Azərbaycanın istiqlalı və Rəsulzadənin gerçək rolu- I məqalə

31 Yanvar 2023 15:04 (UTC+04:00)

1797-ci ilin yayında Ağaməhəmməd Şah Qacar Şuşada qətlə yetirildi. Bu sui-qəsd Şərqdə dövranın gərdişini dəyişdi. Nadir şah Əfşar dönəmində Azərbaycan bəylərbəyliyi yaradılmış və Arazın hər iki tayını əhatə edən bəylərbəylik ərazisində onun ölümündən sonra faktiki olaraq müstəqil xanlıqlar meydana çıxmışdı. Biz bu səbəbdən Şimali və Cənubi Azərbaycan xanlıqları deyirik. Şimali Azərbaycan xanlarından biri- qarabağlı Pənahəli xan indi “Şuşa” adlandırdığımız şəhəri salmış, çevrəsində qala tikdirmişdi. Şəhərə onun zamanında “Pənahabad” deyirdilər. Pənahəli xanın paytaxtını tikdirdiyi qalaya köçürməkdə məqsədi digər xanların hücumlarından qorunmaq və Arazın hər iki tayındakı Azərbaycan xanlıqlarını özünə tabe etdirib yeni dövlət qurmaq idi. Əgər Pənahəli xan, daha sonra onun oğlu İbrahim Xəlil xan bu ali məqsədlərinə qovuşsaydılar, Nadir şahın yaratdığı Azərbaycan bəylərbəyliyinin ərazisində mərkəzi Şuşa olan türk dövləti meydana çıxacaqdı. Bu niyyətin gerçəkləməsinə müqavimət göstərən təkcə yerli xanlar deyildi. Azərbaycan xanlıqları həm keçmiş Səfəvi torpaqlarında yeni bir xanədan qurmaq istəyən Qacarların, həm də şimaldakı Romanovların hədəfində idi. Hələ 1783-cü ildə gürcü çarı II Iraklinin Georgievsk qalasında imzaladığı müqavilə ilə Kartli və Kaxetiya çarlığı Rusiyanın tərkibinə keçmiş, Romanovlar Cənubi Qafqazın bir hissəsinə hakim olmuşdular. Hədəfdə Qarabağ xanlığı idi. 1791-ci ildə özünü İran şahı elan edən Ağaməhəmməd mənsub olduğu qacar tayfalarının dədə-baba yurdlarının Çar Rusiyasına birləşmək ehtimalına qəzəblə yanaşırdı. O, elə bu qəzəblə Qarabağa yürüş edərək Şuşanı tutmuş, ancaq oradan sağ çıxa bilməmişdi. Qacarın yürüşü paytaxtı Şuşa olan vahid dövlətin meydana çıxması ehtimalına son qoymaqla birgə, onun qətli Rusiyanın Cənubi Qafqazın tamamına hakim olmasını sürətləndirdi. 1803-cü ildə Car-Balakən camaatlığı, 1804-cü ildə Gəncə xanlığı Rusiyanın əsarətinə düşdü, 1805- ci ildə imzalanan Kürəkçay müqaviləsi ilə isə Qarabağ xanlığı Romanovların təbəəliyinə keçdi. “Gülüstan” (1813) və Türkmənçay (1828) müqavilələri ilə Rusiya Cənubi Qafqazdakı hakimliyini Qacar imperiyasına qəbul etdirdi.

Qacarlar feodal dövləti idi. Cənubi Qafqazın yeni hakimi Rusiya isə kapitalistləşmə dövrünü yaşayırdı. Bu kardinal fərq Cənubi Qafqazın müsəlman tayfa və qəbilələri arasında millətləşməyə start verdi. Millətlər- kapitalizmin iqtisadi, siyasi, sosial və kulturoloji məhsuludur. Cənubi Qafqazın müsəlman əhalisi arasında millətləşmə prosesinin ilk qaranquşu Abbasqulu ağa Bakıxanovdur. Bakıxanov “Gülüstani-İrəm” adlı əsəri ilə Zaqafqaziya müsəlmanları üçün tarix elminin əsasını qoydu. Dəfələrlə dediyim bir fikri təkrar etməliyəm: tarix insanların, sadəcə, keçmişə marağını ödəyən bir elm deyil, tarixi şüuru formalaşdırmaqla toplumları ayaqda saxlayan və inkişaf etdirən ideoloji gücdür. Millətləşməyə gedən yolda digər bir mühüm başlanğıc Mirzə Kazım bəyin türk-tatar dilinin qrammatikasını hazırlaması oldu. Ədəbi dilsiz millət, qrammatikasız ədəbi dil ola bilməz. Nəhayət Mirzə Fətəli Axundov Cənubi Qafqazın müsəlman dünyasından çıxan ədib və filosof kimi ədəbi dil və tarixi şüur axtarışlarını modernləşmə məfkurəsi ilə birləşdirdi. Həsən bəy Zərdabi öz sözləri ilə desək “qəzet kimi qəzet, jurnal kimi jurnal olmayan” nəşri- “Əkinçi”ni yaratmaqla ictimai fikir müəssisinə yeni vasitə qazandırmış oldu. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını Qafqaz türklərinin danışıq dilində nəşr etdirdi, Üzeyir Hacıbəyov banisi olduğu müsəlman operası ilə mənəvi sərvəti mədəniyyətə çevirdi. Əli bəy Hüseynzadə “türkləşmə”, “islamlaşma”, “çağdaşlaşma” ideyalarını bir-birinə inteqrasiya etməklə etno-siyasi prosesin məfkurəsini yaratmış oldu.

1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Cənubi Qafqazın aparıcı xalqlarına ermənilər də əlavə olunmuşdu. Bu tarixə qədər ermənilər cənubi Qafqazda azsaylı kilsə icmaları şəklində mövcud idilər. Türkmənçay müqaviləsindən sonra çar Rusiyası Şah Abbas Səfəvinin vaxtilə Vaspurakandan İrana köçürdüyü erməni kütlələrinin böyük bir qismini cənubi Qafqaza gətirdi. Gəlmə ermənilər əsasən İrəvan və Yelizavetapol quberniyalarında yerləşdilər. Ermənilər daha çox Osmanlı imperiyasına, gürcülər isə daha çox Çar Rusiyasına qarşı istifadə olunmaq üçün Avropa dövlətlərinin marağına düşmüşdülər. Bu səbəbdən həmin xalqların siyasi baxımdan təşkilatlanmasına dəstək verilirdi. 1904-cü ildə başlayan Rus- Yapon müharibəsi bu iki xalqın siyasi təmsilçilərini hətta uzaq Şərq imperiyasının da maraq dairəsinə salmışdı. Həmin il fin siyasi xadimi Konni Tsilliakusun araçılığı, yaponların maliyyəsi ilə Parisdə keçirilən Rusiyanın müxalif və inqilabçı partiyalarının konfransına erməni daşnakları və gürcü SR-ləri də qatılmışdı. Qafqaz müsəlmanlarından heç kimin qatılmadığı toplantıda milli müqəddərat məsələləri də geniş müzakirə olunmuşdu. Bu konfransın Çar Rusiyasındakı siyasi vəziyyətə heç bir təsirinin olmadığını söyləmək mümkün deyil. Hər halda 1905-ci ildə Rusiyada ilk inqilab baş verdi və elə bu vaxt bəlli oldu ki, gürcü və erməni siyasi təşkilatları Rusiyada baş verən siyasi təlatümlərə Qafqaz müsəlmanlarından daha hazırlıqlıdırlar. Paris konfransının başqa bir nəticəsini biz birbaşa hiss etdik. Daşnaklar milli müqəddəratın təyini üçün lazım olan ərazilərə sahib olmaq məqsədi ilə müsəlmanlara qarşı geniş miqyaslı terrora start verdilər, Bakıdan İrəvanacan qırğınlar törətdilər.

1905-ci ildə Azərbaycan milli hərəkatına məxsus üç partiya yarandı- “Qeyrət”, “Difai”, “Müsəlman İttifaqı”.

