- Cənab İbrahimov, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu. Azərbaycan rəsmi səviyyədə olayı terror aktı kimi qiymətləndirdi. Ancaq İran hər vəchlə hücumun terror aktı yox, məişət hadisəsi olmasını iddia edir. İran nədən terror aktını araşdırmaq, terrorçuları üzə çıxarmaq və cəzalandırmaq əvəzinə məsələni ört-basdır etməyə çalışır?
- Təkcə Azərbaycan deyil, Azərbaycana həm başsağlığı verən, həm də Azərbaycanın yanında olduğunu ifadə edən bütün dövlətlər bu hadisəni terror hadisəsi kimi qiymətləndirirlər. Həqiqətən də biz hadisənin başvermə trayektoriyasını nəzərdən keçirdikdə bu hadisəni terror hərəkatı kimi qiymətləndirməkdən başqa yol yoxdur və bu hərəkətin başqa adı da yoxdur. Ona görə ki, hücum olacağı ilə bağlı Tehrandakı səfirliyimizə təhdidlər gəlməsi barədə İran dövlətinə dəfələrlə xəbərdarlıq edilib. Lakin bu xəbərdarlıqlar heç bir nəticə verməmiş, səfirliyin ciddi şəkildə qorunması haqqında ciddi tədbir görülməmişdi. Bu və ya digər toplanmı sübutlar və bundan sonralar təqdim ediləcək sübutlar bu hadisənin məhz terror aktı olmağı fikrinə gəlməyə şərait yaradır. Nə üçün İran tərəfi bunu terror hərəkatı kimi qiymtləndirmir? Çünki bu terror aktını İran xüsusi xidmət orqanları özü törədib. SEPAH və digər qurumlar bu terror hərəkatına uzun müddət hazırlaşıblar. Bu sadə terror hərəkatı deyil, bu dövlət terroru hərəkatıdır. Təbii ki, İran bunu qəbul etmək istəmir və istəməyəcək. Ona görə də müxtəlif bəhanələrlə bu hadisəni gah məişət hadisəsi qiymətləndirir, sonra isə val dəyişildi və terrorçunu psixi xəstə kimi psixoloji xəstəxanaya yerləşdirildi. Təbii ki, İran bu hadisəni terror hadisəsi kimi qiymətləndirilməsində maraqlı deyil. Bunu məişət cinayəti vəya psixi xəstə tərəfindən törədilməsi kimi qələmə verməyə çalışır. Bu həm beynəlxalq qınaqdan, həm də terror dövləti kimi tanınmaqdan qorunmaq məqsədilə həyata keçirilir.
- Mediada yayılan son məlumata görə, İranın hüquq-mühafizə orqanları əvvəlcə səfirlikdə arvadını axtardığını iddia etdikləri terrorçu Yasin Hüseynzadəni “psixi xəstə” çıxartmaqla məsuliyyətdən yayındırmağa çalışır. Bu, bir daha onu göstərmirmi ki, Hüseynzadə İranın xüsusi xidmət orqanlarının nəzaətində olub və indi müvafiq qurumlar öz agentlərini qoruyurlar?
- İranda baş vermiş terror hadisəsini törədən Hüseynzadənin İran xüsusi xidmət orqanları ilə əlaqəsi olması haqqında məlumatlar gəlir və sadəcə məlumat deyil. Artıq təsdiqini tapmışdır. Yasin Hüseynzadə uzun müddət SEPAH-la münasibətdə olub. Onun özünü hərbçi kimi aparması, o şəkildə davranması, silah əldə etməsi, ətrafdakıların hadisəyə müdaxilə etməməsi göstərir ki, həqiqətən də İran xüsusi xidmət orqanlarının əməkdaşıdır. Təbii ki, İran xüsusi xidmət orqanları sona qədər öz əməkdaşını qorumaqda maraqlı olacaq. Qeyd etdiyimiz kimi, qorumaq formasından biri də psixi xəstəxanaya yerləşdirməkdir.
- Terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Ancaq Təbrizdəki konsulluğun fəaliyyəti qismən saxlanıldı. Bununla ölkələr arasındakı diplomatik münasibətlər minimuma enmiş oldu. Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, İran terror aktının obyektiv istintaqının aparılması üçün real işlər görmür. Sizcə, İranın ərazisindəki diplomatik missiyaların təhlükəsizliyinə cavabdehliyini şərtləndirən Vyana konvensiyasına zidd davranışları beynəlxalq müstəvidə hansı nəticələr doğuracaq?
- Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı və Təbrizdəki konsulluğunun fəaliyyətini də minimuma endirdi. Mən hesab edirəm ki, bu diplomatik fəaliyyətdə atılan addımlardır. Əgər diplomatlar özlərinə qarşı təhlükə hiss edirlərsə, bu addımlar atılır. Azərbaycan Respublikasının da bu addımı atmasının əsas səbəbi öz ölkəsinin diplomatlarına qarşı təhlükə hiss etməsidir. Mən hesab edirəm ki, bu doğru addımdır. Hətta diplomatik münasibətlərdə qarşılıqlı səfirliklərin geri çəkilməsi prosesi də var. Hesab edirəm ki, İranın Azərbaycandak səfirliyinin əməkdaşları da ya Azərbaycandan çıxarılmalı, ya da minimuma endirilməlidir. Yəni bu qarşılıqlı şəkildə olmalıdır.
- İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehrandakı səfirliyə hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Bununla da teror aktından sonra Tehran mediasında Azərbaycana qarşı aparılan təbliğatın İranın rəsmi mövqeyi olması üzə çıxır. Sizcə, bu, İran və Azərbaycan arasında diplomatik münasibətlərin tam qırılma nöqtəsi deyilmi?
- İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Azərbaycana çox tanış olan bir adamdır. Mən onun bir tarixçəsini deyim ki, o bu yaxınlarda Antalyada Azərbaycan Parlamentinin spikeri ilə görüş keçirdi və görüşdən sonra elan etdi ki, Azərbaycana səfər edəcək. Azərbaycan tərəfinə bildirmədən bunu elan etməsindən sonra isə rəsmi Bakı bu səfərin baş tutacağını təsdiq etməyib. Burdan belə çıxır ki, o Azərbaycana gəlmək və danışıqlar aparmaq niyyətində idi, amma Azərbaycan onun danışıqlarını qəbul etmədi. Terror hadisəsindən sonra digər İran rəsmiləri kimi o da bu hadisədən istifadə etdi, Azərbaycanı növbəti dəfə hədələdi. Amma bir məsələni deyim ki, İran rəsmiləri sadəcə hədələməkdə, hədə-qorxu gəlməkdə mahirdirlər. Onlar İranın Yaxın və Orta Şərqdə etdiyi hərəkətlərə qarşı müxtəlif tədbirlər görən və onların həm hərbçiləri, həm də nüvə silahı ilə məşğul olan alimlərini bir-bir aradan götürənləri hədələməklə məşğuldur. Sadə bir misal, üç il bundan əvvəl İraqda öldürülmüş Qasım Süleymaninin qisası hələ də İran tərəfindən alınır və on il də gözləmək lazım olacaq ki alınsın. Bu hədələri təkcə Azərbaycan deyil, dünyanın bütün proqressiv dövlətləri çox eşidib. Bunlar hədədən o yana keçə bilmir. İran hədələrlə deyil öz təhlükəsizliyi ilə məşğul olsa, bu daha ağıllı bir məsələ olardı. Uzağa getmək lazım deyil, təxminən bir neçə gün əvvəl İranın hərbi obyektlərinə endirilmiş dron zərbələrindən sonra da təhdidlər səsləndirir.
QEYD: Müsahibə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
.png)
Rəşid QARAYEV,
AzNews.az