarətdir?

- Qarabağ mövzusu birmənalı olaraq yalnız xarici siyasətdə deyil, eyni zamanda onların daxili siyasətində də öz yerini tutub. Türkiyə-Azərbaycan müttəfiqliyi çox güclüdür. Bu baxımda hakimiyyətə gələcək istənilən siyasi güc Türkiyə-Azərbaycan müttəfiqliyini pozmaq iqtidarında olmayacaq.

Rəşid QARAYEV,

AzNews.az