İranın terror təcrübəsi

30 Yanvar 2023 12:15 (UTC+04:00)

Azərbaycana qarşı son illərin ən xain hücumu baş tutdu. Əlinə düşən hər fürsətdə Azərbaycana qarşı təxribat törədən İran bu dəfə də riyakar davranış nümayiş etdirdi. Türklərə qarşı tarixi düşmənliyini açıq şəkildə göstərdi. Azərbaycanın zəfərini, ərazi bütövlüyümüzün bərpasını həzm edə bilməyən İran qələbədən sonra aqressiv bəyanatlar, gövdə göstərişi olan hərbi təlimlərin ardınca praktiki terrora keçdi. Tehranda yerləşən diplomatik korpusda terror aktının törədilməsi ilə İran Azərbaycana hücum etmiş oldu.

Halbuki, Diplomatik Əlaqələr Haqqında 1961-ci il Vyana Konvensiyasının maddələrinə əsasən, konsulluq münasibətlərinin qurul¬ması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.

İslam Respublikası daxili və xarici siyasətində əlində bayraq etdiyi İslam dəyərləri də daxil olmaqla beynəlxalq hüququn bütün prinsiplərini çeynəyir. Aqressiv bəyanatlar, qanunsuz silah daşımalar, diversiya qruplarının Xankəndinə göndərilməsi, bu dəfə isə teraktın törədilməsi İranın əsl iç üzünü ortaya qoydu. Hər nə qədər Tehran hadisənin məsuliyyətini boynundan atmağa çalışsa da, bütün oxlar onun üzərindədir. Əvvəla, İranın xüsusən 2-ci Qarabağ müharibəsindən bəri ölkəmizə qarşı yürütdüyü siyasət hadisənin teror məqsədli olduğunu düşündürür. İkincisi, terror aktına məişət zəminində baş verən insident donunun geyindirilməsi əsl məqsəddən yayınma cəhdi kimi görünür. Üstəlik kameranın yaddaşına həkk olunan görüntülərdə müəyyən məqamlar bunu deməyə əsas verir. Hadisədə öncə səfirliyin binasına yaxınlaşaraq içəri daxil olmağa cəhd olunur və molotov kokteyli atılır. Bu qədər səs küylü addımları polis hiss etmiyə bilməzdi. İçəri daxil olmağa müvəffəq olduğu zaman isə qarşıdakı mühafizə polisinə qələbə işarəsi tutur və aydın olur ki, mühafizəçi plandan xəbərdardır. Terrorçu Kalaşnikov silahından olduqca peşəkar şəkildə istifadə edir, dəqiq atışlar atır, qətliamı törətdikdən sonra isə tam hazırlıqlı terrorçulara xas soyuqqanlılıq nümayiş etdirir.

Terror aktının seçildiyi vaxt da təsadüfi deyil. Bir müddət öncə İslam İnqilabı Keşikçiləri Korpusu SEPAHa məxsus media resurslarında Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Bakı-Tehran təmaslarında gərginliyin aradan qaldırılması üçün Ankaranın vasitəçilik imkanları qınanıb.
Üstəlik, İran təcrübəsində diplomatik nümayəndəliyə qarşı törədilən ilk addım deyil. 1979-cu ildə ABŞ səfirliyinə hücum, Məhəmməd Rza şahın təhvil verilməsi tələbi ilə 52 diplomatın 444 gün girovluqda saxlanıb. 2011-ci ildə Britaniya səfirliyi, 2016-cı ildə Səudiyyə Ərəbistanının İrandakı səfirliyi eyni təxribatın şahidi olub. Ötən il Londonda İrana məxsus ektremist qruplaşmanın üzvləri tərəfindən səfirlik binasına edilən hücum da İslam Respublikasının bu işlərdə təcrübəsiz olmadığını göstərir.

İranın Azərbaycana qarşı məkrli siyasəti əsrlərdir yürüdülür. Tarixi torpaqlarımızın şimal qonşumuzla birgə bölüşdürülməsi, ardınca soydaşlarımız arasında tarixin saxtalaşdırılmasına çalışılması, ölkəmizin gücü əleyhinə ideoloji təlqin ritorikasının yürüdülməsi bu siyasəti tətikləyib. İndi isə Azərbaycanın tam müstəqil olması, güclənməsi, öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad etməsi cənub qonşumuzu hiddətləndirir. Molla rejimi bir gün ölkəmizin 2 əsr öncə itirdiyi torpaqlarına da dönüş edəcəyindən narahatdır. Üstəlik, şovinist ideologiyaya xas olan bu ölkə regionda alternativ gücün formalaşmasından narahatdır. Bugün Azərbaycan və Türkiyə ittifaqı siyasi konfiqurasiyanı kökündən dəyişib. Güclü Türk dünyası üçün əsl fundamenti formalaşdırıb. Regionun əsas layihələrinin icraçısı və iştirakçısı olub. Uğurlarımızı həzm edə bilməyən, ölkəmizi qarşılıqlı reaksiya verməyə vadar edərək imicini pozmağa çalışan İran niyyətinə nail olmayacaq. Ancaq ən qısazamanda etdiklərinin hesabını verəcək. Qardaşı Ermənistan kimi...

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi