Həqiqətin dadı və ləzzəti var, Cəmil Həsənli! -ELMƏ YARAŞMAYAN SPEKULYASİYALARA CAVAB

5 Fevral 2023 08:00 (UTC+04:00)

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin Məmməd Əmin Rəsulzadə haqqında yazdığım iki məqaləyə yumşaq desək, hikkəli cavabını gülərək oxudum. Nə zamansa ciddiyə alınmış bir tədqiqatçının konyukturaya boyun əyməsinin, tarix uydurmaçılığının, məqalə saxtakarlığının qısa xülasəsi idi. İlk növbədə üslubu elmi deyildi. Opponentlik etdiyi müəllifi aşağılamağa və “bisavad” çıxarmağa yönəlmiş tipik cığal, “saqqallı uşaq” fəndləri idi. Bu cür fəndgirlərlə qarşılaşacağımı təxmin edəcək qədər təcrübəm var, Allaha şükür!

Ümumiyyətlə, böyük ehtiram bəslədiyim və Xalq Cümhuriyyətinin qurucularından biri olaraq sayğı duyduğum M.Ə. Rəsulzadənin fəaliyyətinə siyasi təbliğatçı gözlüyündən baxmaq totalitar rejimdən çıxmış bir cəmiyyətin natamamlıq kompleksinə xitab etdiyindən bir çoxlarına şan-şöhrət gətirib. Çox təəssüf ki, Azərbaycanda uzun illər ərzində xeyli alim, tarixçi, tədqiqatçı adına iddia edən şəxs məhz bu “siyasi kapital” naminə Azərbaycan milli istiqlal tarixini təhrif edib. Elmi titul arxasında gizlənən bu cür akademik yanşaqlar çağdaş dövlətimizin bünövrəsi olan Xalq Cümhuriyyətinin qurulmasını ictimai fikir müəssisəsinin nailiyyəti hesab etmək əvəzinə, elə Məmməd Əmin Rəsulzadənin özünün də qarşı çıxdığı sayaq, bir şəxsin “mübarizəsinin nəticəsi” kimi təqdim etməklə tarixin bir elm kimi bütün prinsip və metodlarını heçə sayıblar.

Budur, Cəmil Həsənli yazır: “Adam bu millətin kökünə, milli dəyərlərinə balta çalmağa girişib. Rəsulzadəni və Müsavat partiyasını aşağılamaq üçün faktlar təhrif edib, bilmədiyi şeylərə girişib, böhtançılığa yol verib. Cümhuriyyət liderlərini qarşı-qarşıya qoymaqla Məmməd Əmin bəyin parlaq şəxsiyyətinə kölgə salmağa cəhd gözrərib. Özü də Rəsulzadənin doğum günündə - yanvar ayının 31-də”.

Cənab Həsənli, mən həm ata, həm də ana tərəfdən yeddi arxa dönənimlə Azərbaycan türküyəm. Öz milli kökümü baltalamaq niyyətim yoxdur və ola da bilməz. Tam əksinə, mənsub olduğum millətin və xalqın tarix şüurunun doğru paradiqmalar üzərində qurulmasına çalışıram ki, gələcəyimizi düzgün modelləşdirək. Əks halda, toplum olaraq sizin kimi anti-milli şura sədrlərinin tələsinə düşə bilərik. Mənsub olduğum Türk millətinin və Azərbaycan xalqının öz kökünə, fəlsəfəsinə və çoxəsrlik mübarizə ilə qurduğu dövlətinə sahib çıxması uğrunda çalışdığımı nə sizə, nə də bir başqasına sübut etməyə ehtiyac duymuram. Fəqət siz bu yaşınızda hələ də özünüzü təsdiq və isbat etmək istəyirsiniz. Öz işinizdir. Mən səmimi olaraq onu anlaya bilmirəm ki, tarixi şəxsiyyətləri, ümumiyyətlə, necə qarşı-qarşıya qoymaq olar? Tarix elə şəxsiyyətlərin qarşı-qarşıya gəlməsindən, bəzən savaşmasından, bəzən ittifaq bağlamasından ibarət deyilmi? Lütfən bir də mənə cavab yazası olsanız, artıq dərəcədə xahiş edirəm, yığışdırın pafosu... Əgər mən ötən əsrin 18-ci ilində qazandığımız tarixi istiqlalda Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazımbəyin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Cəlil Məmməduluzadənin, Üzeyir Hacıbəyovun, Ələkbər bəy Rəfbəylinin, Əlimərdan bəy Topçubaşovun, Hacı Zeynalabdin Tağıyevin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin rolunu obyektiv qiymətləndirməyə çalışıramsa, “Romanın haqqını Romaya, Sezarın haqqını Sezara” deyə qurucu babalarımızın heç birinin haqqına girmək istəmirəmsə, sizin uydurma tarixinizə qarşı konkret və təkzib olunmaz faktlarla çıxış edirəmsə, bundan bizim şanlı əcdadlarımız ruhu və müasirlərimizin qəlbi niyə narahat olmalıdır?

