"İran əvvəlcə müsəlman olsun, sonra sionistləri ittiham eləsin"- Fazil Mustafa ilə sensassion müsahibə

2 Fevral 2023 17:44 (UTC+04:00)

- Cənab Mustafa, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?

- Ola bilsin həmin terrorçuya “İranın milli qəhrəmanı” adı verilsin. Sadəcə vəzifəni tam yerinə yetirmədiyinə görə bunu etməyiblər. Bu hadisə xüsusi xidmət orqanlarının tapşırığı ilə gerçəkləşdirilən bir əməliyyatdır. Şərəfsizcəsinə, xaincəsinə Azərbaycanın səfirliyinə hücum edib və vətəndaşımızı şəhid ediblər. Ona görə də təbii ki, bunu pərdələməlidirlər.

- Mediada yayılan son məlumata görə, İranın hüquq-mühafizə orqanları əvvəlcə səfirlikdə arvadını axtardığını iddia etdikləri terrorçu Yasin Hüseynzadəni “psixi xəstə” çıxartmaqla məsuliyyətdən yayındırmağa çalışır. Bu, bir daha onu göstərmirmi ki, Hüseynzadə İranın xüsusi xidmət orqanlarının nəzaətində olub və indi müvafiq qurumlar öz agentlərini qoruyurlar?

- Bizdə də olan məlumata görə onu ruhi xəstəxanaya salmaq, müəyyən dərəcədə ört-basdır etmək istəyirlər. Bu gözlənilən bir şeydir, çünki bu birbaşa İran dövlətinin törətdiyi cinayətdir. Bu baxımdan da burada təəccüblü heçnə yoxdur. Onların niyyəti saf olsaydı, Azərbaycandan nümayəndə dəvət edərdilər. Mütəxəssislər dəvət edib hadisənin birlikdə araşdırılmasını təmin edə bilərdilər. Bunu etmədilərsə, deməli niyyətləri yoxdur və bilavasitə İran dövlətinin bu məsələdə marağı var.

- Terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Ancaq Təbrizdəki konsulluğun fəaliyyəti qismən saxlanıldı. Bununla ölkələr arasındakı diplomatik münasibətlər minimuma enmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, İran terror aktının obyektiv istintaqının aparılması üçün real işlər görmür. Sizcə, İranın ərazisindəki diplomatik missiyaların təhlükəsizliyinə cavabdehliyini şərtləndirən Vyana konvensiyasına zidd davranışları beynəlxalq müstəvidə hansı nəticələr doğuracaq?

- Burada İranın beynəlxalq səviyyədə də etibarsızlığı görünür. Yəqin ki, bir sıra dövlətlər də bundan nəticə çıxarıb İranla diplomatik münasibtlətini məhdudlaşdıracaqlar. Bundan başqa seçimləri yoxdur. İran terrorçu dövlətdir və burada diplomat, elçi, xarici missiya, beynəlxalq hüquq anlayışı yoxdur. Onlar hamısı xəstə, psixologiyası pozulmuş mollaların zihniyyəti ilə məsələyə yanaşırlar. O baxımdan da burada hər hansı bir şəkildə prosesin başqalarına da təsir etməsini proqnozlaşdırmaq olar. Bütövlükdə Azərbaycan səfirliyinin fəaliyyətini dayandırmağı zəruri addım kimi atıb. Təbrizdə müəyyən vətəndaşlarımız var ki, sənədlərlə bağlı müəyyən problemləri var. Müəyyən məsələlər həll ediləndən sonra konsulluğun fəaliyyəti məsələsi də düşünülə bilər.

- İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?

- Bu, tərbiyəsizliyin başqa bir növüdür. Necə yəni səfirliyin əməkdaşını öldürmüsən və qatili terrorçu kimi qiymətləndirmirsən?! İran da Ermənistan kimi terrorçu bir dövlətdir, atdığı addım da birbaşa terror addımıdır. Ona görə də bunu pərdəlməyin hansısa mənası yoxdur. Azərbaycana xəbərdarlıq edənlər öz aqibətlərinə baxsınlar. Mediada nə yazılmasının bir önəmi yoxdur, İran onsuz da elə bir ölkə kimi tanınır. Bu rejim əvvəl-axır öz qanında boğulacaq. İran öz xalqına qarşı da terror həyata keçirir, yüzlərlə günahsız insanı edam etdirir, dinc nümayişçiləri məhv edir. Belə bir anlayışı daşıyan rejimin özünün gələcəyi şübhə altındadır. Bu baxımdan da bizə qarşı verilən açıqlamaların mənası yoxdur. Mövqeyimiz və bizə qarşı həyata keçirilən bu proseslərə də münasibətimiz bəllidir.