Əhməd bəy Ağoğlu tərəfindən yaradılmış “Difai” panislamist və pantürkist proqrama malik olmaqla adına uyğun olaraq dini və milli müdafiə instiktindən doğmuşdu. Partiya erməni daşnaklarına və onların ələ aldığı çar çinovniklərinə qarşı partizan müharibəsi aparırdı. Tərəddüdsüz demək lazımdır ki, Qafqazda 1905-06-cı illərdəki erməni-müsəlman davasında məhz Əhməd bəy Ağaoğlunun Qafqaz müsəlmanları arasındakı etno-politik hərəkatın liderliyini öz üzərinə götürməsi ilə ermənilərə layiqli cavablar verildi. Ələkbər bəy Rəfibəyli tərəfindən yaradılan və Azərbaycanın ilk milli siyasi partiyası sayılan “Qeyrət” isə, solda dayanmaqla Qafqaz tatarlarının Rusiya tərkibində federasiya qurmasına nail olmağı öz başlıca məqsədi olaraq görürdü. Ancaq az müddət sonra hər iki partiya faktiki olaraq fəaliyyətini dayandırdı. Sol yönümlü “Qeyrət” Bakıdakı fəhlə hərəkatı ilə birləşə bilmədi, “Difai”nin lideri Əhməd bəy Ağoğlu isə döyülərək Bakıdan qovuldu. Hər iki olayın arxasında daşnaklar və bolşeviklər tərəfindən dəstəklənməsi şübhə doğurmayan “Bakı-bakılılar üçündür” şüarı dayanırdı. Məşhur neft milyonçusu və xeyriyyəçi, Azərbaycan etno-politik hərəkatının əsas maliyyə dəstəkçisi Hacı Zeynalabdin Tağıyevlə qarabağlı Lütfəli bəy Behbud arasında qısqanclıq zəminində düşən ixtilafdan sonra geniş yayılan bu şüar təkcə Qarabağ, Gəncə, Zəngəzur, İrəvan, Naxçıvandakı torpaq aristokratiyası ilə neft milyonçularının arasına girməmiş (bu, milli burjuaziyanın parçalanması demək idi), eyni zamanda Bakı mədənlərində çalışan fəhlə sinfini bolşevik və menşevik sosial demokratların ağuşuna atmışdı. Nəticədə etno-siyasi hərəkat 10 il itirməli oldu. Bu zaman itkisi həm Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində, həm onun mövcudluğu dövründə, həm də süqutu zamanı öz naqis təsirlərini göstərdi.

1884-ci ilin yanvar ayının 31-də Novxanı kəndində anadan olmuş Məmməd Əmin Rəsulzadə ictimai-siyasi həyata erkən yaşlarında atılmış, 1903-cü ildə (19 yaşında) Bakıda sosialist inqilabını hədəfləyən bir gənclər təşkilatı qurmuşdu. Rəsulzadə o dövrdəki müsəlman siyasi xadimlərinin əksəriyyətindən fərqli olaraq heç zaman sistemli təhsil almamışdı. Tarixçi Hüseyn Bayqara bioqraflarının Rəsulzadənin təhsilə malik olması ilə bağlı yazdıqlarını doğru saymır. Ciddi təhsilə malik olmaması onu siyasi fəaliyyəti boyunca ideya axtarışına sövq etmiş, nəticədə Rəsulzadə siyasi düşərgəsini tez-tez dəyişməli olmuşdu. Rəsulzadənin yaratdığı sosialist gənclərin inqilabçı dərnəyi ertəsi il Bakıda ən azından zehniyyətcə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına bağlı “Hümmət” təşkilatına çevrildi. Təşkilatın fəal isimləri arasında Nəriman Nərimanov, Məmmədhəsən Hacınski, Məşədi Əzizbəyov da var. Stepan Şaumyan, Prokofi Çaparidze və “Koba” ləqəbli İosif Cuqaşvili (Stalin) “hümmət”çilərin məsləhət aldıqları əsas marksist ideoloqlar idi. Təşkilatın “Hümmət” adlı qəzeti də çıxırdı. Tarix elmləri doktoru, professor İradə Bağırovanın çox haqlı olaraq qeyd etdiyi kimi, M. Ə. Rəsulzadə həmin qəzetdə müsavatyönümlü araşdırmaçıların üstündən sükutla keçməyə çalışdığı məqalələr yazırdı. Bu məqalələrin birində Rəsulzadə siyasi türkçülüyü və islamçılığı hədəfə alır, başqa sözlə, milli ideoloji platformanın ana məramlarını “utopiya” adlandırırdı. Hörmət bəslədiyim tədqiqatçılarından biri deyir: “Bolşeviklərin təzyiqləri nəticəsində Rəsulzadə və dostları (çox güman gələcək müsavatçılar nəzərdə tutulur) “Hümmət”i milliləşdirə bilmədilər”.

Sual olunur: Bu dövrdə Rəsulzadə özü bir siyasi fəal olaraq “milli” idimi ki, “Hümmət”i də “milliləşdirmək” istəyə? Qətiyyən, deyildi! Həmin dövrdə Rəsulzadə açıq və birmənalı şəkildə Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağoğlunun və Əlimərdan bəy Topçubaşovun başında dayandıqları MİLLİ CƏBHƏyə qarşı mübarizə aparırdı. Bu təsbitin müəllifi Azərbaycan istiqlalının görkəmli tarixçisi Hüseyn Bayqaradır. Bayqara Rəsulzadənin İrandakı fəaliyyət dövrünə də çox dəqiq qiymət verir: “Əmin bəyin 1908-10-cu illər arasında “Hümmətçi” olaraq İran inqilab hərəkatında iştirak etdiyini görürük. Bu inqilabi hərəkatda Stalin uzaqdan, dr. Ponikidze isə yaxından iştirak etmişdi”.

