Oxucuların və İsa Həbibbəylinin nəzərinə: AMEA-nın şöbə müdiri İranla bağlı müsahibə verməkdən yayındı!!!

2 Fevral 2023 13:49 (UTC+04:00)

Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı və bu terror aktına nəzərən Azərbaycan-İran münasibətləri ilə bağlı müsahibə almaq üçün AzNews.az analitik-informasiya portalının əməkdaşı bu gün Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevə müraciət edib.

İnstitutun saytında yazılır:

"Hazırda İran tarixi və iqtisadiyyatı şöbəsinə t.ü.f.d. V.Mustafayev başçılıq edir. O, müasir İranda müxtəlif siyasi cərəyanların meydana gəlməsi və ölkənin ictimai-siyasi həyatına təsiri problemini araşdırır. Bu sahədə tədqiqatların nəticəsi V.Mustafayevin 2010-cu ildə işıq üzü görmüş “İran İslam Respublikasında hakimiyyət daxili münasibətlər (islahatçı-mühafizəkar qarşıdurması)” adlı kitabda öz əksini tapmışdır. Son illərdə V.Mustafayev Cənubi Azərbaycan problematikası ilə bağlı da iki kitab çap etdirmişdir. “Cənubi Azərbaycan: Milli şüur (XX əsrin I yarısı)” (Bakı, 1998) adlı əsərdə ilk dəfə olaraq cənubi azərbaycanlıların milli şüurunun formalaşması problemi hərtərəfli və dərindən araşdırılmışdır. Həmin əsər 2000-ci ildə Almaniya Federativ Respublikasında yenidən çap olunmuşdur. İkinci kitab Cənubi Azərbaycan məsələsinin öyrənilməsinin tarixşünaslığına həsr olunmuşdur".

Təqdimatdan göründüyü kimi, şöbə müdiri öz tədqiqat istiqamətinə görə, İranda gedən proseslərə və terror aktından sonra İranla yaşanan gərginliyə aydınlıq gətirə biləcək isimdir. Ancaq o, Azərbaycanda 2012-ci ildən bəri fəaliyyət göstərən saytı guya tanımamasını bəhanə edərək söhbətdən yayınıb. Əlbəttə, əgər cənab Mustafayev terrordan həm öncə, həm də sonra İranla yaşanan gərginliyə müəllif məqaləsi ilə çıxış etmiş, yaxud "tanıdığı" saytlarda münasibət bildirmiş, təhlil aparmış olsaydı, onun "tanımadığım üçün müsaid deyiləm" rəyinə hörmətlə yanaşmaq olardı. Ancaq məsələ budur ki, AMEA-nın rəsmi saytından və bir əlin barmaqlarının sayını keçməyən xırda informasiyalar xaricində "Google" belə Şərqşünaslıq İnstitutunun şöbə müdirini tanımır.

Sual edirik:

1) Azərbaycan və İran arasında münasibətlərin ən ağır mərhələsində AMEA Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri müsahibə verməyəcəksə, onda bu institut və orada çalışan alimlər kimə, nəyə lazımdır?

2) Heç şübhəsiz dr. Vidadi Mustafayev ona hansı suallar ünvanlacağını təxmin edib. Müsahibədən yayınmaq İrana qarşı danışmamaq üçün fənd deyilmi?

Qeyd: Şöbə müdirinin səs yazısını saxlayırıq.

AMEA-nın şöbə müdirinə verəcəyimiz suallar bunlar idi:

1) Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?

2) Mediada yayılan son məlumata görə, İranın hüquq-mühafizə orqanları əvvəlcə səfirlikdə arvadını axtardığını iddia etdikləri terrorçu Yasin Hüseynzadəni “psixi xəstə” çıxartmaqla məsuliyyətdən yayındırmağa çalışır. Bu, bir daha onu göstərmirmi ki, Hüseynzadə İranın xüsusi xidmət orqanlarının nəzaətində olub və indi müvafiq qurumlar öz agentlərini qoruyurlar?

3) Terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Ancaq Təbrizdəki konsulluğun fəaliyyəti qismən saxlanıldı. Bununla ölkələr arasındakı diplomatik münasibətlər minimuma enmiş oldu. Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, İran terror aktının obyektiv istintaqının aparılması üçün real işlər görmür. Sizcə, İranın ərazisindəki diplomatik missiyaların təhlükəsizliyinə cavabdehliyini şərtləndirən Vyana konvensiyasına zidd davranışları beynəlxalq müstəvidə hansı nəticələr doğuracaq?

4) İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?

5) İranın öz paytaxtında və digər ölkələrdə fəaliyyət göstərən səfirliklərə qarşı terroru dəstəkləməsi “ənənəyə” çevrilib. Tehranda ABŞ səfirliyinə hücum məşhur tarixi hadisədir. Bir iranşünas kimi bu “ənənə”ni necə şərh edərdiniz?

6) Bir sıra analitiklərin fikrincə, Tehrandakə səfirliyimizə edilən terror hücumu həm də İranın öz daxili problemlərindən xalqın diqqətini yayındırmaq üçün “yeni düşmən obrazı”na ehtiyac duyması bağlıdır. İranın təbliğat vasitələrində Azərbaycanın düşmənləşdirilməsi tendensiyası necə həyata keçirilir?

7) Azərbaycan və İsrail arasındakı münasibətlərin İranın rəsmi dairələri tərəfindən, yumşaq desək, qısqanclıqla qarşılanması məlumdur. “Sionizm” Tehran propoqandistlərinin Azərbaycana qarşı ən sevimli ittihamıdır. Əsas gətirilən dini amilləri bir kənara qoysaq, İsraildən qat-qat böyük əraziyə və qat-qat çox əhaliyə malik İranın İsraildən bu qədər çox qorxmasının səbəbi nədir?

8) İran İsrailə qarşı dini-ideoloji arqumentlərlə çıxış edir, ancaq Azərbaycan torpaqlarını 30 il işğalda saxlamış Ermənistana gələndə yadına “dini tolerantlıq” düşür. Əksər ekspertlərin fikrincə, İrəvanla isti münasibətlər, Tehranın Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətini davam etdirməyə sürükləməsi İran İslam Respublikasının Azərbaycanın dövlət müstəqilliyi ilə daxilən barışmamasının göstəricidir. Siz necə fikirləşirsiniz, İran 30 ildən sonra da Azərbaycanın istiqlalı ilə nədən barışmır?

9) Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktından sonra cəmiyyətimizdə gözlənti vardı ki, Güney Azərbaycanda bu mənfur olaya qarşı kütləvi etiraz aksiyaları başlayacaq. Ancaq belə bir aksiyalara şahid olmadıq. Nədən?

10) Güney Azərbaycanda milli hərəkat nə zaman açıq müstəviyə çıxacaq?

11) Mühacirətdəki Güney Azərbaycan liderləri hərəkatın ali məqsədinin milli istiqlal olduğunu, Güney Azərbaycanın müstəqil dövlətə çevrilməsi üçün mübarizə apardıqlarını vurğulayırlar. Ancaq Güney Azərbaycandakı əvvəlki milli hərəkatlar belə bir hədəfə malik olmayıb. Cənubi Azərbaycan bu yeni hədəfi mənimsəməyə hazırdırmı?

12) İran İslam Respublikasının tarix səhnəsində duruş gətirə bilməyəcəyi artıq rasional düşünən hər kəsə aydındır. İslam Respublikasının likvidasiyası ilə bağlı iki əsas ehtimal var. Birinci ehtimala görə, İran kollektiv Qərbin hərbi güc tətbiqi ilə sıradan çıxarılacaq. İkinci proqnoz isə belədir ki, “kollektiv Qərb”, necə deyərlər, qalanı içəridən fəth etməyə maraqlıdır və teokratiyanın məsələsini daxili qüvvələrin hesabına həll edəcək. Siz necə düşünürsünüz?

13) Fərz edək ki, İranda teokratiya devrilib və 1917-ci ildəki fevral inqilabından sonra Rusiyada olduğu kimi, müvəqqəti hökumət qurulub. Güney Azərbaycan bu hökuməti tanımalıdırmı və tanıyacaqmı?

14) İrandakı təlatümlərdən Güney Azərbaycanın milli istiqlalla çıxması üçün Təbrizin yanında Bakıdan başqa kim olacaq?

Əgər AMEA-nın Şərqşünaslıq İnstitutu Azərbaycan-İran qarşıdurmasında İranın yanında deyilsə, bu sualları cavablandırmaq üçün istənilən mütəxəssisinə şərait yaratmağa hazırıq.

AzNews.az