- İranın öz paytaxtında və digər ölkələrdə fəaliyyət göstərən səfirliklərə qarşı terroru dəstəkləməsi “ənənəyə” çevrilib. Tehranda ABŞ səfirliyinə hücum məşhur tarixi hadisədir. Bir iranşünas kimi bu “ənənə”ni necə şərh edərdiniz?

- Terror yalnız Azərbaycana qarşı deyil, bunu bütün ölkələrə qarşı tətbiq ediblər. Burada təəccüblü heç nə yoxdur. Çalışmalıyıq ki, bunun cavabını diplomatik və başqa vaxt siyasi vasitələrlə verək.

- Bir sıra analitiklərin fikrincə, Tehrandakı səfirliyimizə edilən terror hücumu həm də İranın öz daxili problemlərindən xalqın diqqətini yayındırmaq üçün “yeni düşmən obrazı”na ehtiyac duyması bağlıdır. İranın təbliğat vasitələrində Azərbaycanın düşmənləşdirilməsi tendensiyası necə həyata keçirilir?

- Əsas məsələ elə odur, İran özünə olan münasibəti gizlətmək üçün bu addımı atır.

- Azərbaycan və İsrail arasındakı münasibətlərin İranın rəsmi dairələri tərəfindən, yumşaq desək, qısqanclıqla qarşılanması məlumdur. “Sionizm” Tehran propoqandistlərinin Azərbaycana qarşı ən sevimli ittihamıdır. Əsas gətirilən dini amilləri bir kənara qoysaq, İsraildən qat-qat böyük əraziyə və qat-qat çox əhaliyə malik İranın İsraildən bu qədər çox qorxmasının səbəbi nədir?

- Onları hakimiyyətə gətirən bu gün guya qarşı çıxdıqları sionistlərdir. Özləri sionistlərlə gizli əlaqələr saxlayırlar. Onlar müsəlman dövləti deyil. Müsəlmansansa, müsəlmanların qətliamını törədən ermənilərlə hansı münasibətin ola bilər?! İran haradan müsəlman dövləti oldu? İran əvvəlcə müsəlman olsun, sonra sionistləri ittiham eləsin. İran ermənilərin marağına xidmət edən ermənifason dövlətdir. Ermənilərin marağına xidmət edən bir anlayışa sahib dövlət necə başqa müsəlman dövlətini ittiham edə bilər?

- Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktından sonra cəmiyyətimizdə gözlənti vardı ki, Güney Azərbaycanda bu mənfur olaya qarşı kütləvi etiraz aksiyaları başlayacaq. Ancaq belə bir aksiyalara şahid olmadıq. Nədən?

- Kimdə var idi? Bu düşüncə savadsız kütlələrdə var idi. Biz özümüzdən uydurmuşuq ki, orada böyük bir hərəkat, canlanma və s. var. Belə bir şeylər bizim bir sıra siyasətdən başı çıxmayan adamların uydurduğu şeylərdir. Ortada elə bir şey yoxdur axı. Daha əvvəldən də olmamışdı. Orada bu cəhalətin başında duranların çoxu elə azərbaycanlılardır. Milli qüvvələrin sayı elə də çox deyil. Ona görə də buna ümid edib, illüziya yaratmaq doğru deyil. Sağlam düşüncəli, rejimə qarşı olan azərbaycanlıların çoxu xaricdədir. Oradan da mübarizə aparırlar, amma daxildə çoxluq rejimin dəstəkvericisidir. Bu baxımdan da orada hansısa hərəkatın qalxmasını proqnozlaşdıranlar desinlər görək hansı hərəkat qalxmalıdır orada? Özümüzdə qurduğumuz illuziyalar bəzən özümüzü aldadır. Biz Azərbaycan dövlətinin hüdudları daxilində bu proseslərin tənzimlənməsinə üstünlük verməliyik, orada olan soydaşlarımızın problemlərini gündəmə gətirməliyik. Amma bu orada hansısa canlanma, hərəkat deyilən bir məsələ müşahidə olunmur. Bu da bizim gözlədiyimiz bir şeydir.

