Deputat: "Köşkdəki polis tam fərqli reaksiya nümayiş etdirməli idi"

27 Yanvar 2023 15:36 (UTC+04:00)

“Bu birmənalı olaraq terror aktıdır. Video görüntülərdən görünür ki, qatil kənarda avtomobildə gözləyir, səfirliyin əməkdaşı səfirliyə daxil olan zaman öz avtomobili ilə yaxınlaşır və səfirliyin avtomobilinə də zərər yetirərək səfirliyə daxil olur”.

Bunu Aznews.az-a Azərbaycan Respubikasının İran İslam Respublikasındakı Diplomatik səfirliyinə hücum edilməsi ilə bağlı açıqlamasında Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, deputat Elşad Mirbəşir deyib.

Onun sözlərinə görə, hadisə əvvəlcədən hazırlanmış terror aktıdır. "Səfirlik əməkdaşının işə nə zaman gəlib getdiyi uzunmüddətli müşahidələr nəticəsində müəyyənləşdirilib və belə bir terror hadisəsi törədilib. Terroru törədən şəxs İran vətəndaşıdır, onun kimliyi müəyyənləşdirilib və həbs olunub. Onun İran xüsusi orqanları ilə əlaqədə olmasıyla bağlı ciddi şübhələr mövcuddur. Videoya diqqət yetirək, səfirliyin qarşısında mühafizə köşkündəki polis əməkdaşı hadisəyə çox sakit reaksiya nümayiş etdirir. Bir strukturun, ələlxüsus da səfirlik kimi strateji bir yerin mühafizəsini həyata keçirən polis tam fərqli bir reaksiya nümayiş etdirməli idi. Amma aydın görünür ki, terrorçu səfirliyə daxil olur, polis köşkündən uzaqlaşmır. Sanki hadisələrin başa çatması üçün şərait yaradır. Polisin əlində silah var, onun qarşısını yerindəcə ala bilərdi. Onun səfirliyə daxil olmasını önləyə, atəş aça bilərdi. Amma bütün bunların heç birini etmir, hətta yerini də bir müddət sonra tərk edir və hadisələrə reaksiya göstərir”.

Deputat qeyd edib ki, bu terror aktı dərindən araşdırılmalıdır: "Nəzərə almaq lazımdır ki, İranda xüsusi xidmət orqanlarının Azərbaycan səfirliyinə terror hücumu hazırlanması haqqında məlumatsız olması inandırıcı deyil. Dediyim kimi bu terror aktı uzunmüddətli hazırlığın nəticəsidir. Mümkün deyil ki, hər yerdə müşahidə kameraları olduğu halda İran hüquq mühafizə orqanları belə bir hadisənin baş verməsindən xəbərsiz olsun. Ona görə də bütün ilkin şübhələr onu deməyə imkan verir ki, burada İranın məsuliyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, 1961-ci ildə “Diplomatk Əlaqələr haqqında”, 1963-cü ildə “Konsulluq Əlaqələri haqqında” Venesiya konvensiyaları qəbul edilmişdir. Bu konvensiyalara əsasən dövlətlər öz aralarında fəaliyyət göstərən diplomatik missiyaların, konsulluq xidmətlərinin təhlükəsizliyinə birbaşa cavabdehdirlər. Bütün hallarda İran bu məsələ ilə bağlı cavabdehlik daşıyır”, - deputat qeyd edib.

Rəşid Qarayev