"Əvvəl tarixi öyrənmək, sonra isə yazmaq lazımdır" - Cəmil Həsənlinin Taleh Şahsuvarlıya cavabı

4 Fevral 2023 20:03 (UTC+04:00)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Taleh Şahsuvarlı “Aznews.az” syatında Məhəmməd Əmin Rəsulzadənin əleyhinə bir yazı yazıb. Adam bu millətin kökünə, milli dəyərlərinə balta çalmağa girişib. Rəsulzadəni və Müsavat partiyasını aşağılamaq üçün faktlar təhrif edib, bilmədiyi şeylərə girişib, böhtançılığa yol verib. Cümhuriyyət liderlərini qarşı-qarşıya qoymaqla Məmməd Əmin bəyin parlaq şəəxsiyyətinə kölgə salmağa cəhd gözrərib. Özü də Rəsulzadənin doğum günündə - yanvar ayının 31-də.

Adam iddia edir ki, ikinci rus inqilabı dövründə “Müsavat Partiyası əsasən bir çox keçmiş “Hümmət”çinin siyasi dərnəyi halından qabağa getməmiş, Bakı və Bakı ətrafından kənara çıxa bilməmişdi”. Adamın tarixdən xəbəri yoxdur. Adam unudur ki, onun “dərnək” adlandırdığı partiya 1917-ci ilin oktyabr ayında Bakı Sovetinə keçirilən seçkilərdə səslərin 40 faizin almaqla öz əleydarları olan bütün qeyri-müsəlman partiyalarını şoka salmışdı. Adam unudur ki, “Müsavat və partiyasızlar” bloku 1917-ci ilin noyabrında Rusiya Məclisi Müəssisanına keçirilən seçkilərdə gürcü menşeviklərindən sonra Cənubi Qafqazda ən çox səs toplayan partiya olmuşdi. Müsavat partiyasının bu uğurundan bərk narahat olan Stepan Şaumyan Taleh Şahşuvarılıdan fərqli olaraq yazırdı: Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan “Müsavat”, hazırda Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi. (Bax: Шаумян С.Г. Избранные произведения в 2-х томах. Т. 2, Москва: Госполитиздат, 1958,c. 257).

Qafqaz müsəlmanlarının Bakı qurultayı və Rusiya müsəlmanlarının Moskva qurultayı, həmin qurultayda Rəzulzadənin rolu haqqında da Şahsuvarlının yazdığı böhtan xarakteri daşıyır. Adam Rəsulzadə və Müsavat partiyası haqqında məqalə yazır, amma bilmir ki, Bakı qurultayı “Zaqafqaziya Müsəlmanları Qurultayı” deyildi, Qafqaz müsəlmanları qurultayı idi və Zaqafqaziyadan kənar Qafqaz müsəlmanlarının nümayəndələri də bu qurultayda iştirak edirdi. Əlimərdan bəy Topçubaşinin Rəsulzadəyə qarşı qoyaraq Şahsuvarlı yazır: “Doğum tarixi dəqiq olmayan, ancaq Tiflisdə 1863-cü ildə anadan olduğu söylənilən Əlimərdan bəy...” Əgər Şahsuvarlı Əlimərdan bəyin doğum tarixini dəqiq bilmirsə, bu o demək deyil ki, onu şübhə altına almalı və oxucunu çaşdırmalıdır. Əlimərdan bəyin doğum şəhadətnaməsi var və həmin şəhadətnamə Peterburqda yerləşən Rusiya Dövlət Tarix Arxivində saxlanılır, Şəhadətnaməni böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babası, Zaqafqaziya şeyxülislamı Axund Molla Əhməd Hüseynzadə Salyanini yazıb və orada göstərilir: “Bu şəhadətnamə verilir Əlimərdan bəy Topçubaşova ol xüsusda ki, o, podporuçik Ələkbər bəy Topçubaşovun qanuni oğludur, onun şəriətlə nikahda olduğu arvadı Sevər xanımla (Məhəmmədhəsən bəy Vəkilovun qızı) qanuni nikahından tarixi-məsihiyyənin (min) səkkiz yüz altımış üçüncü ilində may ayının dördündə islam dininin Əli məzhəbində təvəllüd tapıbdır”.

Şahsuvarlı Birinci Dövlət Dumasına seçkilərin vaxtını da səhv salır və yazır: “1905-ci ilin dekabrında Bakı və Yelizavetopol quberniyalarında ilk dəfə keçirilən Rusiya Dövlət Dumasına seçkilərdə də Topçubaşov qaliblər sırasındadır”. Birinci Dövlət Dumasına seçkilər 1905-ci ilin dekabrında yox, 1906-cı ilin mayında keçirilib və Əlimərdan bəy də mayın 31-də Duma vəkili seçilib. Daha sonra Şahsuvarlı yazır ki, “ancaq onu demək, həm də qətiyyətlə demək lazımdır ki, 1908-ci ildə Əhməd Ağaoğlu Türkiyəyə köçdükdən sonra “Milli cəbhə”yə liderliyi Topçubaşov edirdi”. Amma Taleh Şahsuvarlı unudur ki, 1908-ci ildə Əlimərdan bəy Peterburqda “Kresti” həbsxanasında həbsdə idi və məhkəmə hökmündə onun siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuşdu. İki il yarım ayrılıqdan sonra Topçubaşi Bakıya yalnız 1909-cu ilin payızında gələ bildi. Ona görə “qətiyyətlə demək lazımdır ki”, müəllif yüngül desək bir az yanlışlığa yol verir. Həm də həmin dövrdə böyük mütəfəkkir Əli bəy Hüseynzadə hələ Bakıda idi və milli ideyanın ağırlıq yükü 1910-cu ilin dekabrına qədər onun üzərinə düşürdü.

Rəsulzadəyə nifrət adamın gözünü elə bağlayıb ki, ağına-bozuna baxmadan iddia edir: “Ümumrusiya Müsəlmanları Qurultayında Məmməd Əmin Rəsulzadənin məruzəsində əks olunan milli federalizm ideyasına verilən 446 səs dəstəyinin əsl sahibi də natiq özü deyil, qurultayı təşkil və idarə edən (bu işdə tək olmasa da) Topçubaşov idi”. Şübhəsiz ki, Topçubaşı qurultayda böyük nüfuz sahibi idi, bu məsələ müzakirə ediləndə qurultayın iclasına da sədrlik edirdi. Amma Şahsuvarlının fikri indiki səsvermələrə getməsin, o zaman nümayəndələr öz fikirlərini və təmsil etdikləri xalqın iradəsini ifadə edirdilər. Əhməd Salikovla mübahisə elə də rahat keçmədi. Qurultayın gedişin və oradakı ideya mübarizəsi Şahsuvarlının bəyənmədiyi “Açıq söz” qəzetində çox geniş verilib. Nümyəndələrin böyük çoxluğu (21 nəfər bitərəf qalmaqla 446 səs (271 səs əleyhinə) Məhəmməd Əmin Rəsulzadənin layihəsinə, 291 sə¬s (422 səs əleyhinə) isə Əhməd Salikovun layihəsinə verildi) Rəsulzadənin lahihəsinə səs verdi və Məmməd Əmin bəy bir siyasi xadim kimi ümumrusiya səhnəsinə çıxdı. Bu böyük qələbədən sonra 1917-ci ilin payızında onu yalnız Cənubi Qafqazdan deyil, Orta Asiyadan – Fərqanə vadisəndən də Rusiya Məclisi Müəssisanına namizəd göstərdilər.

1918-ci ilin “iyun böhranı” Milli Şuranın buraxılmasını da Şahsuvarlı Rəsulzadə ilə Nəsib bəy Usubbəyli arasında ziddiyyət kimi təqdim etməyə çalışır. Əlbəttə ki, bu belə deyildi. Məhz türk komandanlığının təkidi ilə Milli Şura növbəti seçkilərə qədər hakimiyyəti Fətəli xan başda olmaqla hökumətə təslim edib (heç kimə güzəştə getməmək şərti ilə) özünü buraxmışdı və elə 17 iyun iclasında Rəsulzadə parlaq nitq söyləmişdi, məhz bu nitq Azərbaycan Cümhuriyyətinin varlığını xilas etmişdi.