- İran İslam Respublikasının tarix səhnəsində duruş gətirə bilməyəcəyi artıq rasional düşünən hər kəsə aydındır. İslam Respublikasının likvidasiyası ilə bağlı iki əsas ehtimal var. Birinci ehtimala görə, İran kollektiv Qərbin hərbi güc tətbiqi ilə sıradan çıxarılacaq. İkinci proqnoz isə belədir ki, “kollektiv Qərb”, necə deyərlər, qalanı içəridən fəth etməyə maraqlıdır və teokratiyanın məsələsini daxili qüvvələrin hesabına həll edəcək. Siz necə düşünürsünüz?

- Qərb İranın mövcudluğuna maraqlıdır, parçalanmasını da istəmir. Qərbdə istənilən yanızca İranda rejimin yumşalmasıdır. Bu rejimlə qərbin heç bir problemi yoxdur. Hətta bu bölgədə balans yaratmaq üçün Qərbin özünün qurduğu rejimdir. Adı molladır, bəs bunların pulları hardandır? Hamısı qərb ölkələrindəndir. Ona görə də onların Qərblə bir problemi yoxdur. Qərb sadəcə bunların nüvə silahı əldə etmək perspektivinə qarşı vuruşur. Buna görə də bunların hansısa bir şəkildə Qərblə toqquşması reallığı yoxdur.

- Fərz edək ki, İranda teokratiya devrilib və 1917-ci ildəki fevral inqilabından sonra Rusiyada olduğu kimi, müvəqqəti hökumət qurulub. Güney Azərbaycan bu hökuməti tanımalıdırmı və tanıyacaqmı?

- Güney Azərbaycanda ictimai şüur səviyyəsi bizim arzuladığı səviyyədə deyil. Bizdə daha çox Güney Azərbaycan mifi formalaşdırılıb. Güney Azərbaycanda yetişən çox sayda vətənpərvər insanlar var. Amma nə böyük təşkilat, nə bu prosesi apara biləcək kütləvi hərəkat var. Belə bir vəziyyətdə İranın daxilində demokratikləşmə məsələsi bizim tərəfimizdən daha çox aktuallaşdırılmalıdır, bunun üzərində müzakirələr aparılmalıdır. Çünki tarixə boylansaq, tarix bizə səhv oxudulub, yanlışdır. Savadsız tarixçilər ağıllarına gələn nəticəni çıxarıblar ki, sanki orada böyük milli hərəkat vəya başqa məsələlər olub. Milli Hərəkat ancaq Azərbaycanın şimalında olub, onunla da milli dövlət qurmuşuq. Milli Hərəkat olsaydı, o boyda çoxluq çoxdan müstəqil dövlət qurmazdımı? Orada məzhəbçi-dini hərəkat olub. Onun da nəticələr ortadadır. Elə İran inqilabının əsas mənbəyi Təbriz idi. İran inqilabı harada baş verib? Şaha ən böyük zərbələr endirilib? Təbrizdə! Bütün o gerilikçi, mühafizəkar, molla zehniyyətinin daşıyıcıları Azərbaycan əyalətlərində olub tarix boyu. Ona görə də özümüzü aldatmayaq. Təbii ki, bizim soydaşlarımız var, biz sağlam milli şüura sahib soydaş axtarışına çıxsaq, çox da böyük bir kütlə əldə etməyəcəyik. Ona görə də biz planlarımızı daha çox öz dövlətimizin maraqları üzərindən qurmalıyıq. Hər halda kimlər bu hərəkatda olacaqsa, onlar da qazanacaqlar, hansısa uğur əldə edəcəklər. Ona görə də indidən bunu proqnozlaşdırmaq mümkün deyil.

Rəşid QARAYEV,

AzNews.az