Vasif Tağıyevlə bağlı ilginc məqam: 4 general-polkovnikdən sonra...

3 Fevral 2023 20:29 (UTC+04:00)

"Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir".

Bu barədə ictimai fəal Sənan Nəcəfov öz Facebook profilində yazıb: "Əvvəlki 4 medal general-polkovnik rütbəsində olan şəxslərə verilib".

Sənan Nəcəfov bildirib ki, 2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.

"Rəşadət" ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunur:
- Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
- Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
"Rəşadət" ordeninin üç dərəcəsi var. "Rəşadət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Qeyd edək ki, terror basqını zamanı Vasif Tağıyevin davranışları beynəlxalq səviyyədə reaksiya doğurub, onun terrorçunu zərərsizləşdirməsi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilib.

AzNews.az