"Azərbaycan anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır" - deputat Cavid Osmanovla sensassion müsahibə

26 Yanvar 2023 20:03 (UTC+04:00)

- Cənab Osmanov, Xankəndi yolunda artıq 46 gündür ki, Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri ekoloji tələblərlə aksiya keçirir. Sizcə, bu aksiya vasitəsi ilə vətəndaş cəmiyyəmitimiz bu günə qədər nəyə nail olub?

- Artıq 46 gündür ki, Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri, ekofəallar, gənclərimiz Xankəndi-Laçın yolunda dinc aksiya keçirirlər və aksiyanın məqsədi aydındır. Məqsəd Azərbaycanın təbii sərvətlərinin, faydalı qazıntı yataqlarının bir qrup erməni terrorçuları, vandalları, tərəfindən vəhşicəsinə istismarının qarşısını almaqdır. Əlbəttə, keçirilən aksiya öz nəticələrini verməkdədir. Birincisi, onu qeyd etmək lazımdır ki, artıq 46 gündür ki, soyuq və şaxtalı havaya baxmayaraq soydaşlarımızın orada olması bizim milli birliyimizin bir təntənəsidir. Digər tərəfdən, bu, bir daha onu göstərir ki, Azərbaycan heç zaman bir qarış torpağının belə işğalı ilə razılaşmayacaq. Eyni zamanda vətəndaş cəmiyyətimizin üzvlərinin, gənclərimizin burada olması artıq müəyyən mənada dünya ictimaiyyətinin diqqətini çəkib. Bildiyimiz kimi, Laçın yolu vasitəsilə erməni separatçıları tərəfindən burada aksiyadan əvvəl Azərbaycan ərazilərinə terrorçuların, eyni zamanda silah-sursatın daşınmasını həyata keçirirdilər. Bütün bunların fonunda artıq onun da qarşısı alındı.

- Bu aksiya Xankəndidəki seperatçı rejimə necə təsir göstərir? Qondarma rejim daxilində hansı proseslər gedir?

- Əlbəttə, bu aksiyanın keçirilməsi orada olan separatçı rejimə çox ciddi təsir göstərir. Artıq onların daxilində çox ciddi qarşıdurma yaranıb. Bunlar oradakı separatçı rejimin bütün planlarını alt-üst etməyə davam edir.

- Araik Arutunyan və Ruben Vardanyan arasında qarşıdurma meydana çıxıb. Üstü qismən örtülmüş kimi görünsə də, ziddiyyətlərin dərinləşəcəyi şübhəsizdir. Bu qarşıdurmada kimin qalib gəlməsinin Azərbaycan üçün bir önəmi varmı?

- Bəli, eyni zamanda Arayik Arutunyanla Ruben Vardanyan arasında qarşıdurma xüsusilə bizim dinc aksiyamız başlayandan sonra daha qabarıq şəkildə özünü biruzə verdi. Onların qarşıdurması daha da dərinləşir. Bu da separatçı rejimin parçalanmasına gətirib çıxarır.

- Ruben Vardanyan faktiki olaraq Araik Arutunyanı kölgədə qoyaraq Xankəndidə separatçıların rəhbərliyini ələ alıb, bu orada səssiz bir çevrilişin baş tutması anlamına gəlmirmi?

- Ruben Vardanyan artıq burada qondarma vəzifəyə təyinat aldıqdan sonra separatçı rejimə hakimiyyəti birmənalı olaraq öz əlində cəmləşdirməyə çalışır. Müəyyən mənada Arayik Arutunyanın artıq kölgədə qoymaqdadır. İstənilən halda hər ikisi cinayətkardır. Onlar gec-tez ya bu əraziləri tərk edib getməli, ya da həbs olunmalıdırlar. Onlar Azərbaycan Respublikasının qanunları qarşısında mütləq cavab verəcəklər. Bildiyiniz kimi, onlar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır, barələrində cinayət işləri açılıb. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan üçün onlar istənilən halda cinayətkardır.

- BBC-də və digər beynəlxalq KİV-lərdə Ruben Vardanyanın çıxışlarına geniş yer verilir. Bu işdə Vardanyanın çirkli pullarının rolu nə qədərdir?

