Deputat: "İranın ali rəhbərliyi Azərbaycan tərəfindən üzrxahlıq etməlidir"

31 Yanvar 2023 09:00 (UTC+04:00)

“Beynəlxalq terrorçuluğun mahiyyətini ifadə edən bir tərif var. O tərifə görə, beynəlxalq terror əməliyyatında eyni vaxtda 4 tərəf iştirak edir: Təşkilat və ya təşkilatçılar, icraçı və ya icraçılar, qurban və ya qurbanlar, sağ qalanlar. Təşkilatçının da, icraçının da heç vaxt ilk hədəfləri öldürdükləri qurbanlar deyil”.

Bu barədə AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu terror aktı siyasi motivlidir: "Birbaşa hədəf sağ qalmış insanlardır. Yəni Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı həyata keçirilərkən hədəf Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti olub. Bununla bizə mesaj göndərirlər. Təhdid və təzyiq dili ilə bizə olan hisslərini ifadə edirlər. Bu beynəlxalq terrorizmin bəlli xüsusiyyətidir, hər kəsə bəlli həqiqətdir. Bu sahə üzrə ekspertlər də qeyd edirlər ki, bu beynəlxalq terrorizmə məxsus xüsusiyyətdir. Bizim tələbimiz bəllidir, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz "Twitter" səhifəsində qeyd etdi ki, bu terror aktıdır. Cənab Prezidentin də mövqeyi var ki, cinayətkarlar çox sərt şəkildə cəzalandırılmalıdır. Həm də bunun sifarişçiləri üzə çıxmalıdır. Mən hesab edirəm ki, burada İran dövlətinin, İran hakimiyyətinin birbaşa əli var. Əks halda İran televiziyaları terrorçudan əli-qolu açıq şəkildə müsahibə götürməzdi, terror hərəkatını məişət hadisəsi səviyyəsinə endirməzdilər”, - deputat qeyd edib.

Deputat hesab edir ki, İranın xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları çox böyük məsuliyyət daşıyırlar. Onların yüksək rütbəli, vəzifəli şəxsləri cəzalandırılmalıdır. İran tərəfi Azərbaycandan üzr istəməlidir. Yalnız bundan sonra Azərbaycan-İran diplomatik münasibətlərinin yenidən bərpası ilə bağlı məsələlərə yenidən baxıla bilər.

“Faktiki olaraq diplomatik korpus bütün heyəti ilə vətənə dönüb. Bu gün İranla diplomatik münasibətlər de-fakto yox səviyyəsindədir. Otuz illik müstəqilliyimiz tarixində ilk hadisədir ki, Azərbaycanın İrandakı diplomatik korpusu bütün heyətlə ölkəni tərk edir. Bütün məsuliyyət İranın Üzərinə düşür. İlk növbədə İranın ali rəhbərliyi Azərbaycan tərəfindən üzrxahlıq etməlidir”, - Elman Nəsirov bildirib.

Millət vəkili həmçinin bu mövzunun Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirə çıxıb çıxmayacağı ilə bağlı danışarkən qeyd edib ki, parlament sədri Sahibə Qafarova minimum 30 dəqiqə bəzən isə bir saata qədər cari məsələlərin müzakirəsinə şərait yaradır: "Biz minimum 30 bəzən 45, bəzən isə 1 saat ərzində ölkəmizi narahat edən həm ölkədaxili, həm da beynəlxalq məsələlərlə bağlı biz mövqeyimizi ifadə edirik. Hesab edirəm ki, Azərbaycan-İran münasibətləri, xüsusilə də İranda səfirlik əməkdaşlarımıza qarşı həyata keçirilmiş terror aktı və onun nəticələri olan məsələlərdə müzakirə predmeti olacaqdır".

Rəşid QARAYEV,

AzNews.az