1911-ci ildə Rəsulzadə “Hümmət”çi kimi getdiyi və fəaliyyət göstərdiyi İrandan Rusiya səfirliyinin təkidi ilə çıxarılır. O, İstanbulda yerləşir. Bu zaman Osmanlıda hökumət “İttihad və Tərəqqi” Partiyasının əlində idi. “Hümmət”də bilavasitə Rəsulzadəyə yaxın olanlar 1911-ci ildə “Müsavat” partiyasını yaratdılar. Partiyanın proqramı “Hümmət”çilərin əvvəllər yaxına buraxmadıqları, kəskin qarşı çıxdıqları panislamist ideyaya söykənirdi. Bakıdakı yeni siyasi təşkilat bütün dünya müsəlmanlarının vahid dövlətdə birləşməsini zəruri sayırdı. Rəsulzadə Müsavat partiyasının quruculuğunda birbaşa iştirak etməyib. Bununla belə, partiyanın Rəsulzadənin arzusu və məlumatı xaricində yaradıldığını iddia edənlərlə razılaşmaq mümkün deyil. Faktlar belə demir. Bu faktlardan biri də budur ki, bütün dünya müsəlmanlarını xilafətin- Osmanlının çətiri altında birləşdirmək “İttihad və Tərəqqi” hökumətinin məqsədi idi. “Müsavat” kəliməsi İttihad və Tərəqqinin nizamnaməsində xüsusi termin kimi əks olunmuşdu. Rəsulzadə xilafətin paytaxtı İstanbulda olarkən “Müsavat” Bakıda vərəqələr yayaraq Rusiyaya qarşı Osmanlını dəstəkləmişdi. Bununla bağlı müsavatçıların evində axtariş aparılmışdı. Çar məmurları Bakıda yayılan bəyannamənin İstanbuldan Rəsulzadə tərəfindən göndərildiyini zənn edirdilər. Evlərdən heç nə çıxmasa da, çar polisinin gümanlarında yanıldığını düşünmək olmaz.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar amnistiya verilir. Stanislav Tarasov bu amnistiyanın kriminal elementlərə aid olduğunu əsas götürərək Rəsulzadənin Bakıya dönüşünü çarın əfvi ilə əlaqələndirməyi düzgün hesab etmir. Ancaq qərəzlidir. Çünki məhz həmin amnistiyadan sonra Avropadan da çox sayda siyasi mühacirin Rusiyaya qayıtdığını görürük. Məmməd Əmin Bakıya döndükdən sonra Müsavat partiyasına qoşulur, “İqbal” qəzetində çalışır, “Açıq söz”ün nəşrinə başlayır. Yenə Hüseyn Bayqaraya istinad etsək, o, “Açıq söz” qəzetində İstanbuldan Ziya Göyalpdan əxz edərək gətirdiyi türkçülük ideyasını təbliğ edir. Sual olunur: türkçülük bir ideya olaraq Azərbaycana İstanbuldan gəlmişdimi? Əlbəttə, xeyr! Türkçülüyün məşhur ideoloqları İsmayıl bəy Qaspıralı və Yusif Akçuralı zehniyyətcə Azərbaycan türklərinə çoxdan tanış idilər. Gəncə aristokratlarından Nəsib bəy Yusifbəyli hətta 1906-cı ildə Qaspıralının qızı ilə ailə qurmuşdu. Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu illərdir bu ideya uğrunda qələm çalırdılar. Hüseynzadənin tarixdə çox dəyərli bir xidməti də var. O, “İttihad və Tərəqqi”nin proqramını yazanlardandır. Bəli, Bayqara haqlıdır, Rəsulzadə öz türkçülüyünü İstanbuldan gətirmişdi, amma İstanbula türkçülük bir ideya kimi həm də Qafqazdan getmişdi. Rəsulzadə özü də etiraf edir ki, “Açıq söz” qəzetinin ideoloji platformasının əsasını məhz Əli bəy Hüseynzadənin “türkçülük, islamçılıq və müasirlik” prinsipləri təşkil edirdi. "Açıq söz"də izah olunan "ümmət" və "millət" fərqləri Əhməd Ağaoğlu tərəfindən on illər öncə aydınladılmışdı...

(Ardı var)

TALEH ŞAHSUVARLI

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycanın dövlətçilik tarixinin,milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsi üzrə hazırlanıb.