Şahsuvarlı daha “qabağa” gedərək yazır ki, “Məmməd Əmin Rəsulzadəni “istiqlal ideoloqu” və “AXC-nin banisi” kimi təqdim edənlərin heç bir ağlabatan cavabı yoxdur”. Əvvəlla ağalabatan cavabı hələ 1918-ci ilin noyabr ayının 10-da rəsmi dövlət qəzeti olan “Azərbaycan” verib və həmin “Azərbaycan” nə bugünkü “Azərbaycan”ın, nə də Şahsuvarlının başını girlədiyi “Aznews.az”ın tayı deyildi. Yazının müəllifi də Taleh Şahsuvarlı yox, milli mətbuatın ən parlaq qələm sahibi, 1938-ci ildə Nargin adasında güllələnən Xəlil İbrahim idi. Xəlil İbrahim yazırdı: “Cahan müharibəsi ibtidasında [başlanğıcında] Bakıya qayıdaraq ixtiyarı əldən alınmış olduğu halda məhəlli [yerli] qəzetǝlər başında duraraq “Türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı ilə “Açıq söz” bayrağını qaldıraraq, milləti bugünkü işıq tərəfinə dəvətə başlamışdır. Axirüləmr [nǝhayǝt; sonda] Rusiya inqilabı başlanması ilə artıq meydanı açıq görərək, Azərbaycan muxtariyyəti şüarını meydana ataraq, məzkur [deyilǝn] şüarla işləyən Gəncə firqəsi ilə birləşib, son il yarım vaxtını ancaq bu fikrə təxsis etmişdir [ayırmışdır]. Bu uğurda Məhəmmədəmin həzrətləri vəfat edən övladına təziyə saxlamağa macal tapmaz bir dərəcədə fədakarlıqla çalışmış və nəhayət, məqsədinə nail olaraq, Azərbaycan Cümhuriyyəti elan edilmişdir”.

Daha sonra Şahsuvarlı iddia edir ki, “1903-cü ildən 28 may 1918-ci ilə qədər olan müddətdə heç bir kütləvi çıxışında, məqaləsində və rəsmi siyasi platformasında “Əqdnamə”də əks olunan sayaq Azərbaycanın müstəqilliyindən danışmayıb”. Get “Dirilik” jurnalında dərc edilən “Milli dirilik” silsiləsini oxu, “Açıq söz”ü vərəqlə Şahsuvarlı, bilmədiyin məsələdən danışma. Yəqin onun xəbəri yoxdur ki, "Əqdnamə"ni elə Rəsulzadə yazıb əlyazma formada Batumdan Tiflisə göndərmişdi.

Rəsulzadəni İstanbul konfransına hökumət ezam etmişdi və orada da ölkənin və millətin maraqlarını ifadə edirdi, İstanbulda Bakının taleyini həllə edirdi. Sentyabrın 1-də (1918-ci il) Azərbaycan hökumətinə göndərdiyi həyəcanlı teleqramda yazırdı: “Bakı məsələsi, ancaq qüvvədən asılıdır. Əgər Bakı alınmasa hər şey bitdi. Əlvida, Azərbaycan...Bu vəzifəni yerinə yetirmək üçün biz qabaqcadan ordunu hazırlamalıyıq. Bu məsələ ilə bağlı Türkiyədə ictimai rəy və siyasi dairələr son həddə qədər narahatdır... Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır”. Rəsulzadə İstanbula Bakının qurtuluşuna dəstək almaq üçün getmişdi.

Rəsulzadəyə və Milli Şuraya nifrət adamın gözünü elə örtüb ki, dediyi sözün fərqində deyil və “təntənəli” şəkildə bəyan edir ki, “üstündən “ustalıqla” xətt çəkilən institut budur- Zaqafqaziya Müsəlman Federasiyası!”. Yəni doğrudanmı Rəsulzadə və silahdaşları unitar Azərbaycan dövləti yox, “Zaqafqaziya Müsəlman Federasiyası” qurub vətəni param-parça etməli, məmləkətin birliyinin və bütövlüyünün altına mina yerləşdirməli idilər. Bəla birasındadır ki, bu zərərli ideyanı “Aznews.az” ağına-bozuna baxmadan dərc edib.

Nə isə, Taleh Şahsuvarlının bu talesiz yazısının bir salamat yeri yoxdur. Sovet hökuməti 70 il Rəsulzadəyə qarşı öz gücü, öz “qüdrəti”, öz ideologiyası ilə mübarizə aparıb nə etdi ki, indi Şahsuvarlı nə etsin? Rəsulzadənin siyasi və mənəvi ömrü ona qarşı mübarizə aparanlardan uzun oldu. Ona qarşı mübarizə aparanların adı indi heç yerdə anılmır. Rəsulzadə isə diridir, öz diriliyi ilə milləti də diri saxlayan, hətta bugünkü dirilərdən də diri bir liderdir, qurucu babadır, milli dirilik fəlsəfəsinin banisidir, Azərbaycan Cümhuriyyətinin memarıdır. Ona qarşı söz demək şahsuvarlıların bacardığı bir iş deyil. Əvvəl tarixi öyrənmək, sonra isə yazmaq lazımdır.

Professor Cəmil HƏSƏNLİ