Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə bölgənin açar ölkəsinə çevrilməklə yanaşı, regional və qlobal güclərin də maraq dairəsi olmağı bacarmışdır. Regionun nadir ölkələrindəndir ki, Azərbaycan xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunmasına təkan verir. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları xüsusən indiki beynəlxalq gərginlik fonunda daha çox önəm qazanmağa başlayıb.
Rusiya-Ukrayna müharubəsi nəticəsində enerji təhlükəsizliyindən ən çox əziyyət çəkən ölkələrdən biri olan Macarıstanla digər Avropa ölkələri ilə olduğu kimi dinamik, kontruktiv əlaqələr inkişaf etdirilməkdədir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması əməkdaşlağın inkişafına yönəlib. Macarıstan Azərbaycanın strateji müttəfiqidir. Türk xalqlarına bağlılığı ilə daim öyünən macarlarla xalqımız arasında tarixi əlaqələrin kökü daha dərindir. Macar knyazlıqları dövründən başlayan bu əlaqələr 1991-ci ildə Macarıstanın ölkəmizin müstəqliyyini tanıması, 2004-cü ildə Bakıda, 2009-cu ildə Budapeştdə səfirliklərimizin açılması daha dinamik sferaya keçid etmişdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ikitərəfli əlaqələri yenidən baxılmış, əlaqələrin xüsusən enerji diplomatiyası çərçivəsində inkişafı perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji təhlükəsizliyi təminatında problemlər yaşayan Macarıstan elə bu baxımdan da ölkəmizlə əməkdaşlığa üstünlük verir. 7 ölkə ilə həmsərhəd olsa da, dəniz sərhədləri olmayan, heç bir limana çıxışı olmayan Macarıstan Cənub Qaz Dəhlizinin keçidində maraqlıdır. Dəhlizin hələlik sonuncu layihəsi olan TAP-ın şaxələndirilməsi Budapeştə boru kəmərlərinin təhlükəsizliyi baxımından, həm də qaz təchizatının güclənməsi baxımından hava-su qədər vacibdir. Bununla bağlı, dost ölkə Avropa Komissiyasına yeni interkonnektorların maliyyələşdirilməsi ilə bağlı müraciət edib.
Enerji sahəsində digər istiqamət, alternativ enerji mənbələrinin ixracı ilə bağlıdır. Azərbaycanın bugünə qədər ənənəvi enerji istehsalı və ixracatçısı kimi oynadığı rola paralel olaraq, dünyanın yeni çağırışlarından biri yaşıl enerjinin istehsalı və tədarükü baxımından da vacib aktora çevrilir. Ölkəmiz bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri, həmçinin Macarıstan indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bu məsələ ilə bağlı dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Hazırki səfərlə bu və digər sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafı gözlənilir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi