"İran bu terrorla Azərbaycanı təhdid edir" - Sabiq Milli Təhlükəsizlik naziri müavini

1 Fevral 2023 17:49 (UTC+04:00)

- Cənab Əkbər, Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktından sonra Azərbaycanla İran arasındakı diplomatik əlaqələr minimuma endirilib. Terror buna hesablanmışdımı, yoxsa arxasında daha böyük planlar var?

- Mən məqsədin bu cür olduğunu düşünmürəm. İranın əsas məqsədi bundan öncə də etdiyi xəbərdarlıqlara Azərbaycanın- İranın fikrincə- adekvat cavab verməməsidir. İran gərginliyi artırmaq siyasətini davam etdirir və terror xarakterli kəşfiyyat-hücum əməliyyatı ilə Azərbaycanı və Azərbaycan cəmiyyətini, iqtidarını təhdid edir. Bu təhdidin səfirlik üzərindən edilməsində məqsəd İsraillə yaxınlaşma, İsraildə səfirliyimizin açılması olduğunu düşünürəm. Terror aktının məhz Qüdsdə həyata keçirilən başqa bir terror aktı ilə eyni gündə edilməsi də bu istiqamətdə düşünməyə əsas verir.

- Son günlər İranın bəzi hərbi obyektlərinə dronlarla zərbələr endirilib. Qərb mətbuatı bu zərbələrin arxasında İsrailin dayandığını iddia edir. Sizin fikrinizcə, İrana qarşı kollektiv Qərbin yeni bir savaşı başlayacaqmı?

- Mənim fikrimcə, hücumların arxasında İsrail dayanır. Təsadüfi deyil ki, 27 yanvar axşamı İsrail hərbi-siyasi hakimiyyəti yığışdı və Baş nazir Netanyahu terrora qısa zamanda çox sərt cavab veriləcəyini bəyan etdi. Çox keçmədən də bu cavab verildi. Ona görə düşünürəm ki, bu əməliyyat İsrail tərəfindən həyata keçirilib. Qərbin kollektiv müharibəyə başlamasından danışmaq hələ tezdir. Çünki müharibəyə qədər atılan bir çox addımlar var. Eskalasiya, gərginliyin artırırlması istiqamətində hələ bir neçə mərhələ var. Ona görə müharibənin yaxın zamanda başlayacağını söyləmək olmaz.

- Sizcə, Azərbaycanda İranın ictimai-siyasi çevrələrdə dayaqları nə qədərdir? Nə qədər onların təsiri ilə hərəkət edən insan var?

- Bu fəaliyyətin hələ 1990-cı illərin əvvəllərindən çox aqressiv və intensiv şəkildə başladığını nəzərə alsaq, kifayət qədərdir. Mən belə hesab edirəm ki, İranın həm mülki, həm hərbi kəşfiyyatı Azərbaycanda inkişaf etmiş potensiala sahibdir.

- Azərbaycana hər hansı təhdid olarsa Azərbaycan müxalifəti 44 günlük müharibədəki kimi hakimiyyətlə həmrəylik nümayiş etdirəcəkmi?

- Bütövlükdə müxalifət adında danışa bilmərəm. Amma özüm şəxsən deyə bilərəm ki, Azərbaycanın milli maraqları olan yerdə partiya siyasəti arxa planda qalmalıdır.

- Güney Azərbaycandakı prosesləri müzakirə etmək üçün siyasi partiyalar hərhansı dəyirmi masa və ya konfrans keçirməyi düşünürmü?

- Biz hər zaman nəinki Güney Azərbaycanda, bütövlükdə İranda demokratiya və insan haqları məsələsini ön planda tutmalıyıq. Təbii ki, soydaşlarımızın insan haqları ilə yanaşı milli haqlarını da müdafiə etməliyik. Bu məsələdə soydaşlarımız bizdən hansı mənəvi dəstəyi istəyirlərsə verməliyik müxalifətin imkanları çərçivəsində. Yalnız onlara siyasi, mənəvi dəstək verə bilərik. Hər partiya öz gücü çatan səviyyədə bu dəstəyi verməlidir.

Rəşid QARAYEV,

AzNews.az