Sola dönən MCP sədri: "Onların ideologiyasının nə olduğunu bilmirəm" - MÜSAHİBƏ

26 Yanvar 2023 19:27 (UTC+04:00)

- Cənab Nurullayev, partiyanızın sosial-demokratlaşmasının səbəbi nədir?

- Azərbaycan partiyaları ideoloji boşluq yaşayır. Elə bir partiya yoxdur ki, onun ciddi təsirlərə malik və ciddi qəbul olunan idealogiyası olsun. Ya kağız üzərində qalıb, ya da ümumiyyətlə idealogiyasızdır. Belə bir vəziyyətdə partiyaya gələn insanlar hansısa bir şəxsiyyətin ətrafında formalaşır. Azərbaycanda ideologiyasızlıq ucbatından partiyalarda inkişaf da yoxdur. İnsanlar ideyalara, proqramlara yox, sadəcə kimə görəsə, nəyə görəsə partiyaya qoşulur. Biz bu nöqsanları aradan qaldırmaq naminə həm özümüzün ideoloji rahatlığımız, həm də idealoji baxımdan seçim etmək istəyənlər üçün belə bir addım atdıq. Sosial demokratiya üç prinsip üzərində qurulub: Azadlıq, Bərabərlik, Həmrəylik. İdeologiya bu gün həm də kapitalizm cəmiyyətinin yaratdığı eybəcərlikləri, ədalətsizikləri kompensasiya etmək üçün dövlət tərəfindən addımların atılmasını özündə ehtiva edir. Azərbaycanda çoxlu varlı insanlar da var, qanunsuz varlanan insanlar da var. Qeyri-rəsmi olsa da, milyoner, milyarderlər də var, acından ölən insanlar, təhsil haqqını ödəyə bilməyən insanlar da var. Sosial demokratiya deyir ki, insanlar arasında sosial cəhətdən fərqlər ola bilər, amma bu fərq yüz dəfələrlə ölçülməməlidir. İnsanlar varlana bilər, amma cəmiyyətdə dövlətin resursları vətəndaşlar arasında bərabər olmalıdır. Bunun üçün biz bu ideologiyanı seçdik. Azərbaycanda olan bir çox partiyaların sözdə deməsələr də, əməllərində, hərəkətlərində inqilaba meyillilik görünür. Sosial demokratiya ideologiyası inqilabların bütün təzahürlərini inkar edir, biz də inkar edirik. Düşünürük ki, cəmiyyətə inkişaf təkamül yolu ilə gəlməlidir. Çünki inqilablar dəhşətlər gətirir və bəzən heç də xalqın gözləntisini doğrultmur. Bunlara əsasən biz sosial demokratiya ideologiyasını seçdik. Siyasi partiyalar, vətəndaşlar, sosial ideologiyaya məxsus fikirlər, şüarlar səsləndirir və çıxışlar edir. Heç bəlkə də özlərinin də xəbəri yoxdur.

- Bu zərurətin meydana gəlməsində Azərbaycan Sosial Demokrat Partiyasının faktiki olaraq sıradan çıxmasının rolu varmı? Araz Əlizadənin vəfatından sonra bu partiya gündəmdə deyil, Milli Cəbhə bu yeri doldurmaq istəyirmi?

- Qətiyyən. Eyni ideologiyaya malik bir partiyanın olması ikinci ona oxşar partiyanın yaranmasını qadağan etmir. Eyni ideologiyaya məxsus onlarla partiya ola bilər, bu, bütün dünyada belədir. Mən burada problem görmürəm. Bizim kiminsə yerini doldurmaq, tutmaq fikrimiz yoxdur, çünki o yerlərin hamısı ya ləkələnib, ya xarab olub, ya da insanların inamını itirib. Biz sadəcə olaraq sosial demokratiya ideologiyasını ölkədə inkişaf etdirəcəyik. Əmin olmaq istəyirik ki, ölkədə “sağçı”,“solçu” deyiləndə konkret partiyalar nəzərdə tutulur. Əminəm ki, biz ona nail ola biləcəyik ki, “solçu”, “sosial demokrat”, “xalqın adamı”, “xalqın partiyası” deyiləndə Milli Cəbhə partiyası gözlər önünə gələcək. Milli Cəbhə partiyası bu boşluğu nəinki dolduracaq, həm də bu sahədə çox ciddi nailiyyətlər ortaya qoyacaq.

- Azərbaycanda sizdən başqa hansı sosial demokrat partiyalar var? Onlarla və sosial demokrat olmayan partiyalarla münasibətləriniz necə olacaq?

- Bizim heç kimlə düşmənçiliyimiz yoxdur, biz öz işimizlə məşğul olacağıq. Bu araşdırmanı aparmamışam, çünki Azərbaycanda sosial demokratiya ideologiyasına malik üzlər yoxdur. Odur ki, biz o araşdırmanı aparmağa da ehtiyac görməmişik. Bu boş, şumlanmamış sahədir. Bu xam torpaqlarda biz öz məhsullarımızı əkmək niyyətindəyik. Bu ideologiyanı daşıyan, bu yöndə fəaliyyət göstərmək istəyən bütün insanları da Milli Cəbhə partiyasın qoşulmağa, bizimlə addımlamağa, bizimlə birlikdə əməkdaşlıq, tərəfdaşlıq, dostluq etməyə dəvət edirik.

- Beynəlxalq Sosialist İnternasional​ təşkilatı ilə münasibətləriniz necə olacaq?

- Təbii ki, həmin təşkilat ilə əlaqə yaradacağıq. Onlarla yazışmalarımız gedəcək. Nəinki onlarla, bu yöndə fəaliyyət göstərən digər sosial demokratiya ideologiyasına mənsub beynəlxalq platformalarla da danışıqlar aparacağıq.

- Razi bəy, YAP-ı sosial demokrat yönümlü partiya sayırsınızmı?

- Yeni Azərpaycan Partiyası sosial demokratiya yönümlü partiya deyil, elə olsaydı, sosial demokrat ideologiyasına xidmət edərdilər. Onlar Avropada məşhur xalq partiyaları birliyinin üzvüdürlər. Mən açığı, onların ideologiyasının nə olduğunu bilmirəm.

- Siz nə vaxtdan sosial-demokratlaşmısınız?

- Mən bəlkə də uşaqlığımdan sosial demokrat olmuşam. Partiyadakı insanlar da sosial demokratdırlar. Azərbacandakı partiyaların bir çoxlarının yanaşması, proqramları, çıxışı sosial demokratiyaya xidmət edir. Özləri də bunu bilmir. Cəmiyyətimizdə sosial problemlər çoxdur, ədalətsizlik, insanlar arasında bərabərsizlik var. Bu da sosial demokratiya idealogiyasının ölkəmizdə çox vacib bir məqam olduğunu ortaya qoyur. Ona görə də bütün partiyalarda sosial demokratiya idealogiyasının daşıyıcıları əksəriyyət təşkil edir. Ümid edirəm ki, Azərbaycanda bu sahədə tərəfimizdən ciddi biliklər, maarifləndirmə işi aparılandan sonra bizim vətəndaşlarımız da doğru seçim etməyə qadir ola biləcəklər.

Rəşid QARAYEV,

AzNews.az