"İranın əsas hərbi obyektləri vurulmayıb" - Cahandar Bayoğlu ilə sensasion müsahibə

30 Yanvar 2023 15:16 (UTC+04:00)

- Cənab Bayoğlu, Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun terror aktı olduğuna heç bir şübhə yoxdur. Tehran nə üçün açıq terrora keçdi?

- Tehran otuz ildir Azərbaycana qarşı terrorla məşğuldur. Azərbaycanda dövlət çevrilişlərinə cəhd, Qarabağda ermənilərlə birgə Azərbaycana qarşı savaşmaq terror sayılmırmı?! Sayılır. 44 günlük müharibə zamanı ermənilərə dəstək olan İran deyildimi?! Təbii ki, bunlar İranın terror hərəkatını dəstəklədiyini göstərir. Bu gün də terrorçu güclər yenə bir aradadır. İran bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadiləsinə qarşı açıq mesaj verir. Dünən Paşinyanların, Karapetyanların simasında mesaj verirdi, bu gün artıq Xamneyinin simasında, Rəisinin simasında verir. Bu artıq açıq mesajdır, açıq terror aktıdır. Bu, Azərbaycana göz dağı vermək cəhdidir. Bu Azərbaycanda qorxu və İran ideologiyasının basqısının sürətlənmə məqsədi güdən bir aksiya kimi qiymətləndirilməlidir. Bu aksiya yaxın və gələcək zamanda daha kəskin boyutda və formatda davam edəcək.

- Terror aktında həlak olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi süni şəkildə gecikdirilirdi. Bu terrorun psixoloji davamı deyilmi?

- Mən bu şəkildə düşünmürəm. Onun psixoloji tərəfi tam fərqlidir. Olayın özü psixoloji təsirdir, amma nəşin verilməsi məsələsində psixoloj basqı ola biməzdi. Sadəcə olaraq texniki səbəblər ola bilər. Burada hər hansı süni gecikdirmə olsaydı, Azərbaycan tərəfi qəti mövqe ortaya qoyardı və İranın bu addımını açıq-açıq ittiham edərdi. Belə addımlar olmadığına, Azərbaycan tərəfi belə iradə sərgiləmədiyinə görə biz əminik ki, burada Azərbaycan Respublikasına qarşı sabotaj olmayıb. Çünki Azərbaycan İran qarısında çəkinən dövlət deyil. İranın addımlarına qarşı adekvat cavab verən dövlət olduğuna görə bu basqılar cavabsız qoyulmazdı.

- Terror aktından sonra İranın bir sıra hərbi obyektləri PUA-larla vuruldu. Xarici mətbuatın yazdığına görə, İranın hərbi obyektlərinin vurulmasının arxasında İsrail dayanır. Bu İranın artıq bir savaşın içərisində olduğunu göstərmirmi?

- Bu aksiyaların gerçəkləşməsi, dronların uçması, bir sıra partlayışların baş verməsi ilə bağlı nə İran rəsmi açıqlama verib, nə də İsrail bu hücumları öz üzərinə götürüb. Sadəcə fərqli-fərqli şərhlər var. İran daha çox çalışır ki, bunu İsrailin Azərbaycan üzərindən gerçəkləşdirdiyini topluma daha çox çatdırsın və informasiyanı bu istiqamətdə kütləviləşdirsin. Təbii ki, xalq arasında da İsrailin İranı havadan dronlarla işğal etməsi, istənilən yeri vura biləcəyi sözləri yayılıb. Amma baş verən hadisələr göstərir ki, ciddi hərbi obyektlər vurulmayıb. Əgər İsrail belə bir aksiyanı həyata keçirə bilirdisə, öncə böyük hərbi bazaları vurmalı idi. Amma məlum olur ki, hərbi xarakterli elə ciddi bir obyekt vurulmayıb. Deyilənə görə SEPAH-ın bir qərargahı vurulub, amma ciddi itkilər olmayıb. Bu hadisələrin arxasında hansı niyyətlər durursa, bunu biz yaxın gələcəkdə toplumumuza aydınlatmalıyıq. Mən düşünürəm ki, bu terror aksiyasının arxasında Tehran fars faşizminin özü dayanır, gizli niyyətləri var. Bu niyyətlərini gerçəkləşdirmək üçün hazırlıqlıdır. Atılan addımların hər birini də Tehran-Fars faşizminin öncədən planladığını görürük. Bu planların davamına da biz hazır olmalıyıq.

- Azərbaycan səfirliyinin əməkdaşları artıq təxliyyə edilib. Çox az sayda heyət Təbrizdəki konsulluqda fəaliyyət göstərəcək. Azərbaycanla İran arasındakı diplomatik əlaqələr minimuma endirildi. İran bunu gözləyirdimi?

- Bu, diplomatik əlaqələri məhdudlaşdırmaq sayılır. Azərbaycan diplomatik əlaqələri kəsməyib, sadəcə Tehranda Azərbaycanın səfirliyinə açıq şəkildə terror gerçəkləşdiyinə görə Azərbaycan səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyyə aparıb. Səfirliyin bu gün işıqları da yanır, orada Azərbaycanın üçrəngli bayrağı da dalğalanır. Həmçinin orada səfirliyin bir neçə əməkdaşı da təhlükəsizlik baxımından qalacaqlar. Eyni zamanda Təbrizdə də konsulluğumuz tam gücü ilə çalışacaq. Amma irəliləyən zamanda İran-fars faşizmi ilə Azərbaycan Respublikası arasında münasibətlər hansı istiqamətdə cərəyan edəcəyini hələ tam proqnozlaşdırmaq olmaz. Hər şey ola bilər. Ola bilər ki, bu il Azərbaycan və İran arasında bir savaş yaşansın. Biz bütünlüklə İranın Azərbaycana hücumuna və müharibəyə hazırlaşmalıyıq.

- Bütün bu baş verənlər Güney Azərbaycanda milli istiqlal hərəkatına necə təsir edəcək?

- Fars faşizmi siyasi hakimiyyətin dəyişəcəyindən qorxuya düşdüyündən bu addımları atır. Ermənipərəstlukıri də onunla bağlıdır ki, Tehranda işğal etdiyi hakimiyyətə qarşı təhlükə görürlər. Ona görə də Azərbaycan dövlətini vurmaq istəyir ki, milli iradəmizi sındıra bilsinlər. Bu baxımdan həyəcan içində yaşayırlar. Biz də hadisələri doğru və düzgün dəyərləndirsək, Azərbaycan milli hərəkatının ortaq təşkilatlanmasını gerçəkləşdirə bilsək, bu savaş başlamamış Tehranda bitər. Azərbaycan türklüyü, Azərbaycan milli iradəsi Güneydə öz ay-ulduzlu bayrağını qaldırar. Nəticədə 2023 Təbrizdə istiqlal ili kimi qeyd olunar. Buna görə də baş verə biləcək bütün hadisələrdə ən şanslı tərəf Azərbaycandır və bu şansı dəyərləndirməyi bacarmalıyıq.

Rəşid QARAYEV,

AzNews.az