- Ruben Vardanyan Rusiyada yaşadığı dövrdə onun adı bir neçə dəfə korrupsiya və çirkli pulların yuyulmasında hallanıb. Bu baxımdan istər Qərb mediasında araşdırmaların nəticələri olaraq bu haqda yazılar gedib. Bu gün Vardanyan öz çirkli pullarından istifadə edərək xüsusən Qərb mediasında Laçın-Xankəndi yolunda aksiyanı ön plana çəkir. Guya ki, Xankəndi və ətraf ərazilərdə ərazilərində olan ermənilər blokada şəraitində yaşayırlar. Bu tam yanlış fikirdir. Çünki 46 gün ərzində burada 1000-dən çox humanitar missiyalı avtomobillər keçib. Heç bir blokadanın olmadığı açıq şəkildə görsənir. O isə çalışır ki, öz çirkli pulları vasitəsilə şou yaratsın. Düşünürəm ki, BBC-yə verdiyi müsahibəsində o peşəkar jurnalistlə üz-üzə gəldi və tamamilə çıxılmaz vəziyyətə düşdü. Həmin jurnalistin suallarını cavablandıra bilmirdi. Bu da onun kriminal separatçı olduğunu bir daha göstərdi.

- Ermənistan baş naziri Nikol Paşinyanla Ruben Vardanyan arasındakı münasibətlər də gərgindir. Digər tərəfdən, Azərbaycan Ermənistanın Qarabağ məsələsinə fəal müdaxiləsini istəmir. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı diplomatik təzyiq rıçaqlarından istifadə edir. Bu ziddiyyətli ortam İrəvana və Xankəndiyə qarşı "dəmir yumruq"dan daha bir dəfə istifadə edilməsini aktuallaşdırmırmı?

- Bəli, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan və Ruben Vardanyan arasında münasibətlər çox gərgindir. Əslində hər kəs yeni reallığı başa düşməlidir. Bu reallıq da ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Hər hansı kənar qüvvənin də buraya müdaxilə hüququ yoxdur. Azərbaycan da istənilən vaxt ərazilərində anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Bu beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Silahlı Qüvvələrimiz də buna hər zaman hazır və qadirdir.

- Avropa Parlamenti Ermənistanla Azərbaycan sərhəd yaxınlığında xüsusi missiya göndərmək barədə qərar qəbul edib, Azərbaycanın isə buna razılığı yoxdur. Ermənistan öz dəqiqləşməmiş sərhədinə Avropadan mülki geyimli hərbiçilər yığmaqla Rusiyaya dirsək göstərmirmi?

- Əlbəttə, Avropa parlamentinin Ermənistanın Azərbaycanla sərhəd yaxınlığına xüsusi missiyanın göndərmək qərarı erməni lobbisinin təsiri altına düşmüş parlamentarilərin çıxartdığı əsassız bir qərardır. Çünki bu qərar Azərbaycanla razılaşdırılmayıb. Bu günə kimi Azərbaycan tərəfi dəfələrlə Azərbaycan-Ermənistan sərhəddinin delimitasiya və demarkasiyasının aparılmasını Ermənistana təklif etsə də Ermənistan tərəfi hər dəfə bəhanələr gətirərək süni əngəllər törədib. Bu günə qədər də Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməmişdir. Bu baxımdan da belə bir missiyanın buraya göndərilməsi yolverilməzdir. Bu Avropa Parlamentinin ikili standartlar siyasətinin bir təzahürüdür. Xüsusilə də Fransa canfəşanlığı altında həyata keçirilən bu qərar Cənubi Qafqazda onların rolunu daha da artırmaq, mövcudluğunu həyata keçirmək, eyni zamanda Rusiyanı da Cənubi Qafqaz amilindən tamamilə çıxarmaq niyyəti daşıyır. Xüsusilə qeyd etmək istəyirəm ki, Avropa Parlamentinin bu qərarı sülhə yox, təxribata yönəlmiş bir addımdır.

- Faktiki olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşlər Fransanın məsuliyyətsiz və birtərəfli hərəkətləri nöqteyi nəzərdən iflasa uğrayıb. Hazırda sülh danışıqlarda ABŞ və Rusiya vasitəçi kimi çıxış edir, ancaq onların da təşəbbüsləri real nəticə vermir. Bu isə sülh sazişinin imzalanmasını uzadır. Nə zamana qədər gözləyəcəyik?

- Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında yüksək səviyyədə üçtərəfli görüşlər keçirildi. Görüşlərin nəticəsi olaraq qərarlar qəbul olunmuşdu, amma sonuncu Praqa görüşündən sonra Fransa prezidentinin Azərbaycana qarşı olan əsassız açıqlamaları Parisin Ermənistana açıq dəstəyini göstərdi. Daha sonra Ermənistanın Fransasız görüşlərdən imtina etməsi başlanan işi yarımçıq qoymuş oldu. ABŞ və Rusiya vasitəçi kimi çıxış edir, amma hansı tərəfin vasitəçilik etməsindən asılı olmayaraq düşünürəm ki, Ermənistanla burada ciddi iş aparılmalıdır. Azərbaycan öz mövqeyini ortaya qoymuşdur. Bu, vətən müharibəsindən sonra prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qeyd olunub. Bizim digər rəsmi şəxslərimiz tərəfindən beş maddəlik sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs irəli sürülüb. Amma Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Düşünürəm ki, yalnız Ermənistanla ciddi iş aparılmalıdır. Ermənsitan tərəfi yeni reallığı qəbul etməlidir və anlamalıdır ki, onların yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Digər bir tərəfdən hamımız xatırlayırıq ki, prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə də qeyd etdi ki, ikinci Qarabağ müharibəsinin nəticələri 2023-cü ildə öz bəhrəsini verməlidir. Ermənistan üçün bu son şansdır, hələ də Ermənistan sülh müqaviləsinin imzalamaqdan boyun qaçıracaqsa, bu onlar üçün daha böyük problemlər yaradacaq. Çünki Azərbaycan hər zaman öz ərazi bütövlüyünü qorumağa, istənilən təhdidlərin qarşısını almağa hər zaman hazırdır.

- Vaxt daralır, 2025-ci ilə qədər Xankəndi məsələsi həllini tapmalıdır. Ermənistan vaxt udmağa, prosesi uzatmağa çalışır. Planı nədir?

- Görünür, Ermənistan bütün danışıqlar prosesinin üzərindən xətt çəkir. Görürük ki, erməni lobbisi tərəfindən Azərbaycana qarşı təzyiqlər göstərilməyə çalışılır. Amma bütün bunlar iflasa uğrayacaq. Ermənilər düşünürsə ki, dünya siyasi arenasında Azərbaycana təzyiq vasitəsilə nəsə əldə edəcəklər, vaxt qazanacaqlar, yanılırlar. Digər tərəfdən onu da görürük ki, onlar hərbi kontingentini gücləndirməklə məşğuldurlar. Amma bu da onlara hər hansı bir kömək göstərməyəcək. Onların bütün planları alt-üst olacaq və iflasa uğrayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olacaqdır.

-Türkiyədəki seçkilər Azərbaycanı qətiyyətli addımlar atmaqdan çəkindirə bilərmi? Ermənistan bu vəziyyətdən istifadə edib yeni hərbi təxribatlar törədə bilərmi?

- 2023-cü il Türkiyədə seçkilər ilidir. İlkin olaraq vaxt açıqlanıb, mayın 14-nə təyin olunub. Qardaş ölkədə həm prezident seçkiləri, həm parlament seçkiləri gözlənilir. İstənilən halda Azərbaycan öz qətiyyətli addımlarını bundan sonra da atacaq. Heç bir qüvvə Azərbaycanı qətiyyətli addım atmaqdan çəkindirə bilməz. Çünki 50 milyonluq dünya azərbaycanlıları cənab İlham Əliyevin ətrafında birləşib.

-Türkiyədəki seçkilərdə Ərdoğan qalib gəlməzsə, yeni formalaşacaq hökumətin Qarabağla siyasəti ilə bağlı gözləntilər nədən ibarətdir?

- Qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, ümid edək ki, növbəti dəfə prezident seçiləcək. Çünki o dünya çapında tanınmış bir siyasətçidir, güclü bir liderdir. Azərbaycan-Türkiyə münasibətlərinin bu qədər yüksək səviyyəyə gəlməsində də qardaş ölkə prezidentinin çox fəal rolu olub. İkinci Qarabağ müharibəsində də biz gördük ki, qardaş ölkənin prezidenti, bütövlükdə Türkiyə Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək olurlar. İki ölkənin liderləri arasında yaranmış dostluq münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək gətirib. Azərbaycanla Türkiyə arasında 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik haqqında sənəd imzalanıb. Bu, Azərbaycan və Türkiyə dostluğunun bariz nümunəsidir.

Rəşid QARAYEV,

AzNews.az