Əziz Əlibəyli: “Kalaşnikov” bir nəfərin ölümü üçün nəzərdə tutulmamışdı - AÇIQLAMA

27 Yanvar 2023 13:53 (UTC+04:00)

“Bu bir mənalı şəkildə terror aktıdır. Hadisənin şəxsi zəmində olması ilə bağlı qənaət formalaşdırmağa çalışan İran hakimiyyətidir. İran bu terror aktını şəxsi zəminə çevirməklə masştabını kiçiltməyə çalışır”.

Bunu Aznews.az-a Azərbaycan Respubikasının İran İslam Respublikasındakı Diplomatik səfirliyinə hücum edilməsi ilə bağlı açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib

Onun sözlərinə görə, baş verənlər Vyana konvensiyasının, o cümlədən diplomatik nümayəndəliklərin toxunulmazlığının pozulması deməkdir: "Bu, beynəlxalq hüquqla tənzimlənən, qorunan imtiyazların və immunitetlərin tapdalanması, üstəgəl Azərbaycanın suveren ərazisinin pozulması anlamına gəlir. Azərbaycan mühafizəçiləri ilə üz-üzə gələn terrorçu SEPAH-ın nəzarət xəttini nə cür keçib? İkincisi, daşıdığı “Kalaşnikov” markalı avtomat bir nəfərin ölümü üçün nəzərdə tutulmamışdı. Bu şəxs səfirliyimizin bütün işçilərini qətlə yetirmək məqsədi daşıyırdı. Bu birmənalı şəkildə terrordur və bilavasitə İranın mərkəzi nəzarət qurumları, o cümlədən qeyd etdiyim SEPAH-la əlaqəlidir".

Ə. Əlibəyli bundan sonra atılacaq addımlarla bağlı danışarkən qeyd edib ki, hadisə ilə bağlı diplomatik nota verilməlidir, ikinci növbədə qatil cəzalandırılmalıdır: "Azərbaycanın atacağı bir neçə addım var, sadəcə bu İranın mövqeyindən asılıdır. Ən azından səfirliyimizin diplomatik təhlükəsizliyi təmin olunmursa, bunun masştabı böyük arenalara, o cümlədən BMT-yə qədər çıxa bilər”.

Ekspert sonda vurğulayıb ki, hadisə ilə bağlı birmənalı şəkildə qiymət Azərbaycan Prezidenti tərəfindən verilib və hadisənin terror aktı olduğu bəyan edilib.

Rəşid Qarayev