Tənzilə Rüstəmxanlı: "Bu terrorun cavabını gərək Təbriz verəydi"

30 Yanvar 2023 13:40 (UTC+04:00)

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı AzNews.az-ın suallarını cavablandırıb:

- Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun terror aktı olduğuna heç bir şübhə yoxdur. Tehran nə üçün açıq terrora keçdi?

- Tehranın səbəbə ehtiyacı yoxdur. Bu terror aktı bir ildən çoxdur, daha dəqiq desək, Qarabağ müharibəsindən sonra Azərbaycana bəslədiyi düşmənçilik siyasətinin nəticəsidir. Azərbaycana gözdağı vermək istəyir. Səfirliyin ərazisi Azərbaycan torpağıdır, toxunulmazdır. İran demək istəyir ki, Azərbaycanın ərazisinə girmişəm. İran Qarabağ azad ediləndən sonra Ermənistandan betər Azərbaycana qarşı düşmənçilik edir. İranın verdiyi açıqlamalar ortaya atılan boş sözlərdən başqa bir şey deyil. Bu terrorun cavabını gərək Təbriz verəydi, bu ilk növbədə onların işidir. Zülmə bu qədər dözmək olmaz. Onlar çox dözüblər və dözməyə də davam edirlər.

- Terror aktında həlak olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi süni şəkildə gecikdirilirdi. Bu terrorun psixoloji davamı deyilmi?

- Onlar üçün müqəddəs heç bir şey yoxdur, dünyanın hər yerində ölüyə hörmət edilir. İran hazırda heç bir beynəlxalq hüququ tanımır, beynəlxalq hüquqları çeynəyir. İlllərdir ağzı qapalı qalan qazanın ağzı partlayacaqdı və bu da nəticəsidir. Əslində biz İrandan heç vaxt beynəlxalq qanunlara əməl etməsini gözləməmişik. Bu da o növbəti addımlardan biridir.

- Terror aktından sonra İranın bir sıra hərbi obyektləri PUA-larla vuruldu. Xarici mətbuatın yazdığına görə İran hərbi obyektlərinin vurulmasının arxasında İsrail dayanır. Bu İranın artıq bir savaşın içərisində olduğunu göstərmirmi?

- İran onsuz da Azdərbaycana iki ildən çoxdur ki, qeyri-rəsmi müharibə elan edib. Yalnız biz deyil, bütün çevrəsi İrana düşməndir. Adı müsəlman dövlətidir, başda Türkiyə və Azərbaycan olmaqla bütün müsəlman dövlətlərinə düşmənçilik edir. Əgər hücumları həqiqətən İsrail həyata keçiribsə, əlbəttə savaş içərisindədir. Vurubsa, İsrailin əlinə, qoluna qüvvət. Vurubsa, düz edib.

- Bütün bu baş verənlər Güney Azərbaycanda milli istiqlaliyyət hərəkatına necə təsir edəcək?

- Təsir etməlidir. Onlar öz azadlıqlarını düşünürlərsə, ayağa qalxmalıdırlar. Onlar sözlərini demək üçün çox gecikiblər.

Rəşid Qarayev