Yazırsınız: “Adam iddia edir ki, ikinci rus inqilabı dövründə “Müsavat Partiyası əsasən bir çox keçmiş “Hümmət”çinin siyasi dərnəyi halından qabağa getməmiş, Bakı və Bakı ətrafından kənara çıxa bilməmişdi”. Adamın tarixdən xəbəri yoxdur. Adam unudur ki, onun “dərnək” adlandırdığı partiya 1917-ci ilin oktyabr ayında Bakı Sovetinə keçirilən seçkilərdə səslərin 40 faizin almaqla öz əleydarları olan bütün qeyri-müsəlman partiyalarını şoka salmışdı. Adam unudur ki, “Müsavat və partiyasızlar” bloku 1917-ci ilin noyabrında Rusiya Məclisi Müəssisanına keçirilən seçkilərdə gürcü menşeviklərindən sonra Cənubi Qafqazda ən çox səs toplayan partiya olmuşdi. Müsavat partiyasının bu uğurundan bərk narahat olan Stepan Şaumyan Taleh Şahşuvarılıdan fərqli olaraq yazırdı: Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan “Müsavat”, hazırda Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi.

Mənim yazdığım cümlə eynilə belədir:

“1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabınadək nə Müsavatdan ciddi bir siyasi təşkilat, nə də Rəsulzadədən parlaq bir siyasi lider kimi bəhs etmək mümkündür. “Açıq söz” qəzeti və Müsavat partiyası bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uğrunda fəaliyyət göstərməyib. Müsavat Partiyası əsasən bir çox keçmiş “Hümmət”çinin siyasi dərnəyi halından qabağa getməmiş, Bakı və Bakı ətrafından kənara çıxa bilməmişdi”.

Əminəm ki, diqqətli oxucular söhbəti tutdu. Mən Müsavat Partiyası yaranandan Rusiyada burjua inqilabının baş verdiyi 1917-ci ilin fevralına qədər olan müddətdən bəhs edirəm. Cəmil Həsənli isə tezisimizi “fevral inqilabı dövrü”nə itələyərək Rusiyada Müvəqqəti Hökumətin zamanında baş verənlərdən arqument kimi yapışır. O, bax, bu hiyləgər və riyakar fəndlə mənim bəhs etdiyim dövrün üstündən keçir, xronoloji ardıcıllığı qəsdən pozur, tarixi saxtalaşdırır, faktları təhrif edir, böhtan atır, sonra da öz adını mənə qoyur. Onun dəlil kimi təqdim etdiyi bütün faktlar fevral inqilabından sonra baş verib, fevral inqilabına qədər deyil. Müsavat Partiyasının məhz Nəsib bəy Yusifbəylinin sədri olduğu TFP ilə birləşəndən sonra ümummili miqyasda siyasi təşkilata çevrildiyini, seçkilərdə yaxşı səs aldığını etiraf etməyən heç bir ciddi tarixçi tanımıram. Sadəcə, Həsənli 1917-ci ilin fevral ayında Rusiyada baş verən burjua inqilabına qədər Müsavat partiyasının Bakı və Bakı ətrafı kəndlərdən qırağa çıxmayan bir dərnək olduğunu təkzib edə bilmədiyi üçün bu cür rəzil üsula əl atır.

Müəllif yazır: “Qafqaz müsəlmanlarının Bakı qurultayı və Rusiya müsəlmanlarının Moskva qurultayı, həmin qurultayda Rəzulzadənin rolu haqqında da Şahsuvarlının yazdığı böhtan xarakteri daşıyır”.

Məqalədə yazmışam:

“Zaqafqaziya Müsəlmanları Qurultayında Məmməd Əmin Rəsulzadə xüsusi məruzə ilə çıxış etdi. Onun məruzəsi ilk müəlliflərindən olmadığı milli federalizm ideyasını əsaslandırmağa həsr olunmuşdu. Beləliklə məlum oldu ki, Rəsulzadənin şəxsi siyasi mövqeyi (çünki bu dövrdə “Müsavat” qurultayını keçirməmiş, milli federalizm konsepsiyasını rəsmən qəbul etməmişdi) Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi TFP-nin siyasi proqramı ilə uyğunluq təşkil edir. Nəticədə TFP ilə Müsavatın birləşməsi məsələsi gündəmə gəldi”.

Eyy Zaqafqaziya, pardon, Qafqaz müsəlmanları, Allah xatirinə deyin, bu abzasda böhtan olan nədir?

Məmməd Əmin bəy qurultayda etdiyi məruzədə federalizm ideyasına toxunmayıbmı? Yoxsa bu qurultaydan öncəki illərdə Müsavat Partiyası federalizmi proqram məqsədi elan etmişdi, mənim xəbərim yoxdur? Bəlkə Nəsib bəyin yaratmış olduğu TFP müsəlman qurultayından sonra heç Müsavatla birləşməyib?

Spekulyasiya üzrə professorumuz məqaləsində deyir: “Əlimərdan bəy Topçubaşinin Rəsulzadəyə qarşı qoyaraq Şahsuvarlı yazır: “Doğum tarixi dəqiq olmayan, ancaq Tiflisdə 1863-cü ildə anadan olduğu söylənilən Əlimərdan bəy...” Əgər Şahsuvarlı Əlimərdan bəyin doğum tarixini dəqiq bilmirsə, bu o demək deyil ki, onu şübhə altına almalı və oxucunu çaşdırmalıdır. Əlimərdan bəyin doğum şəhadətnaməsi var və həmin şəhadətnamə Peterburqda yerləşən Rusiya Dövlət Tarix Arxivində saxlanılır, Şəhadətnaməni böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babası, Zaqafqaziya şeyxülislamı Axund Molla Əhməd Hüseynzadə Salyanini yazıb və orada göstərilir: “Bu şəhadətnamə verilir Əlimərdan bəy Topçubaşova ol xüsusda ki, o, podporuçik Ələkbər bəy Topçubaşovun qanuni oğludur, onun şəriətlə nikahda olduğu arvadı Sevər xanımla (Məhəmmədhəsən bəy Vəkilovun qızı) qanuni nikahından tarixi-məsihiyyənin (min) səkkiz yüz altımış üçüncü ilində may ayının dördündə islam dininin Əli məzhəbində təvəllüd tapıbdır”.

Həsənli həzrətləri burada nəyə və niyə etiraz edir, deyəsən, özü də bilmir. Əvvəla, göründüyü kimi, mən də elə Əlimardan bəy Topçubaşovun doğum tarixinin 1863-cü il olduğunu yazmışam. Siz də razılaşarsınız ki, populyar elmi məqalədə bütün detallara girmək mümkün deyil və bu cəhd istənilən müəllifi mövzudan kənarlaşdırır. Ancaq gəlin Cəmil Həsənlinin müəllifi olduğu “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” adlı kitaba nəzərə salaq:

“Böyük bir mübarizə yolu keçmiş Əlimərdan bəy nə vaxt doğulmuşdur? Onun şəxsiyyətinə maraq göstərən müəlliflər bir-birindən fərqlənən müxtəlif mülahizələr səsləndirirlər, haqqında yazılan tarixi ədəbiyyatda isə müxtəlif doğum illəri göstərilir”.

Cəmil Həsənlinin öz kitabını özünə təzədən oxudacaq deyiləm. Ancaq elə sözügedən tədqiqatda da Əlimərdan bəyin doğum tarixi haqqında müxtəlif illərin- 1859, 1862, 1865- göstərildiyindən bəhs olunur.

Ona sual edirəm: Topçubaşovun doğum tarixi haqqında bir neçə iddia olduğunu bilə-bilə, onun təvəllüdü ilə bağlı fərqli versiyaların olduğuna işarə etməyimi, ancaq elə sizin də məqalənizdə və kitabınızda üzərinizdə dayandığınız sənəni əsas götürməyimi öz aləminizdə məni mövzudan bixəbər çıxartmaq üçün bir elm adamına əsla yaraşmayacaq şəkildə manipulyasiya etməyinizə görə heç yazdığınız kitabdan utanırsınız?

Həsənlinin müəllifi olduğum araşdırmaya tutduğu başqa bir “irad”:

“Birinci Dövlət Dumasına seçkilər 1905-ci ilin dekabrında yox, 1906-cı ilin mayında keçirilib və Əlimərdan bəy də mayın 31-də Duma vəkili seçilib”.

Qərəz girdabında çabalayan Həsənli məsələnin dəqiq təsvirindən yayınır. Birinci Dövlət Dumasına seçkilər onun iddia etdiyi sayaq mayda keçirilməyib. 11 dekabr 1905-ci ildə çar II Nikolay Dumaya seçkilərin keçirilməsi ilə bağlı fərman verib. Səsvermə fevral-mart aylarında keçirilib. 27 aprel 1906-cı ildə Duma öz işinə başlayıb. Bakı, Yelizavetopol, İrəvan, Tiflis quberniyalarında səsvermə Duma fəaliyyətə başlayandan sonra keçirilib. Ancaq seçki kampaniyası bir başqa şeydir, səsvermə bir başqa. Duma seçkiləri 1905-ci ilin dekabrından başlayıb və mən də seçkilərə start verildiyi tarixi qeyd eləmişəm. “Birinci Dövlət Dumasına seçkilər 1905-ci ilin dekabrında yox, 1906-cı ilin mayında keçirilib” demək daha kobud səhvdir, nəinki səsverməni deyil, seçkilərin start verildiyi tarixi əsas götürmək. Ancaq bu, hər iki halda texniki məsələdir və bunu Cəmil Həsənlinin Dumaya səsvermənin keçirildiyi tarixi bilməməsi kimi qarşılamır və onun səviyyəsinə enərək kifayət qədər ciddi mətləblərdən uzaqlaşmaq istəmirəm.

Qəzəbli tarixçinin başqa bir iradı da bu qəbildəndir. O, “ancaq onu demək, həm də qətiyyətlə demək lazımdır ki, 1908-ci ildə Əhməd Ağaoğlu Türkiyəyə köçdükdən sonra “Milli cəbhə”yə liderliyi Topçubaşov edirdi” cümləmə də “ilişir”: Amma Taleh Şahsuvarlı unudur ki, 1908-ci ildə Əlimərdan bəy Peterburqda “Kresti” həbsxanasında həbsdə idi”.

Məncə, burada istənilən obyektiv oxucu fərqindədir ki, söhbət Əhməd bəy Ağaoğlunun 1908-ci ildə Türkiyəyə köçməsindən gedir. 1905-ci ildə başlayan erməni-müsəlman davasında “Difai” dəstələrinə rəhbərlik etmiş Ağoğlu Türkiyəyə köçdükdən sonra Topçubaşov meydanda əsas toparlayıcı fiqur olaraq qalmışdı. Əli bəy Hüseynzadə ədəbi dillə bağlı mübahisələrdə tutduğu mövqeyə görə kəskin tənqid olunurdu.

Cəmil Həsənli daha sonra bildirir:

“Şübhəsiz ki, Topçubaşı qurultayda böyük nüfuz sahibi idi, bu məsələ müzakirə ediləndə qurultayın iclasına da sədrlik edirdi. Amma Şahsuvarlının fikri indiki səsvermələrə getməsin, o zaman nümayəndələr öz fikirlərini və təmsil etdikləri xalqın iradəsini ifadə edirdilər”.

Bu məsələdə də haqsızdır. Bəli, cənab Həsənli özü də etiraf edir ki, Topçubaşov böyük nüfuz sahibi idi və məsələ müzakirə olunanda qurultaya sədrlik edirdi. Həqiqətən də Salikov və Rəsulzadənin məruzəsi arasında seçim etmək qurultay iştirakçıları üçün asan deyildi. Hər iki məruzəçinin ciddi arqumentləri vardı. Ancaq Rəsulzadənin məruzəsinin qurultay tərəfindən dəstək qazanması üçün Topçubaşov və digər nüfuzlu iştirakçılar mövqe ortaya qoymuşdular. Bunu necə danmaq olar? Ümumiyyətlə, hansı ciddi tarixçi iddia edə bilər ki, Ümumrusiya Müsəlman Qurultayına qədər M. Ə. Rəsulzadə Topçubaşov miqyasında siyasətçi idi? Məhz MQ-dan sonra Rəsulzadə bir siyasətçi kimi öz çapını böyütdü və bunu öz əsərlərində Cəmil Həsənli də vurğulayır. Acınacaqlı hal odur ki, sırf mənə etiraz edə bilmək üçün o, öz tədqiqatlarının belə üstündən xətt çəkir.

Daha bir böhtan: “Milli Şuranın buraxılmasını da Şahsuvarlı Rəsulzadə ilə Nəsib bəy Usubbəyli arasında ziddiyyət kimi təqdim etməyə çalışır. Əlbəttə ki, bu belə deyildi”.

Axı kim deyir ki belə idi?!.

Elə mən də “İyun böhranı”nı qətiyyən Rəsulzadə və Yusufbəyli arasındakı konfliktdən qaynaqlandığını iddia etməmişəm və etmirəm. Məqalədə onu yazmışam ki, “İyun böhranı” zamanı situasiyadan çıxış yolunu Yusifbəyli göstərdi və M.Ə.Rəsulzadənin sədri olduğu Milli Şuranın buraxılmasını təklif etdi. Bu da Yusifbəylinin Rəsulzadəyə “müridim-mürşidüm” münasibətləri çərçivəsində yanaşmadığının çoxsaylı göstəricilərindən biridir. Yusifbəylinin təklifi Milli Şuranın iclas protokollarında mövcuddur. Elə həmin iclasda Rəsulzadənin etdiyi çıxış da protokolda əks olunub. Protokolda birmənalı şəkildə təsdiq olunur ki, Milli Şura Gəncədə buraxıldı. Buraxılmış Milli Şura sədrinin İstanbula ezam olunmasının bir başqa adı da “diplomatik sürgün”dür. Qısacası, bu epizod olduqca açıq və dəqiqdir, məsələni o yana-bu yana çəkməyə yer yoxdur. Elə bu səbəbdən də Həsənli özünü yazdığımı guya fərqli şəkildə qavramış kimi göstərərək açıq-aşkar qərəz nümayiş etdirir.

Davam edək. Opponentim Rəsulzadənin “istiqlal ideoloqu” və AXC-nin banisi kimi təqdim etmək üçün 1918-ci ilin noyabr ayının 10-da rəsmi dövlət qəzeti olan “Azərbaycan”da Xəlil İbrahimin məqaləsini göstərir:

“Cahan müharibəsi ibtidasında [başlanğıcında] Bakıya qayıdaraq ixtiyarı əldən alınmış olduğu halda məhəlli [yerli] qəzetǝlər başında duraraq “Türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı ilə “Açıq söz” bayrağını qaldıraraq, milləti bugünkü işıq tərəfinə dəvətə başlamışdır. Axirüləmr [nǝhayǝt; sonda] Rusiya inqilabı başlanması ilə artıq meydanı açıq görərək, Azərbaycan muxtariyyəti şüarını meydana ataraq, məzkur [deyilǝn] şüarla işləyən Gəncə firqəsi ilə birləşib, son il yarım vaxtını ancaq bu fikrə təxsis etmişdir [ayırmışdır]. Bu uğurda Məhəmmədəmin həzrətləri vəfat edən övladına təziyə saxlamağa macal tapmaz bir dərəcədə fədakarlıqla çalışmış və nəhayət, məqsədinə nail olaraq, Azərbaycan Cümhuriyyəti elan edilmişdir”.

Xətrinizə dəyməsin, Cəmil müəllim, bu yerdə siz artıq psevdo-tarixçinin kvadratı kimi görsənirsiniz.

“Türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı “Açıq söz”dən öncə Əli bəy Hüseynzadənin açıqladığı formul idi. Məqalədə məhz bunu yazmışam. Bir daha təkrar edirəm, “Açıq söz”ün təşviq etdiyi türkçülük Rəsulzadədən fərqli olaraq ictimai fikir müəssisəmiz üçün yeni ideya deyildi. İkincisi, diqqətli oxucu şahiddir ki, elə mən də aşağı-yuxarı Xəlil İbrahimin dediyini deyirəm. Deyirəm ki, çox sevdiyim tarixi şəxsiyyətlərimizdən olan Rəsulzadə fevral inqilabından sonra ərazi muxtariyyəti- federasiya şüarını müdafiə etdi. Fəqət federalizm ideyasının ilk müəllifi Rəsulzadə deyildi. Ondan öncə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi TFP-nin, daha əvvəlki zamanlarda isə “Qeyrət” partiyasının məramı olmuşdu. Yəni, Çar Rusiyası tərkibində Zaqafqaziya tatarlarının federasiya ideyasını ilk dəfə rəsmi partiya mövqeyi kimi “Qeyrət” ifadə etmişdi. Çar Rusiyasının “tatar” hesab etdiyi millətimizi də Rəsulzadədən çox-çox öncə “Kəşkül” qəzeti türk adlandırmışdı.

Üçüncüsü, mən “milli istiqlalçılıq” Rusiya tərkibində federal vahid, ərazi muxtariyyəti deyil, AXC kimi tam müstəqil bir dövlət qurulması hədəfinə deyirəm. Buyurun, Rəsulzadənin AXC-nin Konstitusiya Aktı sayılan “Əqdnamə”də nəzərdə tutulan sayaq milli dövlətdən bəhs edən bir çıxışını, məqaləsini, başçılıq etdiyi partiyanın rəsmi mövqeyini ortaya qoyun! Bəhs etdiyiniz “Dirilik nədir” məqalələr seriyasını dəfələrlə oxumuş, ancaq orada belə bir iddiaya rast gəlməmişəm. Əminəm ki, heç Cəmil Həsənli də rast gəlməyib.

Professor əfəndi daha sonra yazır: “Şahsuvarlı, bilmədiyin məsələdən danışma. Yəqin onun xəbəri yoxdur ki, "Əqdnamə"ni elə Rəsulzadə yazıb əlyazma formada Batumdan Tiflisə göndərmişdi”.

Hanı o əlyazma?

Hanı o əlyazma barədə heç olmazsa, dolayı ipucu?

“Əqdnamə”nin Tiflisdə deyil, Batumda yazıldığını isbat edən bircə dəlil varmı?

Cəmil Həsənli də qarışıq hansı tarixçi nə zaman və hansı mənbəyə əsasən isbat edib ki, Rəsulzadə “Əqdnamə”nin mətnini əlyazma halında Batumdan Nəsib bəy Yusifbəyli vasitəsi ilə göndərmişdi?

Elədirsə, “Əqdnamə”nin müəllifi gerçəkdən Rəsulzadədirsə, nədən özünün imzası bu sənəddə yoxdur?

Fakta və mənbəyə əsaslanmayan istənilən tarix uydurma və cəfəngiyyatdır!

Cəmil Həsənli cəfəngiyyatına davam etməkdən usanmır: “Rəsulzadə İstanbulda Bakının taleyini həll edirdi”.

Məmməd Əmin bəyin AXC nümayəndəsi olaraq Bakının azad olunması ilə bağlı İstanbulda danışıqlar apardığı, oradan AXC hökuməti ilə əlaqə saxlayarkən bu məsələyə toxunduğu doğrudur. Bu barədə internetdə saysız-hesabsız məqalə var və mən bunu hər hansı formada inkar etməmişəm. Zira, Bakının azad olunması Qafqaz İslam Ordusunun əsas tapşırıqlarından biri idi və Nuru paşanın Bakıya doğru hərəkətə keçməsini “Rəsulzadənin müstəsna xidməti” saymaq, yumşaq desək, insafsızlıqdır.

İndi təqdim edəcəyim sitatda isə, Cəmil Həsənlinin spekulyasiya həvəsinə və istedadına heyrət etməmək, sadəcə, cəhənnəmlik günahdır. Həsənli yazır:

“Rəsulzadəyə və Milli Şuraya nifrət adamın gözünü elə örtüb ki, dediyi sözün fərqində deyil və “təntənəli” şəkildə bəyan edir ki, “üstündən “ustalıqla” xətt çəkilən institut budur- Zaqafqaziya Müsəlman Federasiyası!”. Yəni doğrudanmı Rəsulzadə və silahdaşları unitar Azərbaycan dövləti yox, “Zaqafqaziya Müsəlman Federasiyası” qurub vətəni param-parça etməli, məmləkətin birliyinin və bütövlüyünün altına mina yerləşdirməli idilər”.

Müəllifi olduğum məqaləni oxuyan hər kəs çox asanlıqla başa düşür ki, söhbət 28 may 1918-ci ildə AXC-nin əvəzinə Zaqafqaziya Müsəlman Federasiyasının qurulmasından yox, Zaqafqaziya seyminin və federativ respublikasının dağılmasından sonra, Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasından öncə Zaqafqaziya Müsəlman Federasiyasının mövcud olmasından gedir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunmazdan qabaq Zaqafqaziya Müsəlman Federasiyası hüquqi bir müəssisə kimi mövcud idi. Məgər Zaqafqaziya seymi və federativ respublikası üç federasiyanın- gürcü, erməni, müsəlman- ittifaqı şəklində təzahür etməmişdi?

Üzərindən tarixdəkilərin deyil, bir çox "tarixçi"lərin “ustalıqla” xətt çəkdiyi budur!

Göründüyü kimi, nifrətdən gözü tutulan və son dərəcə açıq yazılan bir fikri mətləbindən uzaqlaşdıraraq komplo nəzəriyyələr quran sizsiniz, cənab Həsənli!

Bu qədər özünüzü biabır etməyinizdən sonra məqalənizdəki sonuncu abzasa münasibət bildirməyə gerçəkdən lüzum görmürəm. Ancaq Cəmil Həsənlidən onu rica edirəm ki, statusunun altındakı şərhlərə nəzər salsın və əlini vicdanına qoyub desin: bir elm adamının auditoriyası belə olmalıdırmı? Bu qaragüruhdurmu Rəsulzadənin timsalında Azərbaycan qarşısında böyük xidmətləri olan bir ismin arzuladığı gələcəyin təmsilçiləri? Mən isə öz adımdan onu deyirəm ki, bu gündən sonra 100 il də yaşasınız və dünyanın ən fəxarətli elmi titullarını alsanız belə, Taleh Şahsuvarlı ilə ciddi elmi diskussiya aparmağa həqiqətə olan qeyri-səmimi münasibətiniz və tarixçi kimi obyektivliyə sadiq qala bilməməniz imkan verməyəcək. Sizinlə eyri dəyərləri bölüşən qaragüruh da məhz ictimai yalanların əsəridir. Ancaq Əli bəy Hüseynzadə demiş, həqiqətin də öz dadı və ləzzəti var!

Taleh ŞAHSUVARLI