Azərbaycana qarşı terror: Tehran tuman altında gizlənir...

27 Yanvar 2023 18:34 (UTC+04:00)

Hər şeyi öncədən ölçüb-biçmişdilər.

Günlər öncəsi, həftələr öncəsi, aylar öncəsindən hazırlamışdılar terror aktını.

Azərbaycan Respublikasının Tehrandakı böyük elçiliyinə silahlı hücum birmənalı olaraq terror aktıdır.

Arxasında İranın molla rejimi dayanır.

Müstəqil dövlət olduğumuz gündən bəri Azərbaycana hər yerdən və bütün mümkün vasitələrlə hücum edirlər.

İllərdir daxildə formalaşdırdıqları təzyiq rıçaqları işə yaramadı.

Ermənistana qahmar çıxdılar, Xankəndidəki seperatçı qalıqlarından yapışdılar, Zəngəzurda konsulluq açdılar, hər dəfə milli iradəmiz və həmrəyliyimiz qarşısında rəzil oldular.

Terror- rəzillərin işdir!

Terror- acizlərin əməlidir!

Teror- şərəfsizliyin etirafıdır!

Mayası terrorla yoğrulub molla rejiminin.

1979-cu ildə ABŞ səfirliyinə hücum etmiş, qətllər törətmiş, girovlar götürmüş, elçiliyi yağmalamışdılar.

Bu dəfə ssenariləri bir az fərqli idi.

Elçiliyin önündə diplomatlarımızın avtomobilini arxadan vurmaqla hər kəsi ortalığa çıxmağa təhrik etmək, qabağına keçənləri "Kalaşnikov"la biçmək istəyirdi mollaların terrorçusu.

Böyük bir qətliam olacaqdı.

Bir diplomatik missiyanın çalışanları yaralanacaq, həlak ediləcəkdi.

Bircə Vasif Tağıyevı hesaba qata bilməmişdilər.

Onun əliyalın atəş vəziyyətində olan avtomatın qabağına çıxıb terrorçunu boyunlayacağını, agentlərinin dizini yerə qoyacağını güman etməmişdilər.

Ortalıq qan gölünə dönəndə, yəqin ki, polisləri göndərib terrorçunun qafasına bir güllə sıxacaq, bununla da özlərini süddən çıxmış ağ qaşıq kimi aparacaqdılar.

Vasifin gözünü qırpmadan "Kalaşnikov"un qarşısına çıxması ilə tuman altda gizlənməli oldular.

Xalqımızın belə yerdə bir ifadə işlədir: "Papaq altdakı oğullar" .

Azərbaycanın papaq altdakı oğlu Vasif Tağıyev öz şücaəti ilə molla rejimini tuman altında gizlənməyə sövq edib.

Başlarını soxmaq istəyirlər tumana, ancaq dəvəquşu kimi hər yerləri açıqdadır.

Qəhrəmanlıq-spontan hadisədir.

ADNA terroru zamanı şəhid olan Savalan Cabbarov o gün Azərbaycan oğullarının qəhrəmanlıq potensialını ortaya qoymuşdu.

Bir Savalan ölər, min Savalan doğular!

Bir Mübariz ölər, min Mübariz doğular!

Bir Polad paşa ölər, min Polad paşa doğular!

Budur bizim xalqımız!

Budur bizim qəhrəmanlarımız!

Biz gözünü qırpmadan özünü atəşin qabağına atan oğulları 44 günlük savaşdan tanıyırıq.

Füzulidə "keçilməz" deyilən istehkamları yaran, Suqovuşanda, Cəbrayılda, Zəngilanda tarix yazan, düşməni torpaqlarımızdan it kimi qovan, Şuşaya bayraq sancan MİLLİ RUHun parçasıdır Vasif.

Allah Tehrandakı Azərbaycan səfirliyində həlak olan, xaincəsinə şəhid edilən zabitimiz Orxan Əsgərova rəhmət etsin.

Qanı yerdə qalmayacaq!

Tehrandakı səfirliyimiz Azərbaycan Respublikasının ərazisidir.

Ərazi bütövlüyümüzə qəsd edən terrorçu rejim dünyanın siyasi coğrafiyasından silinməyə məhkumdur.

İran mollakratiyası bu bəşəri missiyanı Azərbaycan xalqına həvalə etdi.

Arzularına qovuşdaracağıq ən qısa